Dəhşətli gecə idi o gecə,
Tarix qanlı sətirlərini yazmaq üçün,
Açmışdı səhifəsini,
Dəniz də susmuşdu,
Duymaq olmurdu,
Dalğaların səsini
Torpaq da susmuşdu,
Qorxudan qar ilə örtülüb,
Kəsmişdi nəfəsini.
Azadlıq eşqiylə döyünən yüzlərlə ürəyin,
Tanklar altında qalacaq yüzlərlə kürəyin,
Yarımçıq qalacaq neçə diləyin,
Son gecəsi idi bu gecə.
Yüzlərlə məsum haqq səsini duyurmaq üçün yığışmışdılar.
Gözlərini qan örtmüş,
Qəlblərini buz tutmuş.
Mənfur qonşuların soyuğundan,
Tonqalın istisinə sığınmışdılar.
Və anidən qaranlıq gecəni qığılcımları ilə
İşıqlandıran güllə səsləri eşidildi.
Töküləcək nahaq qanın,
Alınacaq neçə canın,
Artıq şəhidlik məqamı,
İgidlik məqamı çatmışdı.
Yüzlərlə silahsız,
Yüzlərlə günahsız.
Qönçə qalıb açmadılar,
Canlarıyla sipər olub,
O tankların qarşısından qaçmadılar.
Sabah açılırdı yavaş-yavaş.
Sökülürdü dan.
Qarın rəngi dəyişmişdi.
Tarix yeni faciəsini yazmışdı adı:-
İyirmi yanvar və ya, QAR VƏ QAN.
Yazıya 538 dəfə baxılıb