29 Oktyabr – Türkiyə Cümhuriyyəti Günüdür!!!
(“Samsundan başlanan yol” romanından)
İllər, əsrlər keçəcək, Çanaqqalanın müdafiəsi üçün türk əsgər və zabitlərinin, xüsusən Mustafa Kamalın ölüm-dirim mübarizəsi unudulmaq bilməyəcək. Necə ki artıq həmin döyüşlərdən bir əsr ötüb, lakin onu anır, yada salır, iftixar və qürur keçiririk ki, çoxlu insan ölümünə yol verilsə də, fransız və ingilis ordularının İstanbula girmək, bu şəhəri işğal etmək arzuları gözlərində dondu.
Çanaqqalanın müdafiəsində minlərlə azərbaycanlı da iştirak edirdi. Onlar türk qardaşlarının yanında olmağı, onlarla birlikdə düşmənə qarşı vuruşmağı özlərinə borc bilir, hünər, rəşadət, qəhrəmanlıq nümunəsi göstərirdilər. Bu döyüşlərdə üç mindən artıq azərbaycanlı həlak oldu.
Bütün bunları xatırlayan İbrahim bəy dərindən köks ötürdü: “Allaha çox şükür! Mustafa Kamalın ağıl və zəkası, hərbi qüdrəti sayəsində hər şey yoluna qoyuldu”.
1921-ci ilin oktyabr ayı idi. Gəmi suları yara-yara irəliləyirdi. Dəniz dalğalanırdı. Külək gəminin göyərtəsində dayanmış İbrahimin saçlarını oynadır, az qalırdı yerindən qoparsın. Xəyal onu uzaqlara aparmışdı. Ruslarla bağrı bardaş olan, Rusiyadan ilham, qüvvə və güc alan ermənilər, Bakıda, Şamaxıda, Qubada, Yuxarı Qarabağda neçə-neçə başqa yerlərdə azərbaycanlılara olmazın zülmlər etmiş, tarixin hələ indiyədək görmədiyi və eşitmədiyi divanlar tutmuşdu. Türklər “Görəsən daşnaklar türklərə, bizə qarşı nə vaxsa məkrli, qəddar, amansız əməllərindən əl çəkəcəklərmi?! Görəsən nə vaxsa qara, çirkin, mənfur niyyətlərini bir zaman qəlblərindən silib atacaqlarmı, nə vaxtsa utanıb, xəcalət çəkəcəklərmi? Çətin! Bu millətdəki bu qədər mühafizəkarlıq, yaramazlıq, əclaflıq, pislik, vəhşilik var ki, çətin öz əməllərindən utanalar”.
İbrahim bəy Azərbaycanın Türkiyəyə köməyini yadına saldı. Türkiyənin ağır günlərində (ötən əsrin) iyirminci illərində Nəriman Nərimanov Türkiyəyə, Mustafa Kamalın sərəncamına 500 kiloqram qızıl göndərmişdi.
Tamara xanımın səsi İbrahim bəyi xəyallarından ayırdı:
-Yenə nə olub, İbrahim? Dağı Arana, Aranı dağa aparmaqdan yorulub-usanmadın?
İbrahim bəy gəmidə tək deyildi. Həyat yoldaşı Tamara xanımla qızı Ziba da onunla idi. Rahat, şəraiti olan kayutada yerləşmişdilər. İbrahim bəy Tamaranın sualını cavabsız qoymadı:
-Düşünüb-daşınmışam, Tamara, əzizim. Bu düşüncələr, ölçüb-biçmələr ömrü boyu adamı rahat buraxmır. Dövlət işi çətindir, əzizim. Səfərlərlə səni də, uşağı da rahatsız edirəm. Gərək bağışlayasan.
-Rahatsız niyə olur, İbrahim?! Sən harada, biz də orada. Biz bir-birimizə arxa, dayaq durmalıyıq. Bir də gəzməyə, kefə getmirsən ha. Dövlət tapşırığını yerinə yetirirsən.
-Tamara, əzizim, bir bax, Ziba oyanıbsa, gedib səhər yeməyini yeyək. Bu gün yuxudan çox ertə durmuşam. Gecə də narahat yatmışam.
-Bütün bu narahatçılıq isə məsuliyyətdən irəli gəlir. Yaxşı, mən getdim.
İbrahim bəyin haradasa 38-39 yaşı olardı. Həyat bu insan üçün asan keçməmişdi. Çətinliklərlə üzləşsə də, çar hökuməti inqilabi fəaliyyətinə görə bir neçə dəfə onu zindana atsa da, sarsılmamış, inamından, əqidəsindən dönməmişdi.
İbrahim bəy Ordubadda doğulmuşdu. Burada Məhəmməd Tağı Sidqinin “Əxtər” məktəbində oxumuş, fəqət atası vaxtsız dünyasını dəyişdiyindən təhsilini yarımçıq qoymuşdu. İşləyib ailəsini dolandırmaq məcburiyyətində idi. Sevimli şagirdinin məktəbdən getmək istəməsi Məhəmməd Tağıya ağır təsir göstərmiş, ona kömək əlini uzatmaq istəsə də, məğrur, özünəinamlı və heç zaman minnət götürməyi xoşlamayan İbrahimi öz qərarından döndərə bilməmişdi. Bunu görən Məhəmməd Tağı:
-Oğlum, səni başa düşürəm. Ruhdan düşmə. Həyat təkcə səni yox, hamını sınağa çəkir məramı da budur ki, hər bir yaranışı bərkə-boşa salıb, dişinə vurub möhkəmlətsin.
Məhəmməd Tağı İbrahimin kövrəldiyini görüb, əlini onun çiyninə qoydu:
-Əlimi xeyirliyə uzadım. Allaş atana rəhmət eləsin. Yaranan bir gün dünyada köçür. Bu, təbiətin qanunudur. İşləmək qərarına gəlmisənsə, qərarında israrlı ol, amma gələcəkdə təhsilini hökmən davam etdir. Təhsilli adam gözüaçıq, güclü, özünə inamlı olur.
