Kultur.az xəbər verir ki, Şəmkir şəhər F.Salmanov adına tam orta məktəbin Təsviri incəsənət müəllimi Brilyant Alıyevanın “Zəfər günü” adlı açıq dərsi keçirilib. Açıq dərsə başlamazdan əvvəl şagirdlər Azərbaycan Respublikasının rəsmi dövlət himnini səsləndirib, sonra Azərbaycan Vətən Müharibəsi Şəhidlərinin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edilib.
Açıq dərsdə Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq qanlı tariximizin səhifələri bir daha varaqlanıb, mənfur düşmənin qeyri maddi-mədəni irsimizə qarşı etdiyi vandalizmin nəticələri barədə şagirdlərə geniş məlumat verilib. Bundan sonra şagirdlər təsviri sənətin tarixi və batal janrında rəsmlər çəkiblər.
Direktor Alidə Hüseynova məktəbin şəhid məzunlarını qürurla yad edərək, məhz belə oğulların sayəsində 44 günlük savaşın zəfərlə nəticələndiyini qeyd edib. O başda Ali baş Komandanımız İlham Əliyev olmaqla, Azərbaycanın şanlı ordusuna bir daha minnətdarlıq edərək, məktəblilərə məhz bu yolla addımlamağı məsləhət görüb.
Direktor çıxışının sonunda mövzunu geniş əhatə etdiyi üçün açıq dərs müəlliminə və şagirdlərə təşəkkürünü bildirib.
Açıq dərsə Ulu öndər Heydər Əliyevin “Biz Şuşaya qayıdacağıq!” sözləri ilə son verilib.
Yazıya 77 dəfə baxılıb