ÇUVAL

axar.az1428403509Molla1  Bir çuval ki, köhnəldi – o tərəfdən, bu tərəfdən hey başlayacaq yırtılmağa və dəlinməyə.

- Ədə, çuval dəlinib, çuvalduzu ver mənə, deşiyi tikim.

Elə ki, bir tərəfdən yamayırsan, görürsən o biri tərəfdən yenə çuvalın içindən darı başlayır tökülməyə.

- Ədə, çuvalduzu ver mənə.

Bu dəliyi də tikirsən. Elə ki, çuvalı qaldırıb yükləyirsən eşşəyin üstünə, yenə darı başlayır su kimi axıb yerə tökülməyə.

- Ədə, yavaş sür! Yavaş sür! Bu zəhrimar çuval yenə dəlinib.

- Hoqquş, hoqquş… Qoyma, qoyma! Darı töküldü.

***

Osmanlı hökumətinin darı çuvalı o qədər çürüyüb ki, hər gün çuvalın bir yeri dəlinir. İndii təzə deşikdən Samos cəzirəsi istəyir tökülsün yerə.

- Ədə, o çuvalduzu ver, bu deşiyi tutum.

Və lakin bu zəhmətlərin hamısı nəticəsiz görsənir; ondan ötrü ki, çuval çox köhnəlir; köhnə çuvalda darını saxlamaq çətindir. Samos cəzirəsinin əhalisi yunan tayfasındandır ki, rusca bunlara “qrek” deyirlər. Hərçənd bu millət “pak millətlərdən” deyil; amma bunlar qeyrətli və ziyalı bir tayfadır. Bunlar yunandırlar. Bunlar elə bir tayfadır ki, əgər bunları təzə və möhkəm çuvalın içərisinə doldursan, bəlkə orada qala bilər. Amma Türkiyənin indiki çuvalında bunlar qala bilməzlər; ondan ötrü ki, çuval çürükdür.

Osmanlıda tək bircə türk tayfası dinməz-söyləməz qala bilər. Bunun səbəbi budur ki, cırıq torbaya nə qədər ot və qanqalaq bassan tökülməz. Amma darı və buğda tökülər.

***

Xülaseyi-kəlam dünyada hər bir millət kimi, Sultan Əbdülhəmidin təkdi-təbəiyyətində yaşamağı özünə rəva görür, – bu millət qeyrətdən və insaniyyətdən bilmərrə gərək əl çəksin.

Osmanı idarəsinə səbr edib, Osmanlı torpağında tək bircə türklər və bunlar kimi müsəlmanlar qala bilərlər; ondan ötrü ki, cırıq və dəlik çuvala nə qədər yovşan və küləş bassan tökülməz. Amma erməni, slavyan, yunan və bu qisim millətlər özlərini yox etməyə razı olarlar ki, Sultan Əbdülhəmid kimi padşaha tabe olmasınlar.

Bunun da hikməti buradadı ki, cırıq və yırtıq torbaya əgər darını və buğdanı doldursan elə hey bir ucdan töküləcək. İstəsən də ki, dəliyi tikəsən, görəcəksən ki, bir özgə yerdən töküldü; çünki torba çürükdü.

- Ədə, çuvalduzu ver, bu dəliyi tikim!

Sonra baxıb görəcəksən ki, yenə bir ayrı yerdən tökülür; çünki çuval çürükdür.

“Molla Nəsrəddin”,

26 may 1908 N-21

Yazıya 785 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.