Müəllim və şagird belə xoş, nikbin əhval-ruhiyyə ilə qucaqlaşıb ayrıldılar…
Tamara xanım yanında qızı Ziba yaxın gəldi:
-İbrahim, özünü üzmə! Biz hazır. Gedək səhər yeməyini yeyək.
İbrahim Zibanı qucağına götürüb, öpüşlərə qərq etdi:
-Mənim gözəl, ağıllı qızım!
Ziba dilləndi:
-Ata, gözümü açan kimi səni axtardım. Görə bilmədim.
-Hə, qızım, göyərtəyə çıxmışdım ki, dənizin havasından alım.
Bir neçə saatdan sonra gəmi Samsuna yan alacaqdı. İbrahim bəy Türkiyəyə mühüm bir vəzifəni yerinə yetirməyə gedirdi. O, Nəriman Nərimanovun məsləhəti və seçimi ilə Azərbaycan Sovet Respublikasının Türkiyədəki səfiri təyin olunmuşdu. Bir müddət əvvəl Türkiyə öz səfirini Azərbaycana göndərmişdi. Bu, istedadlı yazıçı və səriştəli diplomat Məhmət Şövkət Esendal idi.
Rusiyada sovet hökuməti qurulmuşdu. Vladimir İliç Lenin bu dövləti qurmuş və başında oturmuşdu. Rusiyada işləri az-çox qaydaya salandan sonra, rus orduları bir-birinin ardınca Belarusiyanı, Orta Asiya respublikalarını, Azərbaycanı, Gürcüstanı… işğal etmişdi.
Bu həmin zamanlar idi ki, qorxu nə olduğunu bilməyən Mustafa Kamal paşa Avropa orduları ilə döş-döşə dayanmışdı. O, 1920-ci id dekabrın birində Kazım Qarabəkir paşaya aşağıdakı məzmunda teleqraf göndərdi: “Rusiya müsəlmanları və bütün islam xalqları haqqındakı fikirlərimiz onların hüquqlarının genişlənməsinə yönəlməlidir. Azərbaycanın müstəqil dövlət halına gətirilməsi üçün rusları şübhələndirməmək şərti ilə təşəbbüslər göstərilməlidir. Bu ilin avqustun 10-da ruslar və ermənilər arasında bağlanan sazişdə Azərbaycana zərər verən maddələrin aradan qaldırılmasına çalışmalı, Qarabağ və başqa yerlərin Azərbaycana bağlı olması təmin edilməlidir”.
İlk əvvəllər Rusiyaya qatılan Azərbaycanın xaricdə səfirlikləri vardı, sonralar bu səfirliklər SSRi-ni təmsil etdi və səfirlər Moskva tərəfindən təyin olundu. Səfirlər, əsasən ruslar olurdular. Hələlik Nərimanov az-çox müstəqil siyasət yeridirdi. Çox keçmədi onun hüquqları və səlahiyyətləri məhdudlaşdırıldı. Sonradan onu Moskvaya vəzifəyə aparıb orda başını yedilər.
Nəriman Nərimanov İbrahim Əbilovu təsadüfən səfir seçməmişdi. Onu yaxşı tanıyırdı. Onlar silahdaş idilər. İbrahim bəy 20-21 yaşlarına Petrovsk-Portda (Mahaçkalada) və Bakıda fəhləlik etmiş, neft mədənlərində, dəmiryolunda işləmiş, “Hümmət” adlı sosial-demokrat təşkilatının üzvü olmuş, Nərimanovun tapşırığına əsasən Güney Qafqazda və Güney Azərbaycanda iranlı əməkçilər arasında inqilabi iş aparmaq üçün İrana getmişdi. Azərbaycan öz müstəqilliyinə qovuşanda parlamentin deputatı olmuşdu. Müxtəlif illərdə “Bakı həyatı” və “İskra” qəzetlərinin redaktoru işləmişdi.
Azərbaycanda sovet hakimiyyəti quruldu. İbrahim Əbilov yeni hökumətdə daxili işlər komissarının müavini vəzifəsini tutdu.
Səhər yeməyi bitdi. Onlar kayutaya çəkildilər. Samsundan Ankaraya gedəcəkdilər. İbrahim səfir kimi etimadnaməsini Mustafa Kamal Atatürkə təqdim edəcəkdi. Gözlənilən bu görüş onda qürur hissi www.bilikli.net və həm də böyük maraq doğururdu. Belə görkəmli şəxslə əl tutacaq, qarşı-qarşıya əyləşib söhbət edəcəkdilər. İbrahim eyni zamanda həyəcanlı və narahat idi. O, bu ölkədə Azərbaycanı ləyaqətlə təmsil etməliydi.
Təyin olunmuş yeni səfirlərin etimadnamələrinin təqdimetmə mərasimi keçirilirdi. Birdən gur səslə elan edildi: “Azərbaycan Respublikasının Türkiyəyə təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İbrahim Əbilov!
İbrahim Əbilov irəli yeridi. Onlar görüşdülər. İbrahim bəy Mustafa Kamal paşanın portretini beyninə həkk etməyə çalışdı. Atatürkün boyu təxminən bir mehr yetmiş dörd, yaxud yetmiş beş santimetr olardı. Gözləri mavi idi. Lap Xəzər dənizinin mavi suları kimi. Çəkisi təxminən 74-76 kiloqram arasında idi. Son dərəcə səliqəli geyinmişdi. O, etimadnaməni gözdən keçirib gülərüzlə:
-İbrahim bəyi Türkiyədə gördüyümüzə xeyli məmnunuq. Azərbaycan Respublikasının bizim ölkəmizdə səfirlik açmasına dəyər verir və bildiririk ki, səfirliyin normal fəaliyyət göstərməsi üçün hər cür şərait yaradacağıq. Sovet Azərbaycanının rəhbəri Nəriman Nərimanov bizim dostumuz, çox istedadlı yazıçı, təbib, bacarıqlı dövlət başçısı və diplomatdır.
