“Yaxşılıq ağacı” layihəsi təqdim edildi

4Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant Müsabiqəsi qaliblərindən olan Xırdalan şəhər 7 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Zülfiyyə Sadıqovanın “Yaxşılıq ağacı” layihəsinin təqdimatı olub.

Kultur.az “Hədəf Nəşrləri”nə istinadən xəbər verir ki, Mənəvi Dəyərlərin Təbliği Fondu, Türkiyənin “Günəş yolu” nəşriyyatı, “Hedef Group”, “Hədəf” Nəşrləri, “Sinkod” yayın və dağıtım şirkətinin tərəfdaşlığı ilə baş tutan tədbirdə layihənin qalibi Zülfiyyə Sadıqova, Hədəf Şirkətlər Qrupunun təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq, tarix üzrə fəlsəfə doktoru Elvin Əliyev, “Hədəf Nəşrləri”nin direktoru Nizami Hüseynov, Xırdalan şəhər 7 saylı tam orta məktəbin direktoru Zenfira Orucova, eləcə də sözügedən təhsil ocağının şagirdləri iştirak ediblər.

Xırdalan şəhər 7 saylı tam orta məktəbin akt zalında keçirilən tədbiri giriş sözü ilə açan Z.Sadıqova layihə barədə ətraflı məlumat verib. Bildirib ki, qalib layihənin əsas məqsədi məktəbyaşlı uşaqlara milli-mənəvi dəyərləri aşılamaq, mütaliə vərdişinin daha sistemli inkişafına təkan verməkdir.

O qeyd edib ki, layihə çərçivəsində “Günəş yolu” nəşriyyatının hazırladığı, “Hədəf Nəşrləri”nin Azərbaycan dilində çap etdiyi “Əsas dəyərlər” toplusu məktəbin şagirdlərinə paylanılacaq. Eyni zamanda müəllimlərə təlim keçiriləcək, 6 ay ərzində davam edən layihə çərçivəsində şagirdlərlə toplunun müzakirələri baş tutacaq, oxşar mövzulu filmlər nümayiş etdiriləcək və mövzulara uyğun qonaqlar dəvət ediləcək.

Şəmil Sadiq çıxışında paytaxtdan kənarda yerləşən məktəblərin problemlərinə toxunub, sözügedən təhsil müəssisələrində tədris mühitinin canlandırılmasına diqqət çəkