VƏTƏN FƏDAİSİ NƏRİMAN NƏRİMANOV – 150

774465_394674293955169_1870525474_o (Nəriman Nərimanovun anadan olmasının 150 illiyi münasibətilə…)

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev Azərbaycan ədə­biy­ya­tı­nın və fikir ta­ri­xi­nin qabaqcıl ideyalarla və demokratik fikirlərlə zən­gin­­ləş­mə­sin­də böyük rol oynayan Nəriman Nərimanovun anadan olmasının 150 illiyi ilə bağ­lı Sə­rən­cam im­zalamışdır.

Nə­riman Nərimanovun yaradıcılıq diapozonu çox zəngindir. Nə­riman Nərimanov – ya­­zıçı, Nə­riman Nərimanov – dra­ma­turq, Nə­riman Nərimanov – tərcüməçi, Nə­riman Nə­ri­manov – həkim, Nə­riman Nərimanov – ictimai və dövlət xadimi və s. Ancaq bütün bun­la­ra rəğmən milli pedaqoji fikrin inkişaf tarixini “Nadanlıq” (1893), “Şamdan bəy” (1895), “Nadir şah” (1898), “Bahadır və Sona” (1896-1913), “Pir” (1913) adlı pyesləri, pub­li­sist və elmi mə­­­qalələri ilə milli maraq və görüşləri təkmilləşdirən Nəriman Nərimanovun hə­ya­t yolu­­­na nəzər salan zaman görürük ki, vətən fə­daisi həyat yolunu heç də fərəh dolu ya­şa­ma­mış­­­dır. Qori seminariyasını bi­tir­dik­dən sonra ali təhsil almaq ar­zu­sun­da olsa da 20 ya­şın­da atası Nəcəfi itirməsi arzusunu gö­zün­də qoyur. Nərimanov yazır ki, “Bu vəziyyət mənə güc­lü təsir etdi və mən təhsilimi da­vam etdirmək xəyalı ilə ya­şa­dım. Atamın ölümündən son­ra dolanmaq üçün heç bir şə­raiti olmayan ailəmiz haqqında dü­şünməyə başladım”. 1909-1913-cü illərdə xalq ara­sın­da maarifçi in­qi­lab ideyaları yay­dığına görə 1909-cu il mar­­tın 1-də Tiflisdə həbs edilir. Altı ay Metax qa­lasında qal­dıqdan sonra iki il müddətinə Həş­­tərxana sürgün edi­lir. 1918-ci ildə ağır xəs­təlik ke­çi­rir və Həştərxanda müalicə alır. 19 mart 1925-ci ildə isə Nə­riman Nərimanov müəmmalı şə­kil­də vəfat edir. Ancaq bütün bun­­lara baxmayaraq Nə­ri­manov mənalı, şə­rəf­li ömür yaşamış, ömrünün sonunadək mü­tə­rəq­­qi pedaqoji ideyalar yay­mış, doğma xal­qı­nın maariflənməsi yolunda usanmadan, yo­rul­­madan mübarizə apar­mış­dır.

Azərbaycanın maarif və mədəniyyət tarixinə tanınmış pedaqoq kimi daxil olan Nə­ri­man Nərimanovun müəllimlik fəa­liyyəti fa­si­lə­lər­lə 1890-1902-ci illəri əhatə edir. Bu il­lər ər­zin­də böyük pedaqoq “Kas­pi”, “Tər­cü­man”, “Həblülmətin” kimi jurnal və qə­zet­lər­də çıxış edə­rək müəllim və müəl­lim kadr­ları haqqında, ana dili və onun təd­risi, əqli təh­sil, qa­dın təhsili, tərbiyənin məq­sə­di və rolu haqqında, rus dilinin mil­li mək­təb­lər­də öy­rə­dil­mə­si prob­lem­lə­rin­dən özü­nə­məx­­sus ustalıqla bəhs etmiş, tə­lim və tərbiyəyə aid de­mok­ra­tik maarif­çifi­kir­lə­ri, mü­tə­rəq­­qi pedaqoji ideyaları “sə­tirlər arasında” oxuculara çat­dır­mış­dır.

