Son dövrlər Azərbaycanda tamam yeni bir etnik münaqişə ocağı hazırlanmaqdadır. Bu, bütün tərəfləri ilə Qarabağ münaqişəsinə çox oxşayır. İlk baxışdan hər bir azərbaycanlıya yersiz, süni görünən bir “talış problemi” ortaya çıxarılıb və artıq Rusiyada “Talışıstan TV” adlı separatçı televiziya fəaliyyətə başlayıb. Televiziyada Azərbaycanın ərazi bütövlüyü şübhə altına alınır, talış xalqına separatçı çağırışlar edilir. Yeni yaradılmaqda olan bu problemin nə üçün ortaya çıxarıldığını, əslində kimlərə xeyir verəcəyini, Azərbaycanın bu problem qarşısında necə davranmalı olduğunu təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl xeber365.com saytı üçün şərh etdi.
– İlham bəy, bir neçə ay əvvəl Azərbaycan əleyhinə fəaliyyəti açıq görünən “Talışıstan TV” adlı seperatçı televiziya yaranıb. Azərbaycan mətbuatı həmin Televiziyanın Ermənistandan yayımlandığını bildirsə də, siz bu haqda açıqlamanızda televiziyanın Moskvada fəaliyyət göstərdiyini iddia etmisiniz. Fikrinizi necə əsaslandırırsınız?
– Əvvəla qeyd edim ki, bir televiziya yaratmaq üçün ən birinci böyük maliyyə vəsaiti ayrılmalıdır. Həmçinin məsələnin strateji ağırlığını da nəzərə alsaq, uzun müddətdir talış məsələsini qabardıb, artıq bu məsələ ilə bağlı televiziya yaratmaq Rusiyanın planlarıdır. Bu ilk belə fakt deyil, əvvəllər Rusiyada talış məsələsi ilə bağlı bu və ya digər şəkildə saytlar yaradılırdı. Onlara nümunə kimi: antituran.com, talish.info və s. saytları göstərmək olar. Təkcə bir məqamı çatdırım ki, “Talışıstan” televiziyası fəaliyyətə başlayanda, ilk buraxılışlarında əvvəlcə Putinin, sonra Sərkisyanın, axırda isə Həzi Aslanovun şəkili ekrana çıxırdı.
– “Talışıstan” televiziyasının fəaliyyəti kimə və nə üçün lazımdır?
– Bu televiziya açıq separatizm aparır. Deyə bilərik ki, bunların Azərbaycanda yaşayan talış xalqına aidiyyatı yoxdur, ancaq talışların içindən çıxan həmin adamlar Moskvada, İrəvanda əyləşib Azərbaycanın əleyhinə fəaliyyət göstərirlər. Bütün bunlar Rusiyanın Azərbaycana təzyiq vasitəsidir. Rusiya müstəqil Talış Respublikası olmasının, ya da onlara muxtariyyət verilməsinin marağında deyil, sadəcə Azərbaycanı daim öz təsirində saxlamaq üçün bu yoldan istifadə edir. Diqqət versəniz, “Talışıstan televiziyasında” erməni xəttini xüsusi qabardıblar, bununla “ermənilər də vaxtilə separatçı yollarla Azərbaycanın bir parçasını işğal edə biliblərsə, deməli talış separatçıları da həmin yolla Azərbaycandan torpaq qopara bilər” mesajını verirlər. Təbii ki, arxalarında da Rusiya və İran dayanmaqla. Çünki talış separatçıları özləri Rusiya və İrandan dəstək aldıqlarını gizlətmirlər.
“Anlamıram ki, mədəniyyət sahəsində talışlar hansı addımı atıblar və hökumət onların bu addımının önünü kəsib?”
– Azərbaycan ona bu yolla təzyiq göstərən Rusiyayla münasibətini necə tənzimləməlidir?
– Azərbaycan, Ermənistanı silahla təmin etdiyinə görə Rusiyaya nota vermişdi. Eynilə indi gündəmə gətirilmiş “talış məsələsi”ni də notalar, bəyanatlar vasitəsilə həll etmək mümkündür. Azərbaycan hökuməti açıq şəkildə çıxış edə bilər ki, biz ölkə ərazisindəki heç bir xalqın dilini, mədəniyyətini inkişaf etdirməyinə, öz dilində təhsil almasına mane olmuruq, qanunlarımız da məhz azsaylı xalqların haqlarının qorunmasına şərait yaradır.