İbrahim Əbilov təmsil etdiyi dövlətin rəhbəri barədə bezə xoş və səmimi sözləri eşidib çox şad oldu. O, Mustafa Kamala Azərbaycan hökuməti, şəxsən doktor Nərimanın adından dostluq və qardaşlıq rəmzi kimi qızıl xəncər təqdim etdi. Mustafa Kamal xəncəri aldı. Bu, Qafqaz süvari ordusunun qızılı xəncəri idi. Xəncərin üzərində yazılmışdı: «”Azərbaycan fəhlə-kəndli hökumətindən türk inqilabının qəhrəmanı Mustafa Kamal paşaya xatirə”.
Mustafa Kamal xəncəri xeyli gözdən keçirdi. İbrahim bəy başa düşdü ki, hədiyyə onun xoşuna gəlib:
-Hədiyyəyə görə təşəkkür edirəm!
Bu sözləri Mustafa Kamal dedi.
Mustafa Kamal əli ilə işarə etdi. İbrahim bəyə kürsüdə əyləşdi. Qəhvə içə-içə söhbət etməyə başladılar.
-Biz qan qardaşlarıyıq. Azərbaycan həmişə bizim yanımızda olub. Sevincli günlərimizdə də, çətin anlarımızda da, indi də. Azərbaycandan böyük dəstək görmüşük. Bir ara ağır vəziyyətdə idik. Bir yandan neçə-neçə düşmən dövlət üstümüzə ayaq açmışdı, digər tərəfdən öz padşahımız bizimlə düşmənçilik edirdi. Hiss edir və görürdüm ki, həmin mübarizədə Azərbaycan xalqının ürəyi də Türkiyə ilə birlikdə döyünür.
Mustafa Kamal sözünə ara verib siqaretini yandırdı və dedi: Biz hamımız Azərbaycan xalqının bizimlə bizdən çox maraqlandığını çox yaxşı bilirdik. … Çox düşünüb-daşındıqdan sonra qərara aldım ki, azərbaycanlı qardaşlarımıza müraciət edək. Hələ sizdə sovet hakimiyyəti qurulmamışdı. Şərq ordusu komandiri, general Kazım Qarabəkirə xüsusi bir tapşırıq verdim. Mən ona yazmışdım: «Dövlətin pulu qalmadı. Heç yerdən kömək istəməyə ümid də yoxdur. Başqa çıxış yolu tapana kimi Azərbaycan hökumətindən borc almağınızı rica edirəm”.
Kazım bəyə mənim xahişimi doktor Nərimana çatdırdı. Az keçmiş Türkiyə Böyük Millət Məclisi bir məktub aldı. Onu Nəriman Nərimanov imzalamışdı. Məktubda bunları oxuduq: “Musəlman kommunistlər sizin istəyinizə çatmağınız üçün bütün gücləri ilə yanınınzda olacaqlar. Siz məğlub olduğunuz təqdirdə nə sizin üçün, nə də digər Şərq xalqları üçün qurtuluş yolu qalmayacaq”.
Mən heyran qaldım. Doktor Nəriman bizi mübarizəyə səsləyirdi. Bizə ümid yeri kimi baxırdı. İstəmirdi ki, məğlub olaq. O, yaxşı anlayırdı ki, bizim məğlubiyyətimiz Şərq xalqlarının qurtuluş yolunu qapayacaq.
Doktor Nərimanın mənə yazdığı bir məktubun məzmunu ilə səni tanış etmək istəyirəm. Baxın, görün nə yazır: “Paşam qardaş qardaşa borc verməz, əl tutar Mustafa Kamal paşanın Türkiyəsi bizim dostumuzdur”. Mən doktor Nərimanın bu sözləri necə fəxr və iftixarla dilə gətirdiyini hiss edirdim. Əziz qardaşımız Türkiyənin milli azadlıq müharibəsindəki qələbəsini alqışlayır və bizə ürək-dirək verərək bildirirdi ki, Azərbaycan qardaş ölkədən əlindən gələn köməyi əsirgəməyəcək.
Böyük Mustafa Kamal paşanın söhbətini diqqətlə dinləyən İbrahim bəy yadına saldı: Türkiyənin Böyük Millət Məclisi də Nərimanovun Türkiyə qarşısındakı xidmətlərini yüksək qiymətləndirirdi. Azərbaycanda sovetlər hakimiyyətə gələndən az sonra Nəriman Nərimanovun tapşırığı ilə Bakıda həbsə alınmış türk hərbçiləri – həm zabitlər, həm də əsgərlər azadlığa buraxıldılar. Böyük Millət Məclisi doktor Nərimanın xidmətlərindən məmnun qalaraq, ona fəxri qılınc verməyi nəzərdə tutmuş, bu məqsədlə Azərbaycana bir nümayəndə heyəti yola salmışdı.
İbrahim Əbilov məlumatlı idi ki, Mustafa Kamal Nəriman Nərimanovla yazışmalarında türk və Azərbaycan xalqları arasındakı münasibətləri qardaşlıq silahı ilə silahlanmaq kimi dəyərləndirirdi.
Ötən əsrin iyirminci illərində Parisdə Yaxın Şərq problemləri üzrə konfrans keçiriləndə bu tədbirdə İzzət paşanın rəhbərlik etdiyi sultan hökumətinin nümayəndə heyətinin üzvləri, həm də Türkiyə milli hökumətinin nümayəndələri iştirak edirdi. Həmin konfransda Azərbaycandan gələn nümayəndə heyəti konfransda Mustafa Kamalın, Türkiyə milli hökumətinin tərəfində olmuşdu.
Sonra Mustafa Kamal paşa bunları anlatdı:
-Yadınızda varsa, əsir alınmış ingilis və fransız əsgərləri Azərbaycanda saxlanılırdı. Rusiya həmin əsirləri Böyük Britaniyanın nəzarətindəki öz vətəndaşlarına dəyişmək istəyirdi. Onda biz sizin hökumətdən xahiş etdik ki, Azərbaycan tərəfi həmin təşəbbüsə bir şərtlə qol qoysun ki, Malta adasında əsir saxlanılan altmış altı türk ziyalısı və siyasi xadimi də gərək azad olunsunlar.