N.Nərimanovun mə­qalələrində qaldırılan mühüm pedaqoji problemlərə, habelə pe­da­­qogika və psixologiyanın bir sıra nəzəri məsələlərinə nəzər salan za­man görürük ki, o, dün­­­ya və rus klassik pedaqoqlarından Yan Amos Komenski, Jan Jak Rus­so, İohan Henrix Pes­­­­­­talotsi, Konstantin Dimitriyeviç Uşinskinin və baş­qa­la­rının pedaqoji fikirləri ilə ya­xın­­­­­­­dan tanış ol­muşdur. Pes­talotsidən bəhs edən Nəriman Nərimanov yazırdı ki, “Bir müəl­­­­­­­­lim müəllimliyə hazırlanarkən ola bi­lər­mi ki, Henrix Pes­talotsinin adını eşitməsin? Ola bilərmi ki, bunun uşaqlara olan mə­həbbətini bilməsin? Təlim və tədrisə dair nə­si­hət­lə­­ri­ni oxumasın?”. Oxuculara yaxşı məlumdur ki, Nəriman Nərima­novun bu ki­mi görkəmli pe­da­qoq­la­rın həyat və yaradıcılığı ilə tanış olması onun Qori se­mi­na­ri­ya­sın­da (1885-1890-cı illər) aldığı dünyəvi təhsildən irəli gəlirdi.

Nəriman Nərimanovun pedaqoji görüşlərində təlim və tərbiyənin məz­mu­nu­na, üsul, vasitə və tərzlərinə aid bu gün də çağdaş dövrümüzdə əhəmiyyətini saxlayan dəyərli fi­kirlər çoxdur. Müəllim “Uni­ver­sitet nişanı” ilə deyil, əməli-pedaqoji fəaliyyəti ilə özünü göstərməli və fərqlənməlidir görüşündə olanNə­ri­ma­nov yazır ki, hər bir müəllim pe­da­qo­gikanı, təlim və tərbiyənin prin­sip və üsullarını, psi­xologiyanı yaxşı bilməlidir. Müəl­lim əgər bunları bilərsə o, şa­gird­lərin fərdi xü­su­siy­yət­lərinə istinad etməyi bacarar, həm­çi­nin, təlim və tərbiyə işində uğur əldə edə bilər. Çün­ki “…hər uşağın özünə görə bir qeyri xasiyyəti, təbiəti olmağı bi­naən hamıya bir qay­da və qanun ilə dərs vermək, hamıya bir dil­də bəyan etmək olmaz. Ha­­mını bir ölçü ilə ölç­­­mək olmaz. Uşaqların bir parası zehinli, bir parası zehinsiz, fəhm­siz, bir parasının qüv­­veyi-hafizəsi qüvvətli, bir parasınınki naqis, bir parası müdhiş he­ka­yə­­lər sevən, bir pa­­rası gülünc və fərəhli nağıllardan həzz alan olur. Uşaq­lara məhəbbəti olan müəllim bun­­ların hamısını mühafızə edər, hər kəsin öz biliyinə, qa­nacağına görə hə­rə­kət edərsə, hər­ kəsin eyibinə görə çarə taparsa, əlbəttə, təlim və tər­bi­yə düz yol ilə ge­dib, tərəqqi əla də­rə­cəsinə çatar”.

