Şair-filosof Əlişad Qaraqasımlının lirik və fəlsəfi şeirlərinin spesifik xüsusiyyətləri haqqında

1902788_614529541965133_896121757_nZəngin bədii yaradıcılığı və tərcüməçilik fəaliyyəti çağdaş Azərbaycan ədəbiyyatının ikinci dövrünə təsadüf edən, sovet hakimiyyəti dönəmində yaradıcılığının çiçəklənməsi dövrünü yaşayan, lirik və fəlsəfi şeirlər müəllifi şair-filosof Əlişad Qaraqasımlının öz dəst-xətti, əsərlərinin spesifik xüsusiyyətləri, müəllifi öz yaşıdlarından,  xüsusilə də yetmişinci-səksəninci illərdə ədəbiyyata gələn şairlərdən köklü surətdə fərqləndirir. Postsovet məkanında ədəbiyyat sahəsində şair və yazıçılar üçün yeni imkanlar və geniş üfüqlər açan, Moskva şəhərində fəaliyyət göstərən SSRİ Yazıçılar İttifaqının Maksim Qorki adına Ədəbiyyat İnstitutunun “Poeziya” fakültəsini əla qiymətlərlə-fərqlənmə diplomu ilə başa vuran şair-filosof Əlişad Qaraqasımlının (qeyd edək ki, çağdaş Azərbaycan ədəbi elektron məkanında yazıları ilk öncə “Əlişad CƏFƏROV” imzası ilə yayınlanıb) yaradıcılığı üçün spesifik olan əsas xüsusiyyət məhz baş verən hər hansı bir hadisəyə (istər ictimai, istərsə də siyasi) fəlsəfi yönümdən yanaşmaq müəllifi yaşıdlarından və digərlərindən köklü surətdə fərqləndirən əsas müsbət cəhətlərdən biri kimi xarakterizə olunsa, daha doğru olardı. Birmənalı olaraq qeyd etmək lazımdır ki, şeirlərinin hər birində sovet hakimiyyəti dövrünün sosial-ictimai ab-havası, əhval-ruhiyyəsi müəyyən mənada duyulur. Maraqlı cəhət ondan ibarətdir ki, gərgin yaradıcılıq fəaliyyəti ilə öz yaradıcılığını zənginləşdirən müəllif məhz sovet hakimiyyəti dövründə yazıları ilə müntəzəm olaraq ən ünlü mətbu orqanlarda (istər qəzet, istərsə də jurnal səhifələrində) mütəmadi olaraq çıxış etsə də, şeirlər kitabı işıq üzü görməmişdir. Göz bəbəyi kimi qoruyub saxladığı bədii yaradıcılıq nümunələri həmin illərdən müəllifə qalan ən xoş xatirə kimi xarakterizə olunmalıdır. Ən başlıcası ona görə ki, müəllif məhz həmin illərdə qəlbinin sözü ilə bir-birindən dəyərli, bahar ətirli əsərlərini qələmə almağa müəssər olub. Müəyyən mənada demək olar ki, çağdaş dövrün müəyyən hadisələrilə səsləşən həmin əsərlərin-ürək döyüntülərinin üstündən illər keçməsinə baxmayaraq, hələ də öz dəyərini qoruyub saxlaya bilib. Bir halda ki, müəllifin özü də dəyərli insan, istedadlı qələm sahibidir, deməli, müəllifin yazılarının hər birinə oxucular tərəfindən düzgün yanaşma var.

Hansı mövzuda yazmasından asılı olmayaraq, hər bir nümunə səmimiyyətlə qələmə alınıb. Ona görə də, illər keçəndə belə, öz təravətini itirmir. Aktuallığı ilə geniş oxucu auditoriyasını düşündürməyə vadar etməklə, yalnız və yalnız səmimiyyət, humanizm kimi ən ali hissləri təbliğ etmiş olur.  Yaradıcılığı boyu heç kəsi yamsılamır. Poeziyasında, zəngin yaradıcılığında dünyaya qəm yükünü daşımağa gələn şairlər haqqında söhbət düşən kimi Böyük Türk şairi Nazim Hikməti mütaliə etməyi məsləhət görür (Hətta, dəfələrlə Nazim Hikmətdən şeirlər dediyinin də şahidi olmuşam).  Xüususən də, şairlərin taleləri ilə bağlı şeirləri ürək ağrısı ilə qələmə alır.

