Çıxılmaz vəziyyətdə nə etməliyik?

leman1

Ləman Piriyeva

Çıxılmaz vəziyyətdə nə etməliyik?

“Çıxılmaz vəziyyət” ifadəsi, yəqin ki, hamıya tanışdır. Hər birimiz həyatımızda bir neçə dəfə çətin hadisələrlə üzləşmişik. Bəzən çətin vəziyyətdən çıxmaq, istədiyin nəticəni əldə etmək üçün var gücünlə çalışır və bütün tədbirlərə əl atırsan. Bunun üçün gecə-gündüz cəhd edir və hər cür vasitəyə əl atırsan, amma heç bir nəticə əldə edə bilmirsən. Bəzi hallarda insanlar rahatlıqla çətinliklərin öhdəsindən gələ bilirlər, çox təəssüf ki, bəzən isə insan belə vəziyyətlər qarşısında həyatlarına belə qəsd edirlər.

Son zamanlar, xüsusilə manatın son devalivasiyasından sonra bir çox intihar xəbərləri yayıldı. Həm canlı həyatımızda bu cür halların şahidi olduq, həm də xəbərlərdən eşitdik və gördük. Diqqətçəkən məqam isə ondan ibarətdir ki, intihara cəhd edənlər, əsasən, cavan insanlardır. İnsanlar həyatın ağır olmasından, çətinlikdən şikayətlənir və ən yaxşı halda depressiyaya düşürlər.

İndi misal çəkəcəyim hadisələrdən bir çoxunuz xəbərdarsınız: biri sevdiyi insanla evləməyə izin verilmədiyi üçün evini tərk edir,  digəri banka borcu olduğu üçün həyatına qəsd edir və ya oğurluq edir, tələbə imtahandan kəsildiyinə görə intihar edir, pis xəstəliyə tutulan insan isə depressiyaya düşür … Bu cür nümunələrin sayını istədiyimiz qədər çoxalda bilərik və belə hallar getdikcə daha çox artır.

Bəs niyə insan çıxılmaz vəziyyətdə qalır? Və niyə bəzi insanlar belə vəziyyətlərdən çıxış yolu kimi intihar, depressiya, evini tərk etmə, oğurluq kimi yollara əl atırlar? Niyə belə hallarda insanlar canlarına qəsd edirlər? İnsan həyatından əhəmiyyətli nə ola bilər ki? Ümumiyyətlə, çıxılmaz vəziyyət var, yoxsa yoxdur?

Allahın sözü olan Quran hər mövzuda bizə ən doğru yolu göstərdiyi üçün bu məsələdə də ona müraciət edək və suallarımızın cavablarını orada axtaraq. Allah Loğman surəsinin 17-ci ayəsində “Başına gələn çətinliklərə səbir et. Həqiqətən, bu, əzm (tələb edən) əməllərdəndir”, – deyə buyurur. Bu, Allahın qəti əmridir. Əgər insan Allahdan qorxarsa, etdiyi hər hərəkətin axirətdə hesabını verəcəyini unutmazsa, o zaman Quran əxlaqından başqa heç bir əxlaqa yanaşmaz. Belə insan bilər ki, əgər Allaha təvəkkül edərsə, yəni yaradılan hər hadisənin Allah tərəfindən xeyirlərlə yaradıldığını bilərsə, Allah o çətinliyi onun üçün asanlaşdırar və onu bu vəziyyətdən çıxarar. Əgər həmin hadisə yenə də insanın ürəyincə nəticələnməzsə, Allahın hər şeyi xeyirlə yaratdığını unutmaz.

Unutmayaq ki, bu dünya imtahan yeridir. Dünyada baş verən heç bir hadisə, heç bir hal insan həyatından önəmli deyil. Həmin çətinliyi yaradıb qulunu ən gözəl şəkildə imtahan edən Allahdır. Allah isə insanın hər halına bələddir və ona şah damarından daha yaxındır. Əgər çətinlik olarsa, “çıxılmaz vəziyyət” yaranarsa, insanın atacağı yeganə addım Allaha dua edib, çıxış yolunu Ondan istəmək və Ona təvəkkül etməkdir. Məhz bu an Allah Öz yardımını həmin insana çatdırar. Kənardan baxanda insana elə gələ bilər ki, bu hadisədəki bütün yollar bağlanıb və artıq çıxış yolu yoxdur. Amma Allah insanın görmədiyi, düşünmədiyi, bilmədiyi bir tərəfdən ona yol aça bilər. Talaq surəsinin 2-3-cü ayələri bunu sübut edir: Allahdan qorxana, (Allah) çıxış yolu göstərər  və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər. Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər.

Deməli, “çıxılmaz vəziyyət” deyə bir ifadə yoxdur.  İnsan Allahın ucalığına, qüdrətinə sığınaraq hər çətinliyin öhdəsindən asanlıqa gələ bilər. Allahı özünə dost edən insan başına gələn heç nədən qorxmaz və çəkinməz. Hər şeydə Ona güvəndiyi, Ona yönəldiyi üçün Allah həmin insanı buraxmaz və onu üstün məqama gətirər, maddi və mənəvi nemətləri ilə üzərində təcəlli edər. Bir də Allah ədalətlidir, insana heç vaxt dözə bilməyəcəyi yük yükləməz. Odur ki, başımıza hər nə gəlsə də, Allaha sığınıb Ona güvənmək lazımdır.

Kultur.az

Yazıya 934 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.