Nəriman Nərimanovun publisist yazılarında təlimin məzmunu və üsul­larına aid də­yər­­li fikirlər çoxdur. O, bir tərəfdən tərəqqiyə kölgə salan sxolastik mək­təb­ləri, “za­val­lı uşaq­ların, gələcək millət balalarının fəhm­lərini, zehinlərini kor­la­ya­n”, or­ta əsrlərdən qal­ma üsul ilə dərs keçilən mollaxanaları, digər tərəfdən isə dövlət mək­­təb­lə­ri­­nin rus­laş­dır­ma siyasətini kəskin tənqid və ifşa edirdi. Təlimin ana dilində apa­rıl­ması ide­yası Nə­ri­ma­no­vun pe­da­qoji fikirlərinin əsasını təş­kil edirdi. “Millətin dilini bilmədən, onun dər­dinə da­va etmək çə­­­tindir” – deyən Nəriman Nərimanov müasiri və məsləkdaşı Abbas Səh­hət ki­mi müəl­limlik peşəsini həkimlik peşəsi ilə mü­qa­yi­sə edir və qeyd edir ki, “hə­kim azara gö­rə dər­man verdiyi ki­mi, müəl­­lim də tələbə görə bilik verməlidir”. O deyirdi ki, “Na­xo­şun ruhunu tə­miz­lə­mək­dən­­sə, qanını təmizləyin. İnsanın dili onun qanıdır. Qan təmiz olan­da ürək yaxşı işlədiyi ki­­mi, dilin də saf olması millətin tərəqqisinə səbəb olur”.

Nəriman Nərimanov sələfləri sayılan İzzətdin Həsənoğlu, Məhəmməd Füzuli, İma­dəd­din Nəsimi, Molla Pənah Vaqif, Qasım Bəy Zakir kimi ana dilinin keşiyində dur­muş və xələfləri saylan Seyid Əzim Şirvani, Aleksey Osipoviç Çernyayevski, Rəşid bəy Əfən­di­yev, Mə­həm­məd Tağı Sidqi, Abdulla Şaiq kimi ana dilində dərslik yazaraq milli mək­təb­lərdəki boşluqları doldurmağa təşəbbüs göstərmişdir. Təbii ki, o dövrdə dərslik yaz­maq mühüm hadisə kimi dəyərləndirilirdi. Müasir dövrümüzdən XIX əsrin ortalarına bax­saq, o dövrün dərslikləri müəllim və şagirdləri müalicə edən qüdrətli bir vasitə rolunu oy­namışdır.

Ulu öndər Heydər Əliyev “Dövlət dilinin tə­tbiqi işinin təkmilləşdirilməsi haq­qın­da” 18 iyun 2001-ci il ta­rix­li fərmanına bir daha nəzər salsaq XIX əsrin or­talarından eti­ba­rən Azərbaycan di­linə aid dərslik və dərs vəsaiti yazıb nəşr etdirənlərin cər­gə­sin­də Nəriman Nərimanovun da adına rast gələrik. Fərmanda de­yilir: “Milli maarifçi ziyalılar öz­ləri ana dilini öyrənməyin, onu qoruyub saxlamağın ən əsas yolunu məktəblərdə təd­ri­sin ana dilində aparılmasında gördüklərindən, Azərbaycan dilinə aid dərslik və lüğətlər yaz­mağa başlamışdılar. Azərbaycan di­li­nə dair ilk dərsliklərin yazılmasında o dövrün gör­kəmli maarif­çi­ləri Mirzə Kazım bəy, Mirzə Şəfi Vazeh, Seyid Əzim Şirvani, Alek­sey Çern­yayevski, Mirzə Əbülhəsən bəy Vəzirov, Seyid Ün­sizadə, Rəşid bəy Əfəndiyev, Sul­tan Məcid Qənizadə, Məm­məd­tağı Sidqi, Nəriman Nərimanov, Üzeyir Hacıbəyov, Ab­dul­la Şaiq və başqalarının xidmətlərini qeyd etmək lazımdır”.