Azərbaycanda hərc-mərcliyin, özbaşınalığın, anarxiyanın tüğyan etdiyi bir vaxtda şair-filosof Əlişad Qaraqasımlı “Şamaxı şairləri” (1991-ci ilin aprel ayında) adlı yeni şeirini oxucusu ilə bölüşmək istəyir:

Qılınc qələmindən od-alov saçır,
Vulkanlar püskürür şeirlərindən.
Amalı uğrunda başından keçir.
Məqsədi yolunda çıxır dəridən.

Görünür, şair-filosof Əlişad müəllim üçün həyat dərk olunan bir həqiqətdir. Yaşanan günlər isə sınaq və imtahan dolu anlardır. Bu mənada, müəllifin fəlsəfi şeirləri  daha çox oxumağa və müzakirə olunmağa layiqdir.

Ümumiyyətlə, əsərlərinin hər biri ayrı-ayırılıqda oxunmalı, bənzərsiz yaradıcılıq nümunələri nöqteyi-nəzərindən yanaşılmalıdır. Çünki geniş dünyagörüşünə malik müəllifin buna haqqı var.

Yazılarının hər birində oxucusu ilə ilk növbədə səmimiyyət dilində danışan müəllif qəlbində oyanan duyğu və hissləri dilə gətirir, nəzmə çəkir. Hətta, bəzi nümunələr nəğmə kimi səsləşir. Bu baxımdan, müəllifin keçən əsrin 80-ci illərində yazmış olduğu “Yük olma, şerim!” xüsusilə oxucunü dərin düşüncələrə daldırır.

Sadalanan bu xüsusiyyətlərin hər biri müəllifin uğurları kimi qəbul olunmalıdır. Yetişməkdə olan yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndələrinə, ədəbiyyatsevərlərə, poeziya həvəskarlarına, ədəbiyyatşünas alimlərə, ədəbi tənqidçilərə çatdırılmalıdır.

Hələ sovet hakimiyyəti dönəmidə yaşadığı günlərdə Azərbaycançılıq ideologiyasını və məfkurəsini özü üçün əsas ideoloji amil seçən şair-fiolosof Əlişad Qaraqasımlı hər an böyüyüb, boya-başa çatdığı müqəddəs bir torpağın-Ana yurdumuz Azərbaycanın şair övladı olduğunu bildiyi üçün hər zaman Azərbaycançılığı özündə əks etdirən hər nə varsa-Azərbaycan Respublikasının Dövlət Bayrağına, Azərbaycan Respublikasının Dövlət Himninə, Azərbaycan Respublikasının Dövlət Gerbinə bağlı olduğunu adi danışığında belə böyük qürur və fəxr hissi ilə qeyd edir.

Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, klassik şair Uilyam Şekspirin illər öncə söylədiyi bir fikri yadıma düşdü: “İstedadını danmaq-istedadlıq əlamətidir”.  Həyatı boyu bu fikrə, amala sadiq qalan müəllif  “Mən şairəm”, “Ən gözəl şair mənəm” kimi ifadələri işlətməklə, özünü öymür. Əksinə, üzvü olduğu cəmiyyətdə sadə və səmimiyyəti ilə seçilməyi qarşısına məqsəd qoyur. Çünki bioloji və sosial varlıq olaraq müəllif də öyülməli-təriflənməli olan yalnız Allahın olduğunu dərk edir. Uzun illərdir ki, zəngin yaradıcılığında yorulmaq bilmədən fəlsəfəsini uğurla davam etdirən müəllif Vətənpərlik qayəsindən çıxış etməyi də unutmur. Bu baxımdan, müəllifin “Vətən duyğuları” şeiri (yeri gəlmişkən, bu şeir daha çox simfoniya kimi səsləşir) gözlərimiz önündə canlanır:

Dilənçi deyilik, hey əsə-əsə
Qəpiyə, quruşa əyilən, Vətən!
Əgər ki uğrunda bir gün ölməsək,
Demək, övladın da deyilik, Vətən!

Klassik ədəbiyyatda Məhsəti Gəncəvi, Ömər Xəyyam kimi söz sənətkarlarının yaradıcılığında daha çox rast gəlinən, ictimai-siyasi, əxlaqi-fəlsəfi görüşlərini təlqin və təbliğ edən rübailər üçün səciyyəvi olan bu xüsusiyyətlər müəllif şeirlərindən yan keçmir.