Azərbaycan hökuməti hüquqi-diplomatik yollardan istifadə edərək Rusiyada fəaliyyət göstərən həmin saytın Azərbaycan əleyhinə fəaliyyətinin dayandırılmasını tələb edə bilər. Hələ mən görməmişəm ki, Azərbaycan televiziyalarında yerli talışlar baş verənlərə münasibət bildirsin, baş verənlərlə razı olmadıqlarını desinlər. Dövlət hər şeyə münasibət bildirir, amma ortada aşkar olan böyük separatçı fəaliyyət var və dövlət buna da qarşı da susmamalı, birmənalı münasibət bildirməlidir. Dövlət isə hələlik susur. Əlaltından işlər görürsə belə, biz onun nəticələrini görmürük.
Yenə deyirəm, bu problemin həlli üçün çox yol var, əgər bu məsələni nəzarətsiz buraxsaq, ikinci bir Qarabağ məsələsinə aparıb çıxaracaq.
“Eldəniz Quliyev separatçı Azərbaycan düşmənlərini talış ziyalıları adlandırmamalıdır”
– Sizcə süni yaradılmış bu problemin qarşısı alınmasa, hansı yolla inkişaf edəcək?
– Düzdür, hələlik “Talış problemi” kütləvi hal almayıb, ancaq həmin televiziyada tez-tez talışların kütləvi olaraq “Talışıstan televiziyasına” məktublar yazıb onları dəstəklədiklərini deyirlər, amma məktub yazanların adları açıqlanmır. Guya xüsusilə gənclər onlara məktub yollayaraq tərəflərində olduqlarını bildirirlər. Ancaq “Talışıstan televiziyasının” ermənilərlə işbirliyi talış xalqının onlara olan münasibətini bəri başdan korlayır. Hətta onların talışların dilini, mədəniyyətini, musiqisini təbliğ etməkləri belə ermənilərlə birgə efirə çıxmalaqlarının fonunda öz mənasını tamam itirir. Çünki talışlar azərbaycanlıdır, Azərbaycanla birbaşa bağlı adamlardılar, Azərbaycanın düşməni onların da düşmənidir. Əlbəttə, nəzarətsiz buraxılsa, fəsadlar da ortaya çıxacaq. Əlavə olaraq bura İran tərəfdən dini faktor vasitəsilə təsir də olsa, cənub bölgəsində dövlətə kifayət qədər başağrısı gələ bilər. Yadınızdadırsa, Talış-Muğan respublikası da elə-belə yaranmamışdı. Xarici qüvvələrin, böyük ölkələrin burda böyük marağı vardı. Beləliklə, Azərbaycan hökuməti həm diplomatik, həm təbliğat, həm də xüsusi xidmət orqanlarının vasitəsilə bu məsələləri həll edə bilər.
– Azərbaycanda “Azəri-Talış birliyi” adlı bir təşkilat var. Eldəniz Quliyev onun təsisçisidir. O deyir ki, talışların çoxu bu televiziya ilə razı deyil, amma talışların mədəni muxtariyyət istəməsinə təbii yanaşmaq lazımdır.
– Eldəniz bəyin fikirləri ilə tanışam, amma onun bəzi şərhləri ilə heç cür razılaşa bilmirəm. Xüsusilə də İsmayıl Şabanov, Fəxrəddin Aboszadə kimi separatçıları, Azərbaycan düşmənlərini talış ziyalıları adlandırması ilə heç cür razılaşmaq mümkün deyil. Eldəniz bəyin mövqeyində ciddi arqumentlər yoxdur. Talışların Azərbaycanda bütün haqları təmin olunub. Həm qanunlar onların hüquqlarını müdafiə edir, həm də hələ heç bir talış öz dilində danışdığı üçün hansısa təzyiqə, diskriminasiyaya məruz qaldığını deyə bilməz. Anlamıram ki, mədəniyyət sahəsində talışlar hansı addımı atıblar və hökumət onların bu addımının önünü kəsib? İnanmıram ki, Azərbaycan dövləti talışların ölkə qanunlarına və Konstitusiyasına uyğun hansısa istəklərinin əleyhinə addım atsın, onun qarşısını alsın.
xeber365.com
Yazıya 998 dəfə baxılıb