`İlham Əliyevin Ankara səfəri ciddi mesajdır` – ŞƏRH

ilham

Martın 13-də Ankarada baş verən terror hadisəsi ilə əlaqədar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri növbəti dəfə təxirə salınıb.Azərbaycan prezidenti İlham Əliyev qardaş Türkiyəyə jest edərək Ankaraya getmək barədə qərar qəbul edib.

 

Türkiyə mətbuatının verdiyi xəbərə görə, Bakıda planlaşdırılan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası Azərbaycan prezidentinin təklifi ilə Ankarada keçiriləcək.

Siyasi analitiklər Azərbaycan prezidentinin Türkiyəyə getməsini terrorçulara və onlara dəstək verən güclərə ciddi mesajı kimi qiymətləndirirlər.

Politoloq Fikrət Sadıqovun fikrincə, prezident İlham Əliyevin Ankaraya səfər etməsi Azərbaycanın hər zaman olduğu kimi indi də Türkiyənin yanında olduğunun mesajıdır.

“Ölkə başçısının bu addımı Türkiyə-Azərbaycan münasibətləri üçün mühüm əhəmiyyət daşıyır. Belə bir anda Türkiyəyə getmək, bu ölkənin yanında olmaq, Azərbaycanın varlığı ilə qardaş ölkəyə başsağlığı vermək hər dövlət başçısının siyasəti ola bilməz. Bu, qeyri-adi jestdir. Amma əslində burada qeyri-adilik yoxdur. Çünki həmişə yanında olduğumuz Türkiyəyə bir daha bəyan edirik ki, ağır gündə də sizin yanınızdayıq və hər bir köməkliyi etməyə hazırıq”.

İlham Əliyevin jestinin terrorçulara ciddi mesaj olduğunu deyən ekspertin sözlərinə görə, Azərbaycan prezidenti bununla Türkiyənin təklənmədiyini göstərdi.

Politoloq Qabil Hüseynlinin sözlərinə görə, prezident İlham Əliyevin ən çətin günlərində Türkiyəyə getməsi dünya ölkələri üçün ciddi mesajdır. Q.Hüseynli hesab edir ki, Türkiyə İlham Əliyevin bu jestini yüksək qiymətləndirəcək: “İlham Əliyev bu addımı ilə Azərbaycanın Türkiyə ilə dostluğa nə qədər sadiq olduğunu və bu münasibətləri yüksək qiymətləndirdiyini bir daha sübut etdi”.

Politoloq qeyd edib ki, İlham Əliyevin Ankaraya getməsi Türkiyədə terror törədənlərə də bir mesajdır: “Ölkə başçısı Türkiyəni terrorla hədələyən qüvvələrə göstərdi ki, Türkiyə tək deyil. Onun yanında müttəfiqləri var. Türkiyə heç vaxt darda qalmayacaq. Lazım olarsa, bütün türk dövlətləri Türkiyənin yanında olacaq. Bu istiqamətdə ilk addımı Azərbaycan atdı. İlham Əliyev türk dünyasının önəmli liderlərindəndir. Prezidentin bu səfəri dünya ölkələrinə mesajdır ki, türk dünyasını təkləmək olmaz. Bu, həm terrorçulara, həm də terrorçuları müdafiə edən güclərə verilmiş mesajdır”-deyə Q.Hüseynli bildirib.

AzVision.az

Yazıya 604 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.