Nihat Cəbrayıl – Danışmadan susmaq…

12369249_1653238691615621_6315567466564557225_nYalnızlıq qorxum vardı mənim. Utandığımdan kimsəyə söyləmədiyim yalnızlıq. Birdən eşidən olar, birdən lağa qoyarlar məni deyə, söyləmədim kimsəyə. Əslində, qorxduğum lağa qoyulmaq deyildi ki. Mən yalnız qoyulmaqdan qorxurdum. Eşidən olar və məndən həyatımdakı hər kəsi alar götürər. Hansı şeytan səs apardısa, ilk qorxumu atamı itirdiyimdə yaşadım. Yalnızlık lay divar kimi çökdü üzərimə və qulağıma pıçıldadı “qorxma hələ bu harasıdı, sən kişisən, möhkəm ol” dedi yalnızlığın o əsrarlı səsi. Gözlərimi silib, “həyata davam” dedim. Nə davammış amma. Mən bu yalnızlıq qorxumu gizlətdikcə bir az daha yalnız qaldım. Yalnızlıq əlini qolunu sallaya-sallaya evimin baş tərəfinə keçdi. Sonra izn belə almadan çayımı soyutdu, istəyib-istəmədiyimin fərqinə belə varmadan yatağıma uzandı, həmdə boylu boyunca. Pəncərələrimi bağlatdı mənə yalnızlıq. Mənim yaşadığım evlərin heç vaxt cüt açarı olmadı. Yeməklərin ilk loxması hər zaman ürəyimdə qaldı..

Aci dil asi qərib bir adam etdi məni yalnızlıq. Amma haqqına da girmək istəmirəm. Mənə yemək bişirməyi, ev silməyi paltar yumağı öyrətdi. Amma nədənsə onda “yekə kişisən, bu nə işlərdi görürsən?” demədi yalnızlıq. Bəzən sevgilim, bəzən anam…

Gecələr dostum, ya da qardaşım oldu yalnızlıq. Sözünün üstündə durdu kişi kimi: “hələ bu harasıdır?” dedi hər çöküşümdə. Mən də zamanla yalnızlığıma da onun vədlərinə də alışdım. İndi bu qarlı havada ağlıma hələ bu harasıdırlar gəldi, gülümsədim və pəncərəmi sanki bir də açmayacağammış kimi möhkəmcə bağladım. Ayaqqabımı geyinə-geyinə “heç yerə tərpənmə, bir çay qoy, gəlirəm” deyib çıxdım.

Bu qarın şərəfinə içilir, deyilmi YALNIZIQ…

Yazıya 1012 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.