Səmimi söhbətdən sonra Mustafa Kamal:
-İbrahim bəy, Siz yeni Azərbaycan hökuməti tərəfindən Türkiyəyə göndərilən ilk səfirsiniz. Gəlin birlikdə səfirliyin binasına gedək.
Onlar ayağa qalxıb maşına oturdular. Mustafa Kamal öz əli ilə səfirliyin binasını açdı, həm də Azərbaycanın bayrağını səfirliyin başı üzərində dalğalandırdı.
Gurultulu alqışlar və Mustafa Kamalın xeyir-duası ilə İbrahim Əbilov öz səfirlik fəaliyyətinə başladı.
Azərbaycan Respublikası Rusiyanın tərkibində idi. Sonralar Sovet Sosialist Respublikaları İttifaqı yaradıldı və Azərbaycan bu dövlətin on beş respublikasından biri oldu. Azərbaycan-Türkiyə münasibətlərinin uğuru xeyli dərəcədə Türkiyənin Rusiya, sonradan SSRİ ilə münasibətlərinin xarakterindən çox asılı idi. İbrahim bəy bunu çox gözəl başa düşürdü. Odur ki, səfir kimi fəaliyyətə başladığı ilk günlərdən bütün səylərini Türkiyə-Rusiya (SSRİ) münasibətlərinin yaxşılaşmasına, səmimi şəkil almasına və möhkəmlənməsinə yönəltdi. Nəticədə Azərbaycan-Türkiyə dostluq münasibətləri də öz növbəsində get-gedə möhkəmlənir və genişlənirdi. İbrahim bəy Samsun və Trabzon şəhərlərində Azərbaycanın konsulluqlarının açılmasına nail oldu. İbrahim bəyin işgüzarlığı, bacarıq və qabiliyyəti, diplomatik işi yaxşı bilməsi iki dost və qardaş ölkə – Türkiyə və Azərbaycan arasında qırılmaz tellərin, əlaqələrin, pak münasibətlərin, qarşılıqlı dostluq, yardım və əməkdaşlıq mühitinin yaradılması istiqamətində yorulmadan çalışması onun Türkiyə, türkçülük ideyalarına dərin bağlılığı Atatürkün diqqətini cəlb etmişdi. O, digər səfirlərlə müqayisədə İbrahim bəylə daha tez-tez görüşürdü. Atatürk hər dəfə onda yeni-yeni gözəl keyfiyyətlər kəşf edir və ona bağlanırdı. Türkiyənin sovet respublikaları ilə əlaqələrinin yaradılmasında və inkişaf etdirilməsində İbrahim bəy yaxından iştirak edirdi. Bu respublikalarla Türkiyə arasında artıq ikitərəfli və çoxtərəfli xeyli müqavilə bağlanmışdı.
Ötən əsrin 20-ci illərində Moskva və Qars müqaviləsi də reallaşdı. Türkiyə Böyük Millət Məclisi ilə Qafqaz Respublikaları (Azərbaycan, Gürcüstan və Ermənistan) arasında anlama hökm sürürdü. Bu müqaviləyə Azərbaycan nümayəndə heyətinin başçısı Behbud ağa Şaxtahtlı ilə yanaşı İbrahim Əbilov da öz imzasını atdı.
Türkiyə narahat günlərini yaşayırdı. Neçə-neçə xarici dövlət dişini Türkiyəyə qıcamışdı. Birinci dünya müharibəsində Almaniyanın məğlubiyyəti onunla müttəfiq olan Türkiyəni ağır vəziyyətə salmışdı. İmperialist dövlətlər Türkiyəni öz aralarında bölüşdürmək və onu yer üzündən silmək istəyirdilər. Qardaş ölkədə səfirlik missiyasını yerinə yetirən İbrahim bəy, təbii ki, Türkiyənin yaşadığı ağrılı-acılı günlərə biganə qala bilməzdi. Bu ölkənin vətənpərvər oğul və qızları ilə yanaşı o da öz köməyini göstərirdi. Vəziyyətlə Azərbaycan hökumətini vaxtaşırı tanış edirdi.
1921-ci il yanvarın 9-da yunanların Bozuyurk tərəfdən şiddətli hücumu ilə başlanan birinci İnönü vuruşması, daha sonra həmin il martın 27-də baş verən ikinci İnönü müharibəsi türk ordusunu sınaq qarşısında qoydu. Fəqət hər iki müharibədə türklər qələbə qazandılar. İbrahim bəy vəziyyət barədə Azərbaycan hökumətini xəbərdar etmişdi. Düşmən təcavüzləri ara vermirdi. Bu vaxt Azərbaycanın xarici işlər naziri Mirzə Davud Hüseynovun teleqramı Ankaraya yetişdi. O, Azərbaycan hökuməti adından birinci və ikinci İnönü döyüşlərindəki zəfər münasibətilə Atatürkü və Türkiyə Böyük Millət Məclisini təbrik edirdi: “Qazanılan bu böyük zəfər münasibətilə Türk xalqını Azərbaycan Sovet Sosialist Respublikası adından təbrik edirik!”.
Azərbaycandan təkcə təbrik teleqramı gəlməmişdi. Türkiyəyə yardım da göndərilmişdi. Həmin yardıma daxil idi: 2 sistern benzin, 30 sistern neft, 8 sistern kerosin. Sonralar Azərbaycandan yeni-yeni yardımlar gəldi. Göndərilən 62 sistern neft türk ordusuna böyük kömək oldu.
