Azərbaycanlı tərcüməçi Hitlerin köməkçisinin məhkəməsində(Aydın Yol qəzeti)

hitlerin-komekchisi-German-Gorinqin-mehkemesi-nurnberq_5559d7ce7fcb2

Hermann Görinq I Dünya müharibəsində iştirak etməklə yanaşı, II Dünya Müharibəsinin də əsas fiqurlarından olub.

 

Görinqin Hollandiya müharibəsi və 1940-cı ildə Fransa müharibəsində əhəmiyyətli rolu olub. Fransanın məğlubiyyətindən sonra Hitler onu “Dəmir Xaç” ordeni ilə mükafatlandırıb. 1940-cı il iyulun 19-da Hitler fərman verərək Görinqə “Reichsmarschall des Grossdeutschen Reiches” (Böyük alman marşalı) rütbəsi verib. Görinq 1939-cu il sentyabrın 30-da “Cəngavər Dəmir Xaçı” medalına da layiq görülüb. O, 1940-45-ci illərdə müharibənin iqtisadiyyat məsələlərini idarə edib. 1941-ci ildən 1945-ci ilə qədər isə Şərq İqtisadiyyat Qərargahının direktoru vəzifəsində çalışıb.

 

II Dünya Müharibəsi illəri

İkinci Dünya Müharibəsinin gedişatı zamanı Görinq özünü bir sıra məsələlərdə günahlandırıb. 1940-cı ildə İngiltərənin bombalanması zamanı vaxtı düzgün təyin etməməsi, 1942-ci ildə Stalinqraddakı VI orduya köməyin pis hava şəraitinə görə uğursuzluqla nəticələnməsinin məsuliyyəti birbaşa onun üzərinə düşürdü. Əslində, o, hava şəraitinin münasib olmadığını bilirdi, lakin Hitlerə qarşı getməmək üçün həmin vəzifəni öhdəsinə götürmüşdü.

 

Müharibənin sonu

Görinq son dəfə  1945-ci il aprelin 20-də Berlində olub və həmin gün  Hitlerin doğum günündə iştirak edib. Ad günü başa çatan kimi qiymətli əşyalarını da götürüb və Berlindən uzaqlaşıb.

Görinq 1945-ci il aprelin 26-da uşaq vaxtı bir neçə dəfə olduğu indiki Avstriyanın Mauterndörf qalasına köçüb. Orada Hitlerin 1941-ci il iyunun 29-da imzaladığı sərəncamı yenidən araşdırmağa başlayıb. Həmin sənəddə qeyd olunurdu:

“Fürer iş qabiliyyətini itirərsə və ya ölərsə vəkalət Görinqə veriləcək”. Görinqin məhbus həyatı elə o araşdırmasından sonra başlayıb. O, Hitlerə teleqraf göndərərək vəkalət üçün təsdiqnamə istəyib. Görinqin rəqibi Martin Borman həmin mesajı Hitlerə çatdırıb və Görinqi hakimiyyəti ələ keçirmək cəhdində günahlandırıb. Beləliklə, Hitler Görinqi “vətən xaini” adlandıraraq, haqqında həbs əmri verib. Əmrin ertəsi günü Görinq ev dustaqlığına məhkum edilir. Lakin Görinq mayın 5-də bir zabit tərəfindən azad edilir və həmin gün ailəsini Obersalzberqdə qoyandan sonra mayın 6-da Amerika qərargahlarından birinə gedərək təslim olur və mayın 8-də yenidən həbs olunur.

Görinq həbs olunandan sonra Lüksemburqa aparılaraq, Mondörf-les-Bainsdəki (kod adı – “Aşcan Düşərgəsi”) “Palace Hotel”də saxlanılıb. O, orada pəhrizə başlayaraq düz 27 kq çəki itirib. Sentyabr ayında Almaniyanın yüksək hökuməti rəsmiləri ilə birlikdə Nürnberqə aparılıb. Noyabr ayında isə hərbi məhkəmə başlayıb. Görinq Alman ordusunda üçüncü ən yüksək rütbəli zabit kimi Nürnberqdəki prosesdə mühakimə olunub.

