Pərvanə Bayramqızı “Elektron dostlar”

48389776_298591587434310_37494750961467392_n

Elektron dostlar

 

Zəkası, dərrakəsi böyük, güclü olan beyin sahibləri dünyanı qarışdırdılar. Siyasət və müharibə oyunlarını qoyaq bir kənara. Bunlar gördükləri ən pis işlərdir. Biz yaxşı hesab etdiyimiz, işimizə yarayan elektronlaşmadan yazaq. Bütün əl əməklərini elektron cihazlara “həvalə” etməkdən sakitləşməyən zəki insanlar axırda robot adamlar da yaratdılar. İndi hamı evdə robot xidmətçinin olmasının səmərəsindən danışır. Belə bir vaxtda mən də elektronlaşdırılmış dostlardan yazmaq fikrinə düşmüşəm.

“Dost min olsa azdır” atalar sözünü  dəyişib “Dostun nə qədər çox olsa profilin bir o qədər zəngin, “like”lərin bol, statuslarının rəngarəng rəyləri olar”deyək. Filankəs “xeyirə-şərə”, yox “statusa, rəyə yaramayan adamdır” deyək. Dar günümüzdə gendən oğrun-oğrun baxan həyatdakı dostlarımız kimi profilimizə də kiminsə profilindən “adlayıb” baxan dostlarımız çoxdur.  “Üz-üzdən utanır” deyib like edənlər, “O həmişə statuslarımı bəyənir, cəhənnəm qoy mən də onunkunu bəyənim” əzabıyla könülsüz düyməni basanlar, bir-birinin əleyhinə yazılmış olan  iki statusun ikisini də bəyənənlər bizim azərbaycanlı elektron dostlarımızdır. Mənasız status yazanlara bəzən sosial vəziyyətinə görə etiraz edə bilmirik. Müəlliflə münasibətimiz varsa məzmunsuz yazdıqlarını da bəyənirik. Beləcə bir-birimizi yola veririk.

Mənə dostluq təklifi göndərənlər mənim dostluq təklifi göndərdiklərimdən dəfələrlə çoxdur. Kimin ki, yazılarını oxumaq istəmişəm onlara dostluq təklifi göndərmişəm. Bu da on-on beş nəfər hamımızın sevdiyimiz qələm adamlarıdır. Onu da qeyd edim ki, ədəbi mühitin tanınmışlarından özləri  təklif göndərənlər də az deyil. Profillərinə baxıram, əgər normal yazılar paylaşırlarsa qəbul edir, kobud ifadələr işlədibsə təklifi rədd edirəm. Elektronlaşmış dostlar arasında başa düşə bilmədiklərim daha çoxdur. Məsələn, tanınmış üç nəfər şair var. Heç vaxt heç nədə iştirakını görmürəm. Boşuna yer zəbt etdiyindən dostluqdan çıxarıram. Elə bil pir olmuşlar bunu gözləyirmiş. Çıxaran kimi həmən təkrar dostluq göndərirlər. Bir deyən gərək, ay dost, axı bizim dostluğumuz tutmur, niyə zəhmət çəkib yenə bu təklifi göndərirsən. Heç kəslə “like” davası çəkmir, zorla statuslarımı bəyənin demirəm. Sadəcə, məsləhət görürəm ki, profilimin qapısından-pəncərəsindən boylanmayın.

Bunlardan da betər elektron dostlar bilirsiniz hansılardır? Bütün günü profilində veyllənən, hər cümləni oxuyan, paylaşdığın şəkillərə dönə-dönə baxan, yazılarını skrinşot edib kiməsə göndərən amma paxıllığından özünü xəbərsiz kimi göstərənlər. Yəqin ki, sizin də bu cür dostlarınız var. Olsun. Amma o paxıllara qarğamayın. Elə bu narahatlıqları onlara bəs edir. Başqa problemlərinin olmasına ehtiyac yoxdur.

Yazıya 1170 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.