“Ailə pedaqogikasi” dərsliyi nəşr olundu

obl_Akif Abbasov_Ailekultur.az xəbər verir ki, “Mütərcim” nəşriyyatı ali təhsil müəssisələrinin bakalavriyyat səviyyəsi tələbələri üçün “Ailə pedaqogikasi” dərsliyini nəşr etmişdir. Dərsliyin müəllifi pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar müəllim Akif Abbasovdur. A.N. Abbasov Azərbaycan Respublikasının Təhsil İnstitutunun elmi katibidir.

O, ümumtəhsil məktəbləri üçün 5 dərslik və dərs vəsaitinin [“Ailə”, “Ailə həyatının etika və psixologiyası”, ”Ailə həyatının etika və psixologiyası üzrə müntəxəbat” (prof. Ə. Əlizadə ilə); “ABC Book”: I sinif üçün ingilis dili dərs vəsaiti (M. Məmmədova ilə); “İngilis dilindən imla və ifadə mətnləri məcmuəsi” (V-XI siniflər üçün)]; ali məktəblər üçün 3 dərsliyin [“Pedaqogika”, “Ailə pedaqogikası”, “Milli əxlaq və ailə etikası”] və 2 dərs vəsaitinin [“Pedaqogika: müxtəsər konspekt və sxemlər”, “İxtisasa giriş”], xüsusi məktəblər üçün 4 dərsliyin (“Oxu-2”, “Oxu-3”, “Oxu-4”, “Oxu-5”)], kolleclər üçün “Milli əxlaq və ailə etikası” və “Pedaqogika” dərsliklərinin və proqramlarının, 40-dan artıq kitab və kitabçanın, 200-dən artıq elmi məqalənin, çoxsaylı konfrans materiallarının müəllifidir.

Hazırda ali məktəblərdə “Ailə pedaqogikası” fənni keçilir. Yaxşı haldır ki, professor Akif Abbasov bu fənnin proqramını və dərsliyini nəşr etdirərək tələbələrin və müəllimlərin istifadəsinə vermişdir.

Dərsliyin elmi redaktoru professor Hikmət Əlizadə, rəyçiləri professorlar Hümeyir Əhmədov, professor İntiqam Cəbrayılov və pedaqogika üzrə fəlsəfə doktoru Lalə Məmmədlidir.

Ailə pedaqogikası dedikdə, uşaqların ailədə tərbiyə olunması haqqında elm başa düşülür. Ailə pedaqogikası tərbiyə işinin səciyyəvi xüsusiyyətlərinin öyrənilməsi məqsədi daşıyır, uşaqla düzgün qarşılıqlı münasibətlərin təmin edilməsi sahəsində valideynlər üçün elmi tövsiyələr hazırlanır. Ailə tərbiyəsinin əsas məqsədi şagird şəxsiyyətinin hərtərəfli inkişaf etdirilməsindən, uşağın daxili imkanlarının düzgün inkişaf etdirilməsindən, onun normal fiziki və psixi sağlamlığına nail olmaqdan ibarətdir.

Ailə pedaqogikası pedaqoji elmlər sistemində özünəməxsus xüsusi yer tutur. Tələbə oğlan və qızlar ailə pedaqogikası dərsliyini oxuyaraq, ailədə qarşılıqlı münasibətlərin düzgün qurulması, uşaqların tərbiyəsinin uğurla aparılması, ilk tərbiyəçilər kimi ata-anaların üzərinə düşən vəzifələr, ailə tərbiyəsi zamanı tərbiyənin prinsip, metod, vasitə və priyomlarından istifadə qaydaları ilə bağlı zəruri məlumatlara yiyələnəcəklər.

Eyni zamanda pedaqoji elmlər sistemində ailə pedaqogikasının yeri və rolu; ailə pedaqogikasının digər elmlərlə əlaqəsi; ailə pedaqogikasının mənbələri; tədqiqat metodları, valideynlərin nüfuzu, şəxsi nümunəsi və pedaqoji mərifəti; ailə tərbiyəsinin mənəvi və hüquqi əsasları; uşaqların cinsi tərbiyəsi, ailə üzvlərinin hüquq və vəzifələri; ailənin psixoloji iqlimi; ailənin funksiyaları, tipləri, quruluşu və aspektləri; ailə bayramları; ailənin həyatında bədən tərbiyəsi və idmanın rolu; ailə üzvlərinin gigiyenik mədəniyyəti və tibbi maariflənməsi kimi vacib məsələlərlə tanış olacaqlar.

Bütün bunlarla yanaşı, dərslikdə mütəfəkkirlərin gənc nəslin ailə həyatına hazırlanmasının vacibliyinə dair fikirləri; böyüyən nəslin ailə həyatına hazırlanması sahəsində valideynlərin üzərinə düşən vəzifələr; ailə tərbiyəsində yol verilən nöqsanlar; ailənin həyatında incəsənətin rolu; geyim mədəniyyəti; ailənin büdcəsi; ailə münasibətlərinin pozulmasının nəticələri; ailə münasibətlərində tolerantlıq; ailənin idarə edilməsi; gənc ailədə uşaq və ona qulluq qaydaları, tərbiyə olunması məsələləri öz əksini tapmışdır.

Yazıya 2038 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.