Aprelin 8-də Nizami rayonu şəhid Kamil Əyyubov adına 12 nömrəli tam orta məktəbdə yazıçı, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq ilə görüş keçirilib.
kultur.az xəbər verir ki, qonaq haqqında tədbir iştirakçılarına geniş məlumat verilib, videoçarx nümayiş etdirilib, sözləri Şəmil Sadiqə aid olan “El bir olsa” mahnısı səsləndirilib.
Çıxış edən yazıçı zəngin fəaliyyətindən, çoxşaxəli yaradıcılığından danışıb. Əmin olduğunu bildirib ki, burada söylədikləri şagirdlərin yaddaşında qalacaq və onların həyat yollarının müəyyənləşməsinə müsbət təsir edəcək.
Görüş şagirdlərlə dialoq üzərində qurulub. Yazıçı onların çoxsaylı suallarını cavablandırıb.
Daha sonra məktəbin direktoru Rahim Novruzov yazıçının məktəbə gəlişinin, müəllim və şagirdlərlə görüşünün əlamətdar olduğunu vurğulayıb. Bildirib ki, dəyərli qələm adamları ilə hər təmas onların yaddaşında dərin iz qoyur.
Tədbirin sonunda yazıçı öz kitablarını məktəbin kitabxanasına hədiyyə edib.
Yazıya 312 dəfə baxılıb