İbrahim Əbilov Türkiyədə böyük hörmət və nüfuz sahibi idi. Atatürkün də etimadını və rəğbətini qazanmışdı, onlar ailəvi dost idilər. Türkiyədə İbrahim Əbilova İbrahim Məhərrəm bəy deyə müraciət edirdilər. İbrahim bəyin artan şöhrəti onun düşmənlərini rahatsız edir, onu gözdən salmağa çalışırdılar. Nərimanov ardı-arası kəsilməyən məktublar alırdı. Bu məktublarda Əbilovun ünvanına nələr yazılmırdı?! Onlar anonim olsa da, hər halda aydınlıq tələb edirdi. Odur ki, Əbilov Tiflisə Zaqafqaziya partiya bürosunun iclasına gələrkən Nərimanov ona dedi:
-Dostluğumuz öz yerində. İşlərimizin, vəzifə borcumuzun, üzərimizə düşən vəzifələrin bu dostluğa aidiyyəti yoxdur. Sənin haqqında saya-hesaba gəlməyən məktublar alıram. O məktublarda barəndə hədyanlar yazırlar. Mənə qalsa, onları jırıb bir tərəfə ataram. Amma mənim özümün də düşmənlərim çoxdur. Bu məktublardan xəbərləri var. Tədbir görməsəm, başlayacaqlar məni qınamağa, ləkələməyə. Bir yandan Mikoyan, digər yandan Sərkis, başqa bir yandan da Mirzoyan elə hey soruşurlar: “Bir tədbir görməyəcəksən? İbrahim Əbilov ağını çıxarıb, sən isə dostluğunuzun xatirinə bütün bunları qulaq ardına vurursan». Onların ağzını yummaq üçün gərək sənin işlərini yoxlatdıram, səfirliyə bir komissiya yollayam.
İbrahim Əbilov çiyinlərini çəkdi:
-Nə zaman istəsəniz. Bircə onu bilirəm ki, mən cızığından çıxan, etimadı ayaq altına atan adam deyiləm. Atalarımız yaxşı deyiblər: “İt hürər, karvan keçər”. Nə qədər hürsələr də, faydası yoxdur. Mən öz məsuliyyətimi, borcumu da yaxşı bilirəm, Vətənimiz qarşısındakı cavabdehliyimi də.
İbrahim Əbilov büruzə verməsə də, Nəriman Nərimanov onun pərt olduğunu, imzasız məktubların onun kefinə soğan doğradığını anladı. Lakin İbrahim başa düşürdü ki, burada Nərimanovluq bir iş yoxdur. İnsanın ətrafında elə adamlar dolaşır ki, özləri heç bir iş görmür, bir başqalarını da öz sözləri, əməlləri, hərəkətləri, iftiraları, qeybətləri ilə çalışmağa, işləməyə qoymurlar. Nə etməli?! Həyatdır, bu həyatda yaxşı da var, pis də. Hamı eyni xislətli olsaydı, inkişaf da olmazdı. Ziddiyyətlər və mübarizələr nəticəsində inkişafa, tərəqqiyə nail olursan. Başqa halda həyat da maraqsız olardı.
Nərimanovun göstərişilə dərhal bir komissiya yaradıldı. Tamara xanım hamilə idi. Ona həyəcanlanmaq olmazdı. Ona görə İbrahim üsulluca ona dedi ki, onun işlərini yoxlayacaqlar. Elə bunu demişdi ki, hiss elədi artıq Tamara narahatlıq keçirir. Odur ki, onu bağrına basıb, sakitləşdirməyə çalışdı:
-Bu yoxlama sən deyən yoxlamadan deyil. Mağazada işləmirəm ki, əskiyim çıxsın, yaxud haradasa yeyinti yerində deyiləm ki, nəfsimi saxlama bilməyim. Şükür allaha nəfsimiz də toxdur. Başa düş: hər bir idarə yoxlanılır ki, görək işlər nə yerdədir. Bir nöqsan varsa, düzəldilsin. Bu da işlərimizə kömək üçündür.
İbrahim daha demədi ki, ondan yazıblar, ona görə də komissiya yaradılıb. Lap desəydi, bu nəyi dəyişəcəkdi. Həm də bunu bilmək Tamaranın nəyinə lazım idi. Yalnız əsəblərini yerindən oynadacaqdı.
Yoxlama bir neçə ay çəkdi. Məlum oldu ki, narahatlığa əsas yoxdur. Hər şey qaydasındadır və İbrahim Əbilov öz diplomatik fəaliyyətini davam etdirə bilər.
Həmin qanqaraldıcı hadisədən bir müddət keçmişdi. İbrahim Əbilovun evində şadyanalıq idi. Səfirliyin nümayəndələrindən savayı məclisdə onun türkiyəli dostları və tanışları, hökumət nümayəndələri və şəxsən Mustafa Kamal Atatürk iştirak edirdi.
Tamara xanım doğum evindən çıxmışdı. Körpənin qırxı çıxdığından onları təbrik etməyə gəlmişdilər. Adətimizə görə, körpəni qırxı çıxana qədər onu yalnız ən yaxın adamları görə bilərdi. Bunun mənası vardı: uşağa göz dəyə bilərdi, kimdənsə xəstəlik tuta bilərdi və s.
İbrahim Əbilovun ikinci qız övladı dünyaya gəlmişdi. Otağa daxil olan hər bir kəs “Qədəmləri mübarək olsun!” deyirdi.
Mustafa Kamal ailənin yaxın adamı, İbrahimin əziz dostu idi. O, badəsini qaldırıb İbrahimi, Tamara xanımı təbrik etdi. Sonra irəli yeriyib körpəni Tamara xanımdan aldı:
-Böyük qız olsun! Gün o gün olsun ki, toyuna yığışaq!
İbrahim və Tamara bir ağızdan:
-Əfəndim, istərdik qızımızın adını Siz qoyasınız.
Mustafa Kamal təklifdən xoşlandı. Böyük məmnuniyyət hissi və gülər üzlə:
-Dədə-babalarımız belə deyib: adını mən qoyuram, baxtını tanrı versin! Bu məsəl sizdə də var, bizdə də.
