İSLAM SADIĞIN “ŞUMER VƏ TÜRK DASTANLARI” KİTABI AVROPADA 8 DİLDƏ ÇAP OLUNUR

islam sTanınmış şair, filologiya elmləri doktoru İslam Sadığın “Şumer və türk dastanları” kitabı ötən il Türkiyədə nəşr olunmuşdu. İnternet saytlarından görünürdü ki, həmin kitab Rusiyada və Almaniyada da satışdadır.

Bu ilin yanvar ayında İslam Sadığa bir məktub gəldi. Bu məktubda nəşriyyat İslam Sadığın həmin kitabının Avropa xalqlarının səkkiz dilində- ingilis, fransız, alman, italyan, ispan, danimarka, polyak, portuqal və rus dillərində nəşr etməyi planlaşdırdığını və müəllifin razılığını istəyirdi. Sözsüz ki, İslam Sadıq bu xəbəri sevinclə qarşıladı və razılığını bildirdi.

İslam Sadıq aprel ayının ortalarında nəşriyyatdan ikinci məktub aldı ki, burada kitabların artıq nəşrə hazırlandığını bildirir və onun öz bank hesabını göndərməsini istəyirdilər.

İslam Sadığa ünvanlanmış bu məktubları oxuduqdan sonra akademik Tofiq Hacıyevin İslam Sadıq haqqında yazdığı “Türk folklorunun Şumer yaşı haqqında tədqiqat”  (“Ədəbiyyat qəzeti” 07 noyabr 2015)məqaləsindən aşağıdakı cümlələri xatırladım: “Təkrar edirəm, İslam Sadığın “Şumer epik mətnləri və türk xalq yaradıcılığı ənənələri” əsəri bizim dastanşünaslığımızın tarixində Azərbaycan, geniş mənada türk xalq yaradıcılığının genetik başlanğıcı haqqında, dünyaya nə verib və dünyadan nə götürüb mövzusunda yeni sözdür. Və ümumiyyətlə, müəllif müstəqil mühakimələr sahibidir və dedikləri elmdə möhür kimi qəbul olunur. … İslamın bu tədqiqatında zəngin mühakimələr sistemi var. Bu mühakimələr onun özünə məxsusdur və inandırıcıdır. Buna elmdə dünyagörüşü deyirlər, konsepsiya deyirlər. Bu əsər ingiliscəyə, hətta rus dilinə tərcümə edilsə, türk xalq yaradıcılığının tarixi ilə bağlı mötəbər istinad mənbələrindən birinə çevrilə bilər”. Akademik Tofiq Hacıyevin arzusu çin olub.

İslam Sadıq Azərbaycanda şumerşünaslığı bir elm kimi yaradıb və formalaşdırıb. “Şumer və türk dastanları” kitabında onun bu sahədəki araşdırmalarının az bir qismi toplanıb. Burada əsasən Şumer və türk dastanları müqayisəli şəkildə araşdırılıb və çoxlu oxaşr və eyni motivlər üzə çıxarılıb. Bu monoqrafiya Şumer və türk dastanlarının müqayisəli təhlilinə həsr edilmiş ilk sanballı tədqiqat işidir. Bununla İslam Sadıq türk folklorunun ən azı Şumerin yaşıdı olduğunu sübut etmişdir ki, Tofiq Hacıyev bu fikri öz yazıasının başlığına çıxarmışdır.

İslam Sadığın bu kitabının Avropada 8 dildə nəşri Azərbaycan elminin və bütövlükdə türkologiyanın uğurudur.

 

PƏRİNAZ SADIQLI

Tarix üzrə fəlsəfə doktoru

Bakı Avrasiya Universiteti

    Yazıya (162) dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.