Nemət TAHİR (Rüstəmli Nemət Qəzənfər oğlu) 1987-ci il avqust ayının 27-də Ağdam rayonunun Qiyaslı kəndində anadan olub. Məlum səbəblərdən 1995-ci ildə Mingəçevirdə yerləşən Ağdam 128 saylı köçkün məktəbində birinci sinfə daxil olur.İlk şeiri “Ağlar” 2003-cü ildə “Sovqat” qəzetində işıq üzü görmüşdür. 2006-cı ildə həmin məktəbi bitirib. 2006-ci ildə Sumqayıt Dövlət Universitetinin Filologiya (Azərbaycan dili və Ədəbiyyatı) fakültəsinə daxil olub.
Tələbəlik həyatı da yaradıclıq baxımından qaynar keçmişdir. Tələbəlik illərində “Sumqayıt Universiteti”, “168 saat”, “Şaman”, “Möhtəşəm Azərbaycan” qəzetlərinin əməkdaşı olub.Tələbəlik illərində şeirləri “Sumqayıt Universiteti”, “168 saat”, “Şaman”, “Möhtəşəm Azərbaycan” qəzetlərində, o cümlədən Sumqayıt şəhərinin yaradılmasının 60 illiyinə həsr olunmuş almanaxda çap olunmuşdur. Şeir, həkayə, məqalələr yazmışdır. 2010-cu ildə Sumqayıt Dövlət Universitetini bitirmişdir. 2010-2011-ci illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur.
2011-ci ilin avqust ayında Azərbaycan Respublikası Təhsil Nazirliyinin vakant yerlər müsabiqəsində iştirak edib.Ağdam rayonunun Sərfəli qəsəbəsində yerləşən 91 saylı tam köçkün orta məktəbinə Azərbaycan dili və Ədəbiyyatı müəllimi təyin edilib.Hal-hazırda həmin məktəbdə Azərbaycan dili və Ədəbiyyatı müəllimi işləyir. Ədəbi-bədii yaradıclığını da davam etdirir.
2012-ci ildə Azərbaycan Respublikası Gənclər-İdman Nazirliyi tərəfindən maliyyələşdirlilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən “Bölgələrdə yaşayan yaradıcı gənclərlə görüşlər” layihəsi çərçivəsində “Bölgələrdən səslər” kitabında şeirləri dərc olunaraq ilk dəfə olaraq Respublika səviyyəsində ictiamiyyətin nəzərinə çatdırıldı.
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ bürosunun rəhbəridir.
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı təşkilatçılığı həyata ilə keçirilən “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” layihəsi çərçivəsində şeirləri Qardaş Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən “Usare” (Kahramanmaraş şəhəri), “Kardelen” (Bilecik şəhəri), “Hece Taşları” (Kahramanmaraş şəhəri) mədəniyyət, ədəbiyyat və sənət dərgilərində Azərbaycan türkcəsində dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılıb.
YAZ YAĞIŞI
Bir yaz səhərində görüşdük yenə
Köçdü ürəyimdən həsrətin qışı
Gözlərin ruhumu aldı əlimdən
Unuda bilmirəm odlu baxışı
Sevinib göz yaşı tökdü buludlar
Düzdü saçlarına bahar naxışı
Əl-ələ,göz-gözə islandıq birgə
Şahid oldu bizə bir yaz yağışı
***
YORĞUN XƏYALLAR
Sənsizlik bir səhra tükənməz –bitməz
Ümidim olubdur yollar yorğunu
Gözlərin dənizdir,kipriklər dalğa
Mənsə seyrə dalan dəniz vurğunu
Yenə sual dolu baxışla baxdım
Utanıb gizlətdi sözlər doğrunu
Ancaq həqiqətdir,əminəm ki,mən
Hər zaman söyləyir gözlər doğrunu
Röyana gələcəm hər kəsdən xəlvət
Şirin edəcəyəm sənin yuxunu
Deyirsən qorxuram mən qaranlıqdan
Bu gecə qovacam sənin qorxunu
* * *
Sevgi yaşadar insanı,
Kindən,kinfrətdən yıxılar.
Aşkar olandan sarsılmaz,
İnsan qəflətdən yıxılar.
Doğru sanmam gördüyünü,
Fikirlərim cin düyünü,
Azalıbdır toy-düyünü,
Dünya matəmdən yıxılar.
Burnumda çiçək qoxusu,
Gözümdə səhər yuxusu,
Qəlbimdə hicran qorxusu,
Sevgim həsrətdən yıxılar.
Bərk sarıl haqqın ipinə,
Haram girməsin cibinə,
Hamı həyatın dibinə,
Öz zirvəsindən yıxılar.
Xatirələr…
Sənsizlik,tənhalıq sıxanda məni
Arzular, ümidlər dayağım olur
Mən haçan darıxsam,səninlə bağlı
Şirin xatirələr qonağım olur
Həsrət fırtınası azdırsa məni
O ulduz gözlərin mayağım olur
Mən eşq dənizində üzən bir gəni
Qolların limantək sığnağım olur
Yazıya 532 dəfə baxılıb