Böyük öndər bir anlığa nəfəsini dərdi. Hamının diqqəti ona yönəlmişdi. Səbirsizliklə gözləyirdilər ki, görək o, hansı adı təklif edəcək. Mustafa Kamal sözünə davam etdi:
-Bu gözəl bala, bu yavrum Anadoluda doğuldu. İstəyirəm o, Anadolu adını daşısın.
Sonra Mustafa Kamal mavi gözlərini körpənin gözlərinə zilləyərək:
-Eləmi, yavrum, sənin adın olur Anadolu. Özün də olursan mənim mənəvi qızım.
Alqışlar qopdu. İbrahimlə Tamara irəli yeridilər. Tamara sevinc və fərəh hissindən, Atatürkün sonsuz səmimiyyətlə dediyi sözlərdən az qala qanad açıb uçacaq bir şəkildə və gözləri yaşarmış halda Mustafa Kamalın əlindən yapışdı. İbrahim də onun o biri əlini tutub ehmalca özünə sarı çəkdi. Onlar qucaqlaşıb bir-birini öpdülər.
Mustafa Kamal körpəni böyük məhəbbətlə anasına verdi. Qədəhlər toqquşdu, sağlıqlar deyildi. Məclis xeyli uzandı…
…İbrahim Türkiyədə Sovet Azərbaycanının nümayəndəsi, səfiri idi. Vaxtilə, yəni bir neçə il əvvəl o, Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinə deputat seçilmişdi. İbrahim ağıllı adam idi. Azərbaycanda hadisələrin gedişinə fikir verir, müqayisələr aparırdı. Xalq Cümhuriyyəti dövründə Azərbaycan müstəqil idi, yoxsa indi? Yeni hökumətin Türkiyədəki səfiri olmasına baxmayaraq, həmişə üstünlüyü 23 ay hakimiyyətdə olmuş Azərbaycan Xalq Cümhuriyyətinə verirdi. Fəqət səsini çıxarmağa ehtiyat edirdi. Nərimanovun vəziyyəti də ürəkaçan deyildi. Ermənilər Azərbaycanda hədsiz hakimiyyətə malik idilər. Mikoyan açıq-aydın demişdi: «Biz Nərimanovu İnqilab Komitəsinin sədri seçərik və onu elə mühasirəyə alarıq ki, o çox da öz nüfuzundan istifadə edə bilməsin». İndi onlar həqiqətən dediklərini etmişdilər. Nərimanov bütün bunları görür və təəssüflə deyirdi: “BEKA Azərbaycanda hər şey deməkdir. Mikoyandan sonra BEKA-nın katibi Sərkis olur, Sərkisdən sonra isə Mirzoyan. Çox güman ki, Mirzoyandan sonra Kasparov olacaq …”
İbrahim Əbilovun “dağı Arana, Aranı dağa apardığı” belə günlərin birində Atatürk səfirliyin qapısını açıb içəri girdi. Dostlar səmimi görüşdülər. İbrahimin fikirli olması Mustafa Kamalın gözündən yayınmadı:
-Yenə nə olub, əziz dost?! Halın çox pərişandır.
İbrahim dərindən ah çəkib dedi:
-Dərdimi yalnız Sizinlə bölüşə bilərəm, yalnız Sizinlə. Bu barədə əslində Azərbaycanda danışmaq, yaxud da burada düşmənlər, söz gəzdirənlər arasında danışmaq özünü oda atmaq olardı. Yalnız Sizə deyə bilərəm.
Stola iki finjan qəhvə gətirildi. Mustafa Kamal siqaretini tüstülədərək:
-Sizi narahat edən nədir, İbrahim bəy?
İbrahim anlatdı:
–Nərimanovla Siz də dostsunuz, mən də. Onun dilindən eşitmişəm. Söyləyirdi ki, bu bərədə Leninə də yazacaq…
-Nə barədə?!
–Nərimanov yoldaş deyir ki, Azərbaycanda sovet hakimiyyəti qurmaqla müstəqillik qazandığımızı güman edirdik. Buna nəsə inanmağım gəlmir. Leninin dilindən eşitmişəm ki, deyib “Müəstəqil Azərbaycan”. İndi görürəm ki, hər zaman Denikinin tərəfində duran Ermənistan müstəqillik qazanır və üstəlik Azərbaycan ərazilərinə yiyələnir. Dünənə qədər ikili siyasət yeridən Gürcüstan da müstəqil olur. Fəqət ilk dəfə olaraq Sovet Rusiyasının tərəfinə keçən Azərbayjan həm ərazisini, həm də müstəqilliyini itirir. Yoldaş Nərimanovun vəziyyətini başa düşürsünüz? Elə isə…
Mustafa Kamal:
-Elə isə nə?
İbrahim sözünə davam etdi:
-Nərimanov söhbət zamanı dedi ki, əgər Lenin bizim taleyimizə biganə qalsa, onda geri çağırılmağımız barədə gərək Mərkəz qarşısında məsələ qaldıraq.
Atatürk onun fikrini təqdir edərək dedi:
-Nərimanov haqlıdır. Rusiyanın belə mövqe tutması yolverilməzdir. Vəziyyət, doğrudan da, ağırdır. Bir tərəfdən susmaq olmur, digər tərəfdən, susmayanda da doktor Nərimanın öz taleyi tükdən asılı olur.
İbrahim Əbilov, nəhayət, nə vaxtandır qəlbini didib-parçalayan, lakin dilinə gətirə bilmədiyi dərdini açdı:
-Onda niyə Azərbaycanda hakimiyyət dəyişikliyi edildi?
Atatürk qəhvəni son damlasına kimi içib, fincanı nəlbəkisinə qoydu. Onun qaşları çatılmış, ağıllı, müdrik gözləri bir qədər yumulmuşdu:
-Bəzən sizinkilər biz türkləri də suçlu hesab edirlər. Deyirlər, cümhuriyyətin devrilməsinin səbəbkarları ruslar və ermənilər olsalar da, bu işdə onlara türklər də dəstək vermişlər.
