İradə Aytel – QADINLARIN 13 XƏYANƏTİ

aytelHardasa oxumuşdum: “Əməli xəyanət fikri xəyanətin açıq-aşkar davamıdır”.

Sevmədən ailə qurmaq qaçılmazdır, lakin sevmədən ömür sürmək günahdır! Sevmədiyi kişi ilə gecələrini paylaşmaq bədənini satmağın bir növüdür. Nə fərqi var; məhrəminə, ya naməhrəminə, hər iki halda bədən təcavüzə məruz qalır.

Qadın ərinə övladlarından biri kimi, həm də ən ərkəsöyün övladı kimi yanaşmalıdır: əzizləməli, qulluğunda durmalı, yeməyinə, geyiminə nəzarət etməlidır. Bütün bunlarsa sevgidən doğulur, əgər sevgi varsa bu istəklər qadının içindən gəlir, əks halda, zərurət məcburiyyətə çevrilir və qadının həyatı məhbəsə dönür. Məhbəsdə isə xoşbəxtlik pəncərəsiz koma kimidir, soyuq, qaranlıq, əzici…

Bəzənsə bu məhbəs xəyanətə qapı açır. Həm də qadın xəyanətinə(!). O xəyanətə ki, ailələr dağılır, körpələr yetim qalır, qətllər törədilir (yaxud da susulur…)…

Şahidi olduğum son olaylar: Beş uşaq anası idi – bapbalaca beş körpənin anası. Guya, (guya!) ərinə xəyanət etmişdi. Əri şəxsi avtomobili ilə qadının üzərindən bir-neçə dəfə keçərək (diri-diri) onu qətlə yetirdi (təsadüfən yolum onlar tərəfə düşmüşdü. Həmin körpələrin baxışları hələ də gözlərim önündədi)…

Yenicə ailə qurmuşdular, əri həyətlərindəki çarhovuza salaraq boğdu…

İki uşaq anası idi, qardaşı Rusiyaya apararaq yuksəkmərtəbəli binanin doqquzuncu mərtəbəsindən aşağı atdı (sağ qaldı);

Üç körpə anası idi, əri və yaxınları diri-diri doğradılar… və s. və ilaxır… Bunlar sadəcə son zamanların hadisələridi, həm də hüquqi və mənəvi təsdiqini tapmayan hadisələr.

Hansı halda qadın xəyanət edir?

Əvvəldən onu deyim ki, açıqlayacağım xəyanət növlərinin hamısının başında iradəsizlik durur. Xəyanəti yalnız iradəsi zəif olan qadınlar edir.

  1. Ərini sevmir, bu sevgini başqasında tapır;
  2. Kişi qadının güvənc yeridir, güvəncini itirir;
  3. Ərinin ona xəyanət etdiyini eşidir, heyif çıxmaq qərarına gəlir;
  4. Maddi çətinliyə dözmür;
  5. Ehtirası güc gəlir (əri uzun müddət yanında olmadıqda).
  6. Əri tərəfindən hər gün zorakılığa və həqarətə məruz qalır (cinsi zorakılıq, fiziki zorakılıq, saymamazlıq… ər qadınına məhəl qoymur, evə gec gəlir, ailəsinə diqqət ayırmır, sərgərdan həyat keçirir, uşaqlarına kobudluq edir);
  7. Rəfiqəsinin şirin söhbətlərinə uyur, aldanır;
  8. Əri cinsəl həyatını normal yaşaya bilmir;
  9. Ər arvadına həddindən artıq sərbəstlik verir;
  10. Qadın evlilikdən öncə normal cinsəl həyat yaşamır (müxtəlif üzlər görür);
  11.  İşi, qazancı, vəzifəsi ərindən yüksək olur…
  12.  Əsil-nəslində xəyanətə meylli kimsə olur və genetik olaraq keçir (təsdiqini tapmış həqiqətdir);
  13. Və adicə maraq, yaxud da harınlamış həyat tərzi.

Yuxarıda sadalananlar əlbəttə, xəyanətə sadəcə bəhanədir. Belə bəhanələri isə adətən sevmədən ailə quranlar gətirir.

Qaldı sevib evlənmək məsələsinə, düzdür, cəmiyyətimiz hələ buna hazır deyil, ama zaman gələcək sevgi o qədər yüksəkdə olacaq ki, onun evlilik kimi bəsit bir münasibətlə sonuclanmasına ehtiyac qalmayacaq. Sevəndə evlənməyi düşünmək sevgini küçüldəcək. Evlilik ağılın gəldiyi nəticədir, sevgi isə ürəyin. Bunların ikisi bir arada çox nadir hallarda olur. Odur ki, sevmək üçün evlənməli, ya evlənmək üçün sevməli, fikirlərindən uzaq olaraq sevmək və sevilmək gərəkdir. əgər Tanrı sənə sevib-sevilməyi bəxş edibsə, artıq bu səadətdir.

 

 

Yazıya 741 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.