“AİLƏ PEDAQOGİKASI: MÜNTƏXƏBAT” NƏŞR OLUNDU

AİLƏ PEDAQOGİKASI.MÜNTƏXƏBAT. ÜZQABIĞI (1)“Mütərcim” nəşriyyatı ali təhsil müəssisələri tələbələri üçün “Ailə pedaqogikası: müntəxəbat” dərs vəsaitini nəşr etmişdir.

               Dərs vəsaitinin tərtibçiləri: pedaqogika üzrə elmlər doktoru, professor, əməkdar müəllim Akif Abbasov (həm də müəllif) və pedaqogika üzrə fəlsəfə doktoru Rəhiməxanım Məmmədzadədir.

Dərs vəsaitinin elmi redaktoru  pedaqogika üzrə elmlər doktoru, professor  Hümeyir Əhmədov, rəyçilər:  pedaqogika üzrə elmlər doktoru, professor Piralı Əliyev, pedaqogika üzrə elmlər doktoru, professor İntiqam Cəbrayılov, pedaqogika üzrə fəlsəfə doktoru Lalə Məmmədlidir.

    Hələ 2019-cu ildə professor A.N. Abbasovun ali təhsil müəssisələri üçün   “Ailə pedaqogikası”  dərsliyi və fənn proqramı nəşr olunmuşdu. Təqdim olunan dərs vəsaiti Ailə pedaqogikası ali məktəb kursunun tədrisinə kömək məqsədilə tədris proqramın tələbləri nəzərə alınmaqla hazırlanmışdır.

Dərs vəsaitində  uşaqların tərbiyəsində ata-ananın, ailə münasibətlərinin rolu, tərbiyə anlayışı, ailə tərbiyəsinin mahiyyəti, qarşısında duran məqsəd və vəzifələr, ailənin quruluşu və tipləri, ailə tərbiyəsində yol verilən nöqsanlar, ailə tərbiyəsinin səmərəli metodları və prinsipləri üzərində dayanılır. Tərbiyəliliyin diaqnostikası, meyarı və texnologiyası diqqət mərkəzinə gətirilir.

Dərs vəsaiti hazırlanarkən dövlətimizin təhsilə, ailə tərbiyəsinə, ailənin möhkəmləndirilməsi və uşaqların tərbiyə olunması və müdafiəsinə  dair sənədlərindən, pedaqogika dərsliklərindən istifadə edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasından, “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunundan iqtibaslar verilmiş; milli ruhda tərbiyə üzrə işin vacibliyinə;   pedaqoji elmin digər elmlərlə əlaqəsinə;   şəxsiyyətin təşəkkül tapıb formalaşmasına təsir göstərən amillərə diqqət yetirilir.

Bundan başqa, tərbiyə prose­sinin qanunauyğunluğu və qanunu məfhumlarının qoyuluşu;   pedaqoji tədqiqat metodlarının təsnifatı;  tərbiyə sistemi və tərbiyə   nəzəriyyələri;  insan və onun tərbiyəsi   probleminə yanaşmalar;   ailə tərbiyəsinin nəzəri əsasları və texnologiyası;  tərbiyəliliyin diaqnostikası, meyarı və texnologiyası; tərbiyənin mahiyyəti və məzmunu;  tərbiyənin metodları və prinsipləri;  əxlaqi tərbiyənin üsulu;  tərbiyə üsulları;  yaş dövrləri (mərhələləri);  ailəyə pedaqoji kömək;  məktəblilərin cinsi tərbiyəsi;  yeniyetmə və gənclərin müstəqil ailə həyatına hazırlanmaları mimi məsələlərə aydınlıq gətirilir.

 Tələbələr həmdə valideynlərin nüfuzu, şəxsi nümunəsi və pedaqoji mərifəti; valideyn davranışının göstəriciləri; ailə tərbiyəsinin düzgün qurulmamasının səbəbləri; müasir ailə və onun problemlərinə aid  məsələlərlə tanış ola biləcəklər.

Dərs vəsaitində eyni zamanda gənc ailədə uşaq problemi də diqqət mərkəzindədir.

         Dərs vəsaitində uzun illər pedaqogika dərsliklərinin, tərbiyə problemlərinə, tərbiyə texnologiyalarına aid əsərlər yazmış pedaqoqlarımızın fikirləri əsas götürülmüşdür. Professorlar Zahid Qaralovun, Yəhya Kərimovun, Abdulla Mehrabovun, Nurəddin Kazımovun, Əjdər Ağayevin, Akif Abbasovun, Ələddin Qədirovun, Fərrux Rüstəmovun, Fərahim Sadıqovun, Hikmət Əlizadənin, Ənvər Abbasovun,  Ləzifə Qasımovanın, Ramiz Əliyevin, İlham Cavadovun, Rəhimə Mahmudovanın, İsmayıl Əliyevin,  Kəmalə Quliyevanın, Firədun İbrahimov və Rüfət Hüseynzadənin, Sevil Cavadovanın  əsərlərinə müraciət olunmuşdur.

Bütün bunlarla yanaşı, böyük mütəfəkkir, dahi Nəsirəddin Tusinin, elmi pedaqogikanın banisi Yan Amos Komenskinin “Böyük didaktika” əsərindən, rus pedaqogikasının yaradıcısı Konstantin Dmitriyeviç Uşinskinin,  böyük tərbiyəşünas Anton Semtyonoviç Makarenkonun fikirlərindən nümunələr gətirilir.

Abbasov A.N., Məmmədzadə R.R. Ailə pedaqogikası (müntəxəbat): Ali təhsil müəssisələri üçün dərs vəsaiti. Bakı: Mütərcim, 2020

 

Yazıya 778 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.