İbrahim onun sözünə qüvvət verərək dedi:
-Deyirlər ki, o zaman – iyirminci ilin əvvəllərində Bakıda Rusiya-Türkiyə çevriliş komitəsi yaradılıbmış. Bundan yararlanan ermənilər iyirminci ilin mart ayının 22-də – Novruz bayramı günü gecə Dağlıq Qarabağda məskunlaşmış ermənilər Əsgəran keçidini tutaraq Azərbaycan üzərinə hücuma başlamışlar. Azərbaycan milli ordusu ermənilərin qiyamının qarşısını almaq üçün o istiqamətə yeridiyindən Bakı köməksiz qalmışdır. Rusların qırmızı ordusu Dağıstanda dayanıb fürsət gözləyirmiş. Rus komandirləri ilə yanaşı qırmızı ordunun başında türk zabitləri də varmış. Hilal paşa orduya başçılıq edəcəkmiş. Nicati paşa ondan tez tərpənib rus komandirləri ilə birgə on birinci qırmızı ordunu hərəkətə gətirir. Ordu Azərbaycan sərhədlərini aşaraq Bakıya doğru hərəkət edir. Məmməd Əmin Rəsulzadə bir müddət əvvəl Hilal paşanı xəbərdar etmişdi: “Yapmayınız, bizi öz halımıza buraxınız, yüz illərdən bəri əsarətində olduğumuz rusları biz daha yaxşı tanıyırıq, onlar hiylə ilə gəlir, sonra bizi əzərlər”.
Atatürk diqqətlə İbrahimə qulaq asırdı. İbrahim bəy də gözləyirdi ki, görsün, o, deyilənlərin müqabilində nə söyləyəcək. Hələ ki İbrahim danışırdı:
-Qırmızı ordu Bakıya gələrkən adamlar müqavimət göstərmək, ordunun qabağına çıxaraq döyüşmək niyyətində idi. Fəqət türk zabitləri əllərində Türkiyənin bayrağı camaatı arxayın edibmiş: “Qırmızı ordu Türkiyəyə yardım göstərmək üçün gedir, onların Azərbaycanla işləri yoxdur”. Xalq da buna inanıb.
Atatürk hadisələrə aydınlıq gətirdi:
-İbrahim bəy, məlumunuz olduğu kimi, Rusiyada inqilab baş vermiş, sovet hakimiyyəti qələbə çalmışdı. Çar Nikolay devirilmiş, ailə üzvləri ilə birlikdə öldürülmüşdü. Rusiyada iki hakimiyyətliyə son qoyulmuş, Kolçaq, Denikin, Yudeniç və başqa əksinqilabi qüvvələr darmadağın edilmişdi. Rusiya birinci dünya müharibəsindən də salamat qurtulmuşdu. Möhkəmləndikcə yan-yörəsini tuturdu. Onun nəiyn bahasına olursa-olsun Qafqazı işğal edəcəyi gün kimi aydın idi.
İbrahim bəy diqqət kəsilmişdi. Cavan qız qəhvə gətirdi. Siqaret kötüyü ilə dolu külbqabını dəyişdi. İbrahim isti qəhvə dolu fincanı dodaqlarına apardı. Atatürk siqaret yandırdı və ağır-ağır söhbətinə davam etdi:
-Bəli, İbrahim bəy, tarixi həqiqəti bilməyən şəxslər biz türkləri və Mustafa Kamalı qardaş Azərbaycana qarşı “xəyanət”də ittiham edə bilərlər. Təkrar edirəm: yalnız tarixi həqiqətdən xəbəri olmayanlar. Əslində, hadisələr Sizin təsəvvür etdiyiniz şəkildə cərəyan etməyib və bizim xalq cümhuriyyətinə heç bir yamanlığımız dəyməyib. Gəlin iyirminci illərdə regionda yaranmış vəziyyətə açıq gözlə baxaq və soyuq başla düşünək. Bilirsiniz, bu dövrdə Türkiyə necə ağır günlərini yaşayırdı. Biz elə çətin vəziyyətdə idik ki, özümüzə müttəfiq axtarırdıq. Kimliyindən asılı olmayaraq, bizə kömək əlini uzada biləcək, bizə silah, pul verəcək müttəfiq lazım idi. Neçə ölkə üstümüzə ayaq açmışdı. Belə məqamda Rusiya öz köməyini təklif etdi. Əvəzində isə, Zaqafqaziyaya iddiamızdan əl götürməyi istəyirdi. Bilirsiniz, İbrahim bəy, yaranmış belə ağır vəziyyətdə mən Azərbaycanı müdafiə edərək, Rusiyaya qarşı ikinci cəbhəni aça bilməzdim. Bundan başqa, biz öz hayımızda idik, Azərbaycanı müdafiə etmək onsuz da imkanımız xaricində idi. Əslində bizim güzəştə getməyimiz, Rusiyaya Zaqafqaziyanı işğal etməyə imkan yaratmağımız sırf rəmzi xarakter daşıyırdı. Rusiya əvvəlki Rusiya imperiyasının ərazisinin böyük hissəsini nəzarətində saxlayırdı və ordusu beş milyon nəfərə yaxın idi. İbrahim bəy, özünüz düşünün, Zaqafqaziya respublikaları, o cümlədən Azərbaycan Türkiyənin razılığı olsa da, razılığı olmasa da işğal olunacaqdı. Biz bunu başa düşərək, Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğrayacağının qaçılmaz olacağını anlayaraq, yaranmış vəziyyətdən yararlandıq. Yəni guya rusların tərəfində olduq, həm də eyni zamanda Azərbaycan xalqını qırğından xilas etdik. Hakimiyyət dəyişikliyi bir nəfərin burunu qanamadan həyata keçdi. Gəlin bunu da unutmayaq: Türkiyənin fəal təsiri ilə Rusiyanın işğalından sonra da Azərbaycan, əsasən, öz ərazi bütövlüyünü və dövlətçiliyini Azərbaycan Sovet Sosialist Respublikası formasında qoruyub saxlaya bildi.