Əsası çağdaş Türkiyə Cümhuriyyətinin qurucusu və memarı, Türk Dünyasının böyük şəxsiyyəti Sayın Osman Gazi Mustafa Kamal ATATÜRKün illər öncə söylədiyi və xalqın yaddaşına əbədi olaraq hopan “Cihanda aşk, yurtta aşk” fikri əsərlərinin leytmotivi kimi müəllifi hər addımbaşı izləyir.

Müəllifin adi həyat tərzində belə, TÜRKÇÜLÜK, TURANÇILIQ ilə bağlı səmimi söhbətlərini dinləyəndə hər dəfə görkəmli ictimai-siyasi xadim, böyük öndər Mustafa Kamal ATATÜRKün fikirlərini xatırlamamaq olmur: “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Azərbaycan bizim qardaşımızdır. Heç nəyə baxmayaraq, ona yardım etmək borcumuzdur” və yaxud da “Azərbaycan bayrağının Türkiyə bayrağı yanında Türkiyə səmasında dalğalanmasını görmək bütün millətimiz üçün böyük bir bayramdır”.

Ümumilikdə isə, dövlətimizin-müasir müstəqil Azərbaycanımıın öz dövlət müstəqilliyini bərpa etməsindən sonra ilk olaraq bağımsızlığımızı (müstəqilliyimizi) istər Azərbaycan Xalq Cümhuriyyəti dönəmində, istərsə də 90-cı illərdə, xüsusən də ümummilli lider, ulu ödnər Heydər Əliyevin hakimiyyəti illərində məhz Qardaş Türkiyə Cümhuriyyətinin tanıması biz azərbaycanlılar üçün böyük fəxarət hissidir. Ona görə də Qardaş Türkiyə Cümhuriyyətinə olan sonsuz sevgi və sayqımızı əbədidir.

Sovet ideologiyasının şairlər və yazıçılar üçün müəyyənləşdirdiyi standart, şablon ifadələr kolxoz və sovxozda çalışan əməkçi insanların tərənnümü müəllif yaradıcılığı üçün yaddır. Daha çox yaşanan həyatdan zövq almağa çağıran şerləri öz ədəbi-bədii zənginliyi yönümdən çağdaş dönəmdə də yayımlanmağa layiqdir.

Əsərləri ilə oxucularını hər dəfə həyəcanlanmağa sövq edən şair-filosof Əlişad Qaraqasımlının ruh, can kimi önəmli məsələlər də şeirlərindən yan keçirmir. Əksinə, oxucunu bir az da düşüdürmək və ibrət almağa çağırış kimi səslənir həmin şeirlər:

Ömrə-günə eh, nə deyim,
Hansı fərəhimi öyüm?
Sudur dünya, gəmidəyəm
Mən bir Nuh kimi, Nuh kimi.

Müəllifin tərcüməçilik sahəsindəki gərgin fəaliyyəti də tədqirəlayiqdir. Dünya ədəbiyyatının, xüsusən də rus klassiklərinin əsərlərini Azərbaycan türkcəsinə böyük ustalıqla çevirməyi bacaran müəllifin Vətənpərlik, humanizm kimi ən ali hissləri müəllifi bir an belə tərk etmir.

Çağdaş Rusiya ədəbiyyatının görkəmli nümayəndələrinin-A.S.Puşkinin, Yevgeni Juravlyovun, Viktor Bokovun əsərlərini zərgər dəqiqliyi ilə tərcümə etməsi isə əslində, müəllifin zəngin tərcüməçilik qabiliyyətindən xəbər verir.

Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü və dəstəyi ilə həyata keçirilən “Çağdaş Azərbaycan poeziyasının inkişafına dəstək” layihəsi çərçivəsində Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Poeziya” şöbəsinin müdiri və redaksiya heyətinin üzvü, Şair-filosof Əlişad Qaraqasımlının şeirləri Qardaş Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən mədəniyyət və ədəbiyyatyönümlü dərgilərdə-“Kümbet” (Tokat şəhəri) və “Kardelen” (Bilecik şəhəri) Anadolu türkcəsində dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılıb.

Sonda, qələm dostumuz, lirik və fəlsəfi şeirləri ilə oxucuları düşündürən şair-filosof Əlişad Qaraqasımlıya yeni və ilk şeirləri kitabının işıq üzü görməsi diləyi ilə

Dərin hörmət və ehtiramla,

Kənan AYDINOĞLU,

Gündəlik Analitik İnformasiya Agentliyinin

Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

 

Yazıya 554 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.