Nəslimizin yarpaq tökümü əslində, çoxdan başlanıb, elə itirə-itirə gedirik. Özü də yaxşılar tələsir, yaxşılar gedir.
Yaxşılar daha tez gedir və bunda da bir hikmət var: Orda mühiti, ab-havanı elə yaxşılar yaradır deyə, yaxşıların getməsi yaxşıdır – pislər gedib oranı da buranın gününə salacaqdılar…
Əvvəllər, təzə-təzə pis olurdum, “filankəs niyə getdi” deyirdim və heç fərqində deyildim ki, burdakılar itirdikcə, ordakılar çoxdan tamarzı qaldıqları simsarlarını tapır, dəstələrini düzəldir, düzəltdikcə də sevinirlər. Onda anladım ki, elə bir gün gələcək, burda qalanlar sağ-sollarına baxıb ürək qızdırası kimsəni tapmayanda, ordakılar üçün darıxacaqlar, orda olmaq istəyəcəklər. Və əslində, burda axıra qalanlar yox, ordakılar xoşbəxt sayılacaq.
Elton da getdi…
“Tez getdi” demirəm, çünki qərarı məsləhət yiyəsi verir, biz nəkarəyik. Amma burda da görəsi işləri az deyildi. Elton bizimlə burda qaldığı hər gün dünyanı bir misqal da gözəlləşdirib özünə bənzədə bilirdi…
Uşaqlığımız bir yerdə keçib, 190-da oxumuşuq, mən “B” sinfində, o, “Q”də. Rəqib komandalarda o qədər futbol oynamışıq ki… Həmişə heyran qalırdım ona: balaca boyuyla vurduğu topa hikkəsini elə qoyurdu, az qalırdım topla birlikdə qapıdan keçəm.
Sonra Elton böyüdü, hamınızın tanıdığı Elton oldu. Amma hər görüşəndə, qıyıq gözlərinin dərinliyində, qapıçının gözünü qırmağa yönəlmiş zərbəsini sağ küncdən endirən həmin o balaca Eltonun bic təbəssümü görürdüm və elə bilirdim heç böyüməmişik…
Yaman görüşmək istəyirdim, zəng vurmuşdum, dedim ürəyim səni istəyir, görüşək, dərdləşək. Dedi ki, bir az babatlaşım, görüşərik, hara tələsirsən – hələ o qədər görüşəcəyik ki?..
Mən də bilirəm ki, orda hələ çox görüşəcəyik, amma burda da istəyirdim, alınmadı. Qaldı oraya…
Bəlkə də elə belə yaxşıdı. Orda görüşək! Orda yanımızda ancaq yaxşılar olacaq.
Orda məsləhət almağa, tez itirdiyimiz atalarımız da, tərimizi silməyə, şıllaqlayıb atdığımız yorğanı yerdən qaldırıb üstümüzə salmağa analarımız da olacaq, davaya getməyə dostlarımız da, futbol oynamağa komandamız da…
Orda Qarabağ da bizim olacaq və onu əlimizdən daha heç kim ala bilməyəcək… Ora yaxşıdı…
Yazıya 1949 dəfə baxılıb