Görinqin hörməti o qədər yüksək idi ki, hətta Amerika hərbi qüvvələrinin əsgərləri belə ona sonsuz rəğbət bəsləyirdilər. Nürnberq məhkəməsində özündən əmin rəftarı və haqqında irəli sürülən bütün ittihamlara verdiyi müdrik cavablar digər alman zabitlərinə də təsir etmişdi. Bunu görən məhkəmə heyəti, onun qalan məhkumlardan ayrı saxlanılması barədə qərar çıxardı. Bəzi alman zabitləri günahlarını inkar etsələr də, Hermann Görinq, demək olar ki, günahlarının hamısını qəbul edib və Hitlerə sədaqətini son dəqiqəyə qədər qoruyub. Məhkəmənin çıxardığı edam qərarına bir neçə saat qalmış isə hücrəsində ona xidmət edən əsgərdən şəxsi qutusunu istəyib. Qutudakı kalium sionid kapsulunu  içərək 1946-cı ilin oktyabrında eynilə Himmler kimi, həyatına son verib.

Nünberq məhkəməsi haqqında daha dəqiq məlumatları isə Azərbaycanda ərəbşünaslıq məktəbinin əsasını qoymuş görkəmli alim Ələsgər Məmmədov məhkəmə haqqında olan müsahibələrindən birində verib. Onun xatirələrindən parçaları təqdim edirik:

“Mühakiməyə 24 nəfər baş hərbi cani cəlb edilmişdi. Lakin müttəhimlər kürsüsündə yalnız 21 cani oturmuşdu. Əsas canilərdən Qustav Krupp sağalmaz xəstə idi, Robert Ley özünü öldürmüş, Martin Borman isə yoxa çıxmışdı. Nürnberq Beynəlxalq Hərbi Tribunalı 1945-ci il noyabrın 20-dən, 1946-cı il oktyabrın 1-nə kimi davam edib. Məhkəmənin 403 açıq iclası olmuş, 116 şahid və 143 yazılı ifadə dinlənilmiş, 200 mindən artıq sənəd araşdırılmışdı.

Cinayətlərin törədilməsində əsas canilərlə yanaşı, Nasist Partiyası, ali dövlət orqanları, SS dəstələri, ordu, gənc hitlerçilər təşkilatı və s. günahlandırıldı. Onlara qarşı ittihamlar tutarlı faktlarla sübut edildi. Əsas hərbi canilər haqqında hökm 1946-cı il sentyabrın 30-dan  oktyabrın 1-nə keçən gecə elan olundu. Canilər bir-bir çağırılır və hökm, elan olunurdu. Əvvəlcə müttəhimlər məhkəmə iclaslarında çıxış edən İngiltərə, Amerika və Fransa nümayəndələrini diqqətlə dinləyir, SSRİ-dən olan nümayəndələrə isə etinasız yanaşırdılar. Çox keçmədi ki, nümayəndə heyətimizin gətirdiyi tutarlı dəlillər, müttəhimləri ittihamçılara xüsusi diqqətlə qulaq asmağa məcbur etdi. Salonda müttəhimlərin oturduqları yerlə mənim oturduğum yer çox yaxın idi. Görinq cəmi iki-üç addımlığımda əyləşmişdi. O, çox vaxt çənəsini qarşıdakı stulun söykənəcəyinə söykəyərdi, Rudolf Hess əzilib-büzülür, Rozenberq dırnaqlarını çeynəyirdi. Müttəhimlər arasında V.Keytel daim nəsə yazır, yazmayanda isə qələmin ucunu ağzında saxlayırdı. Y.Ştreyxer, demək olar ki, həmişə mürgüləyir, K.Dyonits, E.Reder və Q.Şaxt isə özlərini çox ciddi aparırdılar”.

Ələsgər Məmmədov həmin müsahibəsində belə bir faktı da xatırladır:

“1943-cü ildə Sovet ordusu tərəfindən əsir alınmış 6-cı ordunun komandanı feldmarşal Fon Paulyüs şahid kimi məhkəmə salonuna girəndə müttəhimlər əvvəlcə bərk həyəcanlandılar. Onlar inana bilmirdilər ki, Paulyüs özünü öldürməyib, sağdır (Almaniyada söz yayılıbmış ki, o, özünü öldürüb). Lakin tədricən müttəhimlərin sifətlərindəki həyəcan nifrətlə əvəz olundu”.

Qeyd edək ki, Ələsgər Məmmədov tribunalda tərcüməçi kimi iştirak edib. O, həmin prosesi canlı şəkildə izləyən yeganə azərbaycanlı olub. Nürnberq prosesi zamanı onun 26 yaşı var idi.

Nərgiz ƏZİZ

Mənbə: Aydın Yol qəzeti

    Yazıya (632) dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.