Milli kütləvi kitabxana-qiraətxananın əsasını qoyanNəriman Nərimanov, həm­çi­nin, 1899-cu ildə nəşr etdirdiyi “Türk-Azərbaycan dilinin müx­tə­sər sərf-nəhvi”, “Müəl­lim­siz türk dilini öyrənməkdən ötrü ruslar üçün asan ki­tab­ça”, “Mü­­­səl­manlar üçün müəl­lim­siz rus dilini öyrənməkdən ötrü asan ki­tab­ça” adlı dərs­lik­­lə­ri xalqımızın bu gün də öz mənəvi əhəmiyyətini qoruyub saxlayan milli xəzinəsidir.

Nəriman Nərimanov ana dilli məktəblərdə məqsədli şəkildə çarizmin rus­laş­­dırma si­yasətinə qarşı da kəskin tənqidi münasibətini bildirmiş, etirazını açıq fikirlə ifa­də et­miş­dir. Ana di­li­nə verilən dərs saatlarının proqramlardan çıxarılmasını istə­yən, al­qış­la­yan, əl ça­lan rus­pə­rəst “ziyalıların”, “müəllimlərin” xain istək və arzularına çata bil­mə­yə­cək­lə­ri­ni belə ifadə edir­di: “Qoy əl çalsınlar! Lakın haqqı batil edə bilməyəcəklər. Bə­şərin fitrət və tə­bi­ə­tin­dən mək­nuz (“xəzinədə olan” mənasında – K.C.) olan hissiyyatı elmiyyəni na­bud (“məhv etmək” mənasında – K.C.) edə bilməyəcəklər:… Analarımızın laylalarını qu­laq­­la­rı­­­mız­­dan çıxarmağı bacarmayacaqlar, illərlə bilüzüm bir şey kimi ayaq altına al­dıq­la­rı o kə­­­həri qiymətdən sala bilməyəcəklər, ana dili­miz hər halda qüvvət tapacaqdır”.

Nəriman Nərimanov ana dilinin təlim əhəmiyyətini göstərməklə yanaşı, onun tər­bi­yə­vi rolunu, həmçinin, möhtərəm, müqəddəs, nə qədər əzmli bir qüvvə olduğunu belə bə­yan edirdi: “Ana dili …nə qədər ali, hissiyyatı oyandıran bir kəlmədir! Nə qədər möh­tə­rəm, mü­­qəddəs, nə qədər əzmli bir qüvvə! Ana dili! Bir dil ki, mehriban bir vücud öz mə­həb­­bə­ti­ni, şəfqətimadəranəni sənə o dildə bəyan edibdir, bir dil ki, sən hələ bələkdə ikən lay-lay şəklində öz mənafeyini sənə yetirib ruhun ən dərin güşələrində nəqş bağ­la­yıb­dır!”.

Nəriman Nərimanovun pedaqoji fəaliyyətində və görüşlərində əmək və əməyə mə­həb­bət məsələsi də mühüm yer tutmuşdur. Nərimanov yazırdı ki, hər hansı bir kəsdə dostluq, doğruçuluq, səmimilik, tə­va­zökarlıq, sadəlik, insanpərvərlik, vətənpərvərlik kimi əxlaqı keyfiyyətlər görürsünüzsə, deməli o xoşbəxt kəs əməksevər insandır. “Qabarlı əldə olan hünər, qeyrət ağ perçatkalı əldə ola bilməz” – deyirdi. Görkəmli pedaqoqun fikrincə, hər kəs əməkdə iş­tirak edirsə, ona etibar edilmiş sahədə vicdanla, namusla işləyirsə, de­mə­li o, xalqının inkişafına, Vətənin tərəqqisinə çalışmış olur. “Şərq üçün nicat yolu” adlı məqaləsində oxuyuruq: “..Vətənin qədrini o kimsə bilir ki, Vətən ilə onun ruhani (mə­­nəvi – K.C.) rabitəsi olsun, Vətən ilə bir yerdə ağlasın, bir yer­də gülsün. Ona binaən, lazımdır Şərqdə bu şüarı buraxmaq: hər kəs xüsusi özü üçün yox, ancaq Vətən, məmləkət üçün işləyirsə, onun haqqı var seçsin və seçilsin. Bu, şura üsul-idarəsinin əsasıdır. Hər bir fərd əqlini, qüvvəsini məmləkətin hər cəhətdən tərəqqi tapmasına sərf etməlidir, yəni, hər bir adam hamı üçün, hamı bir adam üçün işləməlidir”.

