“YAXŞI KI, DÜNYADA YAXŞI VARIYMIŞ”

275512153_10228544566975224_2206298207638705722_n(Çingiz Abbasovun 70 illik yubileyinə…)

Xeyirxahlıq insanın qanında olur. 70 yaşına qədəm qoymuş bu cavan oğlan, əziz Dostum Çingiz Abbasov tanıdığım gündən mənim qəlbimdə uca dağlar kimi vüqarıyla, həyatda tutduğu mövqeyi ilə və xeyirxah əməlləri ilə yadımda qalıb. Onun dosta, elə-obaya, vətənə, dövlətçiliyə qarşı olan alovlu sevgisi tükənməzdir. Mən Çingiz müəllimi hər zaman belə gördüm. Çingiz müəllimin ağzından, dəhanından bir dənə acı söz çıxdığını görmədim. Onda insanlara qarşı çox böyük sevgi var. Hətta bədxahlara, dodaq büzənlərə, hər şeyə qulp qoyanlara da Çingiz müəllimi gülən gördüm. Çünki onun qəlbində insanlığa böyük sevgi var.

Sazımıza, sözümüzə, muğamlarımıza böyük sevgisinə görə Çingiz qardaşım mənim qəlbimdə həmişə ucadır. Hərdən xəyal edirəm, görəsən bizi bir-birimizə birləşdirən hansı hisslərdir, hansı amaldır… O, yurdumuzun dilbər guşəsi Tovuz rayonunun Qandallar kəndində dünyaya gəlib, mən isə isti, bürkülü aran torpağında – Ucar rayonunun Boyat kəndində. Bəs bizi birləşdirən nədir? Bu yerdə yadıma böyük Bəxtiyar Vahabzadənin sözü düşür:

 

Harda da olsa tapar bir-birin,

Zövqü, xasiyyəti eyni adamlar.

 

Bəli, bəlkə mən Qandallarda doğulmuşam, bəlkə elə Çingiz qardaşımla bir məhlədə böyümüşəm, bəlkə o Ucar rayonunun Boyat kəndində böyüyüb… Bax, budur insanları bir-birinə birləşdirən, budur insanları bir-birinə yaxınlaşdıran amil.

Çingiz qardaşım!

Səni mən səmimi qəlbdən, ürəkdən təbrik edirəm, səni bağrıma basıram! Nə yaxşı ki varsan! Sənin eloğlun, Tovuz rayonunun Düz Qırıxlı kəndindən olan rəhmətlik Rasim Kərimlinin sözü bu yerdə yadıma düşür:

 

Şöhrətə yetirən bağı barıymış,

Ən uca dağların başı qarıymış,

Yaxşı ki, dünyada yaxşı varıymış,

Yoxsa, tərk olardıq yaman əlindən.

 

Bu dünya yaxşıların çiynində bərqərar olub, əziz Çingiz qardaşım,
nə yaxşı ki varsan! Mən sənə ömrünün qalan hissəsində səadət dolu günlər, balalarınla, nəvələrinlə, ailənlə birlikdə xoşbəxt gələcək arzulayıram. Allah səni dövlətimizə, xalqımıza, millətimizə, dostlarımıza, elə dostun Ağalar Bayramova çox görməsin, Çingiz qardaşım!

Sonda sözümü o taylı-bu taylı Azərbaycanımızın ölməz dühası, Xalq şairi Zöhrab Tahirin misralarıyla bitirirəm:

 

Bir Allah var, yaxşılıqdı gözümdə,

O var olub hər bir kəsin üzündə.

Gəz Allahı sən yaxşılıq sözündə,

Kasıbların pənahıdır yaxşılıq!

Allahların allahıdır yaxşılıq!

 

Yaxşı olma, yaxşılıqdan ötəri,

Yaxşılıq et, qoy olmasın xəbəri.

Ək, dünyada birə yüzdür səməri,

Qızıl taxıl dənəsidir yaxşılıq!

Kimə versən dönəsidir yaxşılıq!

 

Yaxşılığa qoyulmayıb tərəzi,

Yaxşılıq et, sil qəlbindən qərəzi.

Böyüklükdə yoxdur onun əvəzi,

Arşın ilə ölçülməyib yaxşılıq!

Pislik ilə biçilməyib yaxşılıq!

 

Pislik etmə, heç vaxt üzün ağ olmaz,

Pislik edən yaxşı olmaz, sağ olmaz.

Eşələrsən, dərə olar, dağ olmaz,

Dərələri nurla doldur, yaxşılıq!

Yaxşı olmaq çətin şeydir, yaxşılıq!

 

Yaxşılıqla yola gətir hər pisi,

Qızıl elə qara daşı, göy misi.

Al xəbisi, evyıxanı, nakəsi,

Yurdumuza layiq elə, yaxşılıq!

Yaxşı olmaq çətin şeydi, yaxşılıq!

 

Allah sənin o yaxşı ürəyini, o geniş qəlbini, əziz qardaşım, sənə çox görməsin!

70 illik yubiley günün mübarək olsun!

 

WhatsApp Image 2022-03-11 at 10.20.38Hörmətlə: Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Respublikanın Əməkdar artisti, bədii qiraət ustası, dostun  Ağalar Bayramov

 

 

 

 

Yazıya 505 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.