Onların söhbəti gecə yarısına kimi çəkdi. Hava xoş idi. Göydə ulduzlar sayrışırdı. İbrahim üzünü göylərə tutdu. Bu, Atatürkün gözlərindən yayınmadı. Ulduzlardan biri axaraq gözdən itdi. İbrahim öz-özünə: “Görəsən mənim ulduzum hansıdır? Görəsən o nə zaman axıb gedəcək, sönəcək?! Kaş adam biləydi!”
Bu söhbət ikisinin arasında qaldı. Həmin söhbətə ayla ulduzlar şahidlik etdi. Onların hər ikisinin arzusu Azərbaycanın, türkdilli respublikaların tam müstəqilliyi məsələsi idi…
…1923-cü il idi. İbrahim Əbilov iki ildən artıq idi ki, səfir vəzifəsində işləyirdi. Bu iki ildə öz vəzifəsini cani-dildən yerinə yetirmişdi və yetirməkdə idi. Türkiyədə keçirilən tədbirlərdən qalmazdı. Belə günlərin birində İzmirə getmişdi. Burada Türkiyənin iqtisadi konfransı olacaqdı. Bu, birinci iqtisadi konfrans idi ki, İbrahim Əbilov da qadın hüquqlarına dair məruzə ilə çıxış etdi. Hamı, o cümlədən Atatürk onun məruzəsini bəyəndi.
Onlar İzmirdə bir neçə gün də qaldılar və bir neçə tədbirdə iştirak etdilər. Bir dəfə belə ziyafətlərdən birindən qayıdarkən İbrahimin halı qarışdı. Büruzə verməmək üçün çox çalışdı, fəqət heç cür özünü ələ ala bilmədi. Yanındakılar onun ilan kimi qıvrıldığının şahidi oldular. Onda kəskin mədə-bağırsaq ağrıları başlamışdı. Başa düşdü ki, zəhərlənib. Dalbadal qatıq içsə də, mədəsini yudurtsa da, ağrılar kəsmək bilmirdi. Tez onu xəstəxanaya apardılar.
Hadisədən xəbər tutan Atatürk də xəstəxanaya tələsdi. Dostunu xilas etmək üçün bütün həkimləri səfərbər elədi, hətta öz həkimlərini təcili buraya çağırtdırdı. Bədxahları və düşmənləri, İbrahimin şöhrətini gözü götürməyənlər onu zəhərləmişdilər. Həkimlərin səyi nəticə vermədi. İstedadlı diplomat, gözəl insan İbrahim Əbilovun ürəyi döyünməkdən qaldı. Onun ölüm xəbərini alan Nəriman Nərimanov hədsiz kədərləndi və ürək ağrısı ilə bu sözləri dilinə gətirdi: «Şərq xalqlarını Qərbi Avropa imperiyasının zülmündən xilas etmək onun arzusu və həyat amalı idi”.
…İbrahim Əbilovun cənazəsi səfirlikdə qoyulmuşdu. Türkiyədə yaşayan, çalışan və xidmət edən soydaşlarımız, türk vətəndaşları və dövlət xadimləri mərhumla vidalaşmağa gəlmişdilər. Tamara xanım qara geyinmiş, başına qara yaylıq bağlamışdı. Sevimli İbrahimi onları tərk etmişdi. Tamara xanım İbrahimin yolunu çox gözləyərdi. O, səfərlərdə olanda, axşamlar gec gələndə. İşdən, səfərdən gec gəlsə də, özü ilə xoş bir səmimiyyət gətirər, qəlbinin hərarəti ilə evi də isindirərdi. Xoş dillə həyat yoldaşını dindirər, onu öpər, hal-əhval tutar, uşaqları bağrına basar, uşaq dili ilə də onları dindirər, onlarla oynayar, onların yanında özünü uşaq kimi aparardı.
Fəqət daha İbrahim gəlməyəcəkdi, bu gediş onun son gedişi idi. Daha Tamara xanımın qənşərində əyləşib çayını içə-içə gələcək planlarından, uğurlarından danışmayacaq, qız balaları ilə oynamayacaq, onların toylarını görməyəcəkdi. Həyat qəribədir. İnsanları yaman tez aparır. Qoymur ki, doyunca kam alsınlar. Tamara bütün bunları xəyalına gətirərək için-için ağlayırdı. Doqquz aylıq Anadolunu qucağında tutmuşdu. O biri qızı isə yanında oturmuş, atasının nə üçün sakitcə və lal-dinməz, hərəkətsiz uzandığını, bu qədər insanın nə üçün buraya yığıldığını və anasının nə üçün ağladığını başa düşmürdü…
Atatürk Tamara xanıma başsağlığı verərkən dedi:
-İbrahim bəyin ölümü mənim üçün də böyük itkidir. Mən əziz dostumu və qardaşımı itirdim. Biz bir-birimizə çox yaxın idik. O, yaxşı insan, böyük şəxsiyyət, gözəl diplomat idi. Mənim başsağlığımı qəbul edin.
Sonra Tamara xanımın fikrini öyrəndi:
-İndi nə etmək istəyirsiniz? Qalın, Türkiyədə yaşayın. Uşaqlar burada məktəbə gedərlər, onlarçın gün-güzəran yaradaram. Siz də burada işləyərsiniz.
Tamara xanım ağır dərd içərisində:
-Əfəndim, Sizdən yerlə göy qədər razıyıq. Bizim ailə üçün, İbrahimin işləməsi üçün normal şərait yaratdınız. Həmişə qayğınızı hiss etdik. Türkiyə bizə ikinci vətən oldu. Qollarını səmimiyyətlə bizə açdı. Fəqət bizim əzəli vətənimiz var. Azərbaycanda olmaq istərdik. Əfv edin.
Atatürk Hindistandan və Misirdən həkimlər, alimlər dəvət etmişdi. O, İbrahim Əbilovun cənazəsini yüz il müddətinə mumyaladılar. Onun ailəsini və mumyalanmış cənazəsini “Reno” italyan gəmisi ilə Bakıya yola saldı.
Yazıya 718 dəfə baxılıb