Göründüyü kimi, Nəriman Nərimanov insanın həm fiziki və həm də zehni əməyini cə­miyyətin əsası, dayağı hesab etmişdir. Əməyi nəinki iqtisadi və sosial, həm də əxlaqi, tər­biyəvi, fizioloji mənada dəyərləndirmişdir. Nərimanov yazır ki, adamın əxlaqını saf­laş­dıran əməkdir. Uşaqlarda əməyə sev­gi, məhəbbət oyatmağı valideynlərdən daha çox müəl­limlərin birinci vəzifə borcu he­sab edən Nəriman Nərimanov 1924-cü ildə “Elm­lə­ri­ni yenicə tamam etmiş müəllim­lə­rə açıq məktub”unda yazırdı: “Sizin tər­bi­yə­niz­də olan azər­baycanlı balaları gə­rək zəhmətsevən ol­sunlar. Yəni başqasının yox, öz zəh­mət­lərinin qüv­vəti ilə ehti­yac­larını rə­­fedici olsunlar. Çünki insanın ruhunu ucaldan bir çox şey var­sa, onun ən birinci zəh­mə­ti­dir”.

Nəriman Nərimanov əməyə baxış və görüşü aka­de­mik Hüseyn Əhmədovun sözləri ilə desək ictimai bir kateqoriya kimi qiy­mət­lən­di­rmiş­dir. O, qeyd etdiyimiz kimi əmə­yi nəinki cəmiyyətin tərəqqisi, həm də insanların rifahı üçün mühüm şərt he­sab et­miş­dir. “Oğlum Nəcəfə” adlı bir şeirində yazırdı:

Zəhmətdir insanı insan edən, oğul.

Zəhmətdir onu heyvandan seçən, oğul.

Budur bütün tərəqqinin əsası.

Zəhmətdir əqlə yol verən, oğul.

Nəriman Nərimanov özünün “Türk-Azərbaycan dilinin müx­tə­sər sərf-nəhvi” adlı dərs­liyin­də uşaqlarda əməyə məhəbbət tərbiyə etmək üçün tərbiyəvi xarakterli mətn­lə­rə də ge­­niş yer ayırmışdır.

Nəriman Nərimanovun şəxsi həyat yolu da əməksevərliyin bariz nümunəsi ol­muş­dur. Dövlət xadimi Əli Heydər Qarayevin de­diyi kimi, “İlk azərbaycanlı inqilabçılarından bi­ri olan N.Nə­ri­ma­nov çarizm və onun üsul-idarəsilə tam 30 il ardıcıl mübarizə apar­mış­dır”.­

Nəriman Nərimanovun yaradıcılığını sərf-nəzər edən zaman görürük ki, o, şəx­siy­yə­­­tin formalaşmasında, təşəkkül tapmasında irsiyyətdən və mühittən fərqli olaraq tər­bi­yə ilə təhsilin birgə roluna, təhsilin tərbiyəyə müsbət təsirinə yük­sək dəyər vermişdir. Fik­ri­mi­zi əsaslandırmaq üçün “Gəncədə teatr ba­rə­sin­də bir neçə söz” adlı mə­ru­zəsinə oxuyaq: “Heç ata-analar istərlərmi uşaqları bəd­bəxt ol­sun­lar? Heç kəs is­təməz ki, oğlu qazamatda il­lərlə çü­rü­sün. Amma nə fayda bun­ların ha­mı­sını görürük və göz­lə­ri­miz­­dən qan yaşlar tökülür. Bəs lazım gəlmirmi bu dərdin dər­ma­­nı­nı tapaq?! Nə vaxtadək qo­ca ata və ana­la­rı­mız sudlara düşəcək? Gü­nah kimdədir? Bə­yəm günah qa­zamatda çü­rü­yən uşaq­la­rı­mız­da­dır? Xeyr. Günah özümüzdədir. Vaxtında la­zım olan tər­bi­yəni ver­mə­yib öz əlimizlə uşaq­larımızı odda yandırırıq. Bəs bunu bilə-bilə nə üçün uşaqlarımıza elə pər­vəriş ver­mə­yi­rik ki, nadanlığın əlindən xilas olalar?”.

