Bu gün VHP sədrinin müavini Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini və komitə sədri, millət vəkili, prof. Fəzail İbrahimlinin doğum günüdür.
Fəzail İbrahimli 1951-ci ildə Yardımlı rayonunun Çanaqbulaq kəndində anadan olub. Azərbaycan Pedaqoji Universitetinin Tarix fakültəsində ali təhsil alıb. F.İbrahimli 1973-1977-ci illərdə Yardımlı rayonunun Çanaxbulaq kənd məktəbində müəllim işləyib. 1979-1982-ci illərdə Bakı Dövlət Universitetinin əyani şöbəsində aspirant, 1982-ci ildən Bakı Dövlət Universitetində Kommunist Partiyası Tarixi kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. Hazırda Azərbaycan Tarixi kafedrasının professorudur. 1986-cı ildə namizədlik, 1998-ci ildə doktorluq dissertasiyasını müdafiə edib. 1992-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının üzvü olan İbrahimlinin bir monoqrafiyası, bir kitabı, bir dərsliyi və 60-a qədər elmi məqaləsi var. 2000, 2005, 2010, 2020-ci illərdə keçirilən parlament seçkilərində Vətəndaş Həmrəyliyi Partiyasından Milli Məclisə üzv seçilib.
2020-ci ildə müstəqillik tariximizdə ilk dəfə müxalifətdən olan deputat kimi vitse-spiker seçilib. Ömrünün yetmiş birinci baharına qədəm qoyan Fəzail bəyi ürəkdən təbrik edirik.
Xarakterində yüksək insani keyfiyyətləri cəmləşdirən, xalqına, dövlətinə bağlı olan, uşaqdan- böyüyə hər bir Azərbaycan vətəndaşına qayğı ilə yanaşan, sevgi bəsləyən və onlara xidmət etməyi özünə şərəf bilən Fəzail İbrahimli Millət vəkili olaraq daim xalqın yanında olmuş, onun problemlərinin aradan qaldırılması uğrunda cəsarətli çıxışları ilə seçilir, həmin problemlərin həlli yolunda ardıcıl fəaliyyət göstərir. Fəzail İbrahimli siyasətçi, deputat olmaqla yanaşı, həm də Azərbaycanın tanınmış alimidir. Uzun illərdir Milli Məclisdə təmsil olunur. İctimai-siyasi sahədə böyük təcrübəyə malikdir, belə insanların təcrübəsi ölkəmiz üçün çox böyük əhəmiyyət kəsb edir. Bir insan, alim, müəllim, millət vəkili, siyasətçi kimi bu sahələrin hər birində Fəzail bəyin xarakterinin, şəxsiyyətinin bir gözəl tərəfi üzə çıxır.
VHP Siyasi Şurası olaraq, bütün VHP üzvləri adından böyük ziyalılıq keyfiyyətləri ilə hər birimizin sevimlisinə çevrilən dəyərli partiyadaşımızı, millət vəkilimizi, müasir Azərbaycan siyasətinin tanınmış simalarından biri olan, ardıcıl mövqeyi ilə, prinsipial xətti ilə fərqlənən, qayğıkeş ailə başçısı olan Fəzail bəyi doğum günü münasibətiylə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, ailə sevinci, çətin və şərəfli fəaliyyətində yeni – yeni nəaliyyətlər diləyirik.
Hörmətlə,
VHP Siyasi Şurası
Yazıya 119 dəfə baxılıb