“Sevgi sarayı”
Bilirsən sevgilim, qəlbimdə nə var ?
Sən adlı saf, təmiz, şirin duyğular.
Sevgimi gizlədə bilməmişəm ki,
Baxcada çiçəklər, güllər duyublar.
Utanıb, qızarıb, allanır axı,
Mən səni görəndə yanağım lalə.
Baxışlar dikilib, gözlər süzülür,
Çevrilib oluram sanki piyalə.
Astaca əyilib, astaca qalxır,
Kipriyim şeh düşən, bir yarpaq kimi.
Saçlarım uçuşur havada sanki,
Küləyə yön verən, bir bayraq kimi.
Heç sevgi ətrini duymusanmı sən ?!
Mən ətir saçıram səni görəndə.
Bax usta oluram, bənna oluram,
Sevgini qəlbimdə saray hörəndə.
Sən şahsan sarayda mənsə kənizin,
Əmr elə sevgini yaşadım hər an.
Gəl tarix yazmayaq, dastan olmayaq,
Ayrılıq sözünü eyləyək yalan.
Tarixdə sevgilər qovuşmaz əsla,
Leyli də Məcnuna qovuşmayıb ki.
Gəl biz qovuşaq, dastan olmayaq,
Qəlbim dastanlarla barışmayıb ki.
Adımız tarixə yazılmasın qoy,
Nə sən Məcnun ol, nə də mən Leyli.
Qovuşaq əlimi buraxma, yarım,
Olmayaq sevgidən biz də gileyli.
“Ürəyim uşaqtək darıxıb”
Mən sənsiz o qədər darıxmışam ki,
Səni düşünərək qolların açar.
Bir dəfə uzaqdan görünsə kölgən,
Həsrətim uşaqtək qoynuna qaçar.
Sarılar sarmaşıq çiçəklər kimi,
Gözünün yaşları çağlayar o an.
Qınama sevgilim elə darıxıb,
Vüsal da dil açıb ağlayar o an.
Gözündən süzülən sevgi yağışı,
Yanağa od salar səndən xəbərsiz.
O elə diqqətlə baxar ki sənə,
Süzülər gözləri hərdən xəbərsiz.
Gör necə darıxıb, necə kövrəlib,
Uşaqtək hönkürüb ağlamağı var.
Adını dilinə gətirməyib heç,
Qəlbinin içində saxlamağı var.
Gəl sənə qovuşub baxsın doyunca,
Səni and verirəm yar bircə gecə.
Mən uşaq deyiləm bax bu yaşımda,
Ürəyim uşaqtək darıxıb necə.
“Qəlbin yarası”
Bir kəlmə sözünlə qırdın qəlbimi,
Sənin zərbələrin məlhəmə döndü.
Sevgi yalanına inanan o qız,
O gecə qəlbində əbədi öldü.
Sevgisiz bir həyat yaşayır indi,
Hər addım atanda uğur qazanır.
Bəlkə də qəlbinin dərinliyində,
Gizlədə bilməyib o qız da yanır.
Çalış gözlərinə görsənməyəsən,
Unutmaz inanma sənli günləri.
Bəlkə də ah çəkib xatırlayacaq,
Hər dəfə görəndə o sevənləri.
Yenə də yoluna çıxma bir daha,
Zamanla sağalar qəlbin yarası.
Ürək parçalanıb sərt sözlərinlə,
Sənin zəhərinlə dolub arası.
Yazıya 599 dəfə baxılıb