Nəriman Nərimanov tərbiyədə yaranan qüsurların səbəbini valideynlərdə gö­rürdü. Çünki nə qə­dər ki, valideynlər uşaqlarını dərdin dərmanı olan məktəbdən, elmdən, təh­sil­dən kənar saxlayırlarsa, bir o qədər də zillət, fəlakət girdabında yanıb qovrulacaqlar. Onun “Mək­­təb, məktəb! Bizi ancaq məktəb na­dan­lıqdan xilas edər”, – deməsi fikrimizə əyani sü­but­dur.­

Nəriman Nərimanovun tərbiyə və təhsillə birgə vəhdətin münasibəti tək publisist-el­mi yazılarında, çıxışlarında, məruzələrində deyil, maraq dolu əsərlərində də həyati dolu faktlarla öz əksini tapmışdır. Hələ Qori seminariyasında oxuduğu illərdən üzərində iş­lə­di­yi və Borçalı qəzasınınQızıl Hacılı kəndində müəllim işləyərkən yazıb bitirdiyi “Na­dan­lıq” əsərində Ömə­rin dili ilə “nadanlığın”, “avamlığın”, “bimərifətliliyin”, “heyvanlığın” pik nöqtəsini təs­­vir etmişdir. Budur, kəndin ağsaqqalı hesab olunan Hacı Abdullanın Rusiyada təhsil almış böyük oğlu Ömə­­rə nifrəti sonsuzdur, ondan çox incikdir, na­razıdır. Ona görə ki, Öməri oxutmaqla “qeyrətsiz” etmişdir, özü öz başına kül ələmişdir, Ömər “düz yol­dan çıxmışdır”. Ona görə ki, artıq Ömər kiçik qardaşı Vəli kimi nə yol kəsməyi, nə kə­bin­li ar­vad qaçırmağı və nə də adam öldürməyi bacarır. Əziz oxu­cu! Hacı Abdulla ki­mi­lə­rinin tərbiyə işinə be­lə münasibət bəsləməsi özü nadanlıq, faciə de­yilmi?

Müəllim Məhəmməd Ağanın kənd camaatı olan Qurbanəliyə, Ağakişiyə, Ni­ya­zə­li­yə, Hacı Abdullaya uşaqlarını məktəbə göndərmələri üçün yalvarması, dil tökməsi də fay­­da­sızdır. Hacı Abdulla deyir ki: “Ay Məhəmməd Ağa! Boş yerə başını niyə ağ­rı­dır­san! Bi­­­zim adam oxumağa uşaq verməz. Hər kəsin özünə görə bir dərdi var. Birinin uşağı qa­­ra­­mal otarır, o birininki qoyuna gedir, biri yer əkir: Uşaqlarını da sənə versinlər, bəs iş­lə­ri ne­­cə olsun? Ondan məsəva, doğrusunu demək: rusca oxuyan düz yoldan çıxır”.

