O gecə hamı röyasında dollar görüb hövlnak ayılmışdı yuxudan. Səhər dollar kabusu bürümüşdü aləmi. Dollar suru oyatmışdı hamını. Dollar qalxmışdı ərşi- fələyə. Düzülmüşdü camaat yola: dollardan krediti olanlar özünü asmağa, dolları gəmillərdə, vaqonlarda olanlar isə dollarını asmağa. Asa- as, basa-bas başlamışdı. Kimi ağlayır, kimi gülür, kimi dirilir, kimi ölürdü. Şairlər də şeirlər qoşurdu:
dollar, bu ki məşhuri- cahandı,
qoyma gələ girdari yamandı… və s.
Ətrafa bir iy yayılmışdı. Bəlkə, kimsə dollarla somavar qaynadırdı, o gün.
Uşaqlar “əppək”, “əppək”- deyə ağlayırdı, analar təhnənin dibini sıyırıb 2- 3 kökə yapdılar təndirə. Qorxusundan çörək qoxusu qalxmadı təndirdən o gün.
Məmmədhəsən əmi bazardan əliboş qayıtmışdı, hər şeyin qiyməti 2qat qalxmışdı deyə. İndi Fatmanisə qarıya nə desin başıdaşlı kişi.
O gün toyuqlar da yumurtayandan sonra qorxdu qaqqıldamağa, axı yumurta da bahalaşmışdı.
Camaat nə hayda, bir də gördülər Nəzir kişinin oğlu Şərbəla oxuyur, nə oxuyur, bərəkallah, gəl görəsən:
gündə beş danə yumurta verir hər toyuqlarım.
xəlqi zara gətirir, xoşdu mənə şuluqlarım
hələ Xəzərdə mənim var sualtı buruqlarım,
veririrəm xariciyə sərvəti day- day şotuna
sevirəm mən həmişə milləti day- day şotuna…
Neft kimi qanı qaraldı hamının, o gün. Əllərini göyə qaldırıb “Xudaya bizə kömək ol” deməkdən başaqa bir çarə yox idi. Allah da üz döndərmişdi elə bil,bu zavallılardan. Nəhayət göydən bir səs gəldi, “əşiii, sən bir latareya al da” misalı…
Yazıya 995 dəfə baxılıb