Namiq Zamanın “Alın yazısı…”

namiq zamanNAMİQ ZAMAN  1971-ci ildə Laçın rayonunun Zağaltı kəndində doğulub.  Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib. Çeşidli adlar altında nəşr olunan qəzet-jurnal,

Almanax, onlayn sayt və dərgilərdə  şeirləri, hekayələri, publisistik yazıları dərc olunub.  Bu ilin əvvəllərində “Qanun” nəşriyyatında “Səni düşünürəm” adlı şeirlər kitabı nəşr olunub. “Bənövşə” jurnalşnın əməkdaşı, AYB-nin Mingəçevir bölməsinin ən istedadlı üzvlərindən biridir. Laçın rayonunun işğalından sonra müvəqqəti olaraq Ağdaş rayonunda məskunlaşıb.

AYB-nin Mingəçevir bölməsinin sədri: İsmayıl İmanzadə

 

ALIN YAZISI

 

Hər şey Allahın iznilədi;

baş kəsdirənlər də,

baş kəsənlər də,

başı kəsilənlər də…

Bizi dəhşətə gətirən

nə varsa,

hamısına qadirdi

Allah!

Mən nə danışıram,

əstafirullah!

Ey adil Allah,

Ey qadir Allah,

ağıl ver insanlara!

Gülmək, güldürmək yaz

alınlara,

Yaşamaq, yaşatmaq,

Qurmaq, yaratmaq yaz!

Öldürmək, yandırmaq,

dağıtmaq, məhv etmək

yazma!

Hər şey alın yazısıdırsa,

günahlar yazma,

səhv etmək yazma!!!

 

*   *  *

 

Gecə…

Sakitlik…

Ay işığı…

Gözümün önündə qarmaqarışıq

kölgələr,

beynimdə xəyallar,

şübhələr,

bəlkələr…

Baxıb uzaqlara,

yenə səni düşünürəm…

Sən də mənim  qara taleyimdə

gündüzlər itən,

gecələr bitən,

yuxumu ərşə çəkən

o kölgələr kimisən:

Nə əl açıb tuta bilirəm səni,

nə də üzülə, qaça bilirəm səndən…

Həsrətin könlümdə fırtınalar

qoparır.

Səni deyə-deyə,

düşünə-düşünə

xəyalım məni uzaqlara aparır –

həmişəki xəyallar,

həmişəki fikirlər…

Hər şey eynidir elə bil,

heç nə dəyişmir,

təkcə zamandan başqa.

Amma

zaman da eyniləşib mənimçün:

yuxusuz gecələr,

məzmunsuz səhərlər,

qəmlər, qəhərlər,

daha nə bilim,

nələr, nələr…

“Eh… sən hardan biləsən,

uzun olur gecələr” –

başımı yoran gecələr,

Mənə zəhər,

sənə səhər olan gecələr…

 

ANALAR

 

Şam kimi əriyib beşik başında,

Daim səksəkədə yatar analar.

Həzin laylasını baltək, şəkərtək

Körpə yuxusuna qatar analar.

 

İsti yuvasıdır dövləti-varı,

Tükənməz heç zaman əzmi, vüqarı.

Mənliyi, isməti, namusu, arı

Başının üstündə tutar analar.

 

Namiq tərif yazmaz söz inadıyla,

O, yazar-yaradar qəlbin oduyla.

Müqəddəs amalla – ana adıyla

Tanrı dərgahına çatar analar!

BİLMİR

 

Nə qədər düşünüb-daşınır insan,

Hələ də dünyanın sirrini bilmir.

Açmağa can atır neçə mətləbi,

Birini bilsə də, birini bilmir.

 

Hökm edir savaşlar, qanlı talanlar,

Saxta təbəssümlər, şirin yalanlar.

Pul ilə hər şeyi satın alanlar

Yaxşı ki, Allahın yerini bilmir.

 

Namiq, kimsə qorxmur məhşər odundan,

Göz nurundan düşür, ağız dadından…

İnsanlıq insanın çıxır yadından, –

Bilmir, qibləsini, pirini bilmir.

 

QƏLBİMİN NƏĞMƏSİ

 

Eşqin qəlbimin nəğməsi,

Susdurmaq olmur bu səsi!

Belə istəklə heç kəsi

Sevməmişdim, hələm-hələm.

 

Yollarında oldum çıraq,

Hey dolandın məndən iraq.

Oxunduqca varaq-varaq,

Çilikləndim qələm-qələm.

 

Bir gün gülə bəxt üzümə,

Düşəm vüsalın izinə:

Çəkiləsən göy üzünə,

Dönüb sənə gələm, gələm…

 

BİR DƏ BAX, ALLAH

 

Taleyikəm doğulan,

Öz əlilə boğulan,

Yağmalanan, dağılan

Yurda bax, Allah!

 

Əriyir öz donunda,

Namərdlik yox qanında.

Çaqqallar meydanında

Qurda bax, Allah!

 

Qandallı qolumuza,

Bağlanan yolumuza,

Bu səfil halımıza,

Bir də bax, Allah!..

 

APARIN, DAĞLARDA DƏFN EDİN MƏNİ

 

Belə yaşamaqdan bezmişəm daha,

Aparın, dağlarda dəfn edin məni!

Gümanım qalmayıb gələn sabaha,

Aparın, dağlarda dəfn edin məni!

 

Həsrətdən, möhnətdən uzaq olaram,

Təzədən qayıdıb uşaq olaram,

Yenə də sevdalı aşiq olaram,

Aparın, dağlarda dəfn edin məni!

 

Nəğməli-büsatlı telə dönərəm,

Coşaram, kükrəyən selə dönərəm,

Bir əsim xəfifcə yelə dönərəm,

Sürünə-sürünə sinəsi üstə,

Öpüb-oxşayaram torpağı, daşı,

Aparın, dağlarda dəfn edin məni!

 

Səhərlər yuxudan tezdən oyanıb,

Çəməndə çiçəyə, şehə boyanıb,

O məğrur qartalla qoşa dayanıb,

Zirvədən Günəşi salamlayaram;

Bahara çevrilər ömrümün qışı,

Aparın, dağlarda dəfn edin məni!

 

Namiq də qürbətin zülmünü daddı,

Ümidlə yaşamaq boş bir inaddı.

Aranın havası ruhuma yaddı,

Aparın, dağlarda dəfn edin məni,

Aparın, dağlarda dəfn edin məni!

 

 

 

 

Yazıya 751 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.