Əsərdə oxuyuruq ki, kənd camaatının torpağa kor-koranə yanaşmasında torpaq məh­­sul vermir. Ancaq Ömər elmi əsaslara söykənərək, torpağın necə şumlanmasını, ta­xı­lın səpilməsini, becərilməsini kənd əhlinə aşıladıqdan sonra torpaq artıq bol məhsul verir. Mol­la abdullalar isə Ömərin təqdirəlayiq işini görməməzlikdən gəlirlər. Haqsızlığa göz yum­mağı bacarmayan müəllim Məhəmməd Ağa isə Öməri müdafiəyə çalışaraq belə de­yir: “İş o deyil ki, əlinə kotan alsın. Onun köməkliyi bu olubdur ki, yerinizi necə ki, la­zım­dır şum­­la­yıb, təzə çıxan kotan alıbdır, əsl budur və bunların hamısını oxu­maqla ta­pıb­dır. Ye­ri elmə müvafiq şumlamaq və nə tövr ko­tan­la əksən, taxıl yaxşı çıxar, bunların ha­mı­sı ki­tab­larda ya­zı­lıbdır. Hərgah Ömər oxumasaydı, belə şeyləri bilə bilərdimi?”.

Müəllimin Öməri müdafiəsi də bir nəticə vermir. Hələ əksinə, müəllim və sa­vad­lı, ədəbli, tərbiyəli Öməri ələ salıb gülürlər. Nəriman Nərimanovun öz sözləri ilə desək hə­yat hər kəsə öz payını verən, öz əkdiyini biç­di­rəndir. Ağsaqqal Hacı Abdullanın yol kəs­mə­si, adam öldürməsi, kə­bin­li ar­vad qaçırması, qeyrəti və ba­carığı ilə qürur duyduğu ki­çik oğlu Vəli ailəni bədbəxt edir. Rəzil, eybəcər, murdar, mərifətsiz, insani sifəti olmayan Vəli öz qar­da­şı Öməri güllə ilə vurub öldürür. Ömər ölərkən deyir: “Məni… na­dan­lıq… avamlıq… bi­mə­rifətlik güllələdi… Ah, nadanlıq”.

Nəriman Nərimanov insanın insan tərəfindən is­tis­ma­rı­nın, köləliyin əleyhinə ol­muş­dur. Bəşəriyyəti nadanlıqdan xilas etmək üçün yollar ara­mış və axtarmışdır. Fik­ri­mi­zin daha geniş təzahür formasını oğluna, ümumən götürsək gəncliyə yazdığı, ünvanladığı “Bit­məmiş məktublar”dan oxuyaq: “Əziz oğlum! Mən ic­ti­mai fəaliyyətdə təskinlik ta­pı­ram. Mən insanın insan tərəfindən istismarının, köləliyin əley­hinəyəm. Harada olur-ol­sun, bəşəriyyətin azad yaşaması üçün bütün qüvvəmi qo­yu­ram və qoyacağam da. Mən bə­­şəriyyəti nadanlıqdan xilas etmək üçün yollar axtarırdım. Xü­susi olaraq mənim mil­lə­ti­min taleyi məni həmişə düşündürüb… Mən sosial-demokrat idim, lakin bu təşkilat get­dik­cə daha çox idealdan uzaqlaşdı… açığı, biz əldə etdiyimiz ha­ki­miyyətdən o qədər tə­kəb­bür­lü olmuşuq ki, boş işlərlə və çəkişmələrlə məşğul olub əsas işi əldən buraxmışıq”.

Nəriman Nərimanovun “boş işlərlə və çəkişmələrlə məşğul olub əsas işi əldən bu­rax­­mışıq” sözlərindəki təvazökarlığı əminik ki, hər bir oxucu psixoloji hisslə tutur. Nə­ri­man Nərimanov nakam ömrünün sonuna kimi daim xalqını, millətini, onun parlaq gə­lə­cə­yi­ni düşünmüş, vətəninin istiqlalı üçün daim çalışmış, ictimai, ədəbi və pedaqoji fəa­liy­yə­ti ilə əziz millətini bəsirət sahibi etmişdir.

Kamal CAMALOV

Pedaqogika üzrə fəlsəfə doktoru, dosent

Azərbaycan Respublikasının Əməkdar müəllimi

AYB-nin üzvü

Yazıya 983 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.