Şəhid oğlunun dedikləri
Darıxır
anamın cehizlik ütüsü
Atamın biçənək ətirli
pal-paltarıyçün…
Ütüyə gəlmir ancaq
heç birisi!..
Atamdan qalanlar
sandıq vətəndaşı
illərdir qırışmır
Anamın əlləri qırışıb ancaq,
ütümüz də qocalıb.
Atamın pal-paltarı
cəzasını çəkir
sandıq küncündə
dərsə hazırlıqsız bir şagird kimi.
Gözləyirəm…
iki ilə,
üç ilə …
bəlkə nə vaxtsa…
boyum çata atama.
Geyəm paltarlarını.
yıxam özümü yerdən-yerə,
sürünəm asfalt üstdə,
bəlkə bir az qırış qatam
bəlkə bir az çirkləndirəm
sevindirəm anamın əllərini,
sevindirəm ütümüzü…
…Anamı heç elə görməmişdim
Atamı gətirəndə
sıxmışdı əllərini…
camaat görməsəydi
yumruqlardı atamı:
“bu iki yetimə bəs, kim baxacaq?!”
…Sonralar
üzümə baxıb,
saçıma əl gəzdirdi
və…
“şəhidlər ölməz” dedi…
Yayın gözü açılan kimi
anam yorğan-döşək
çırpır həyətdə.
Gözündə sevgi,
qolunda nifrət.
Çırpır
ürəyinin çırpıntısını,
çırpır atamın yoxluğunu.
…Atamın izini,
dizini döyür anam.
Sonra nəsə fikirləşib
gözünü döyür anam…
Yazıya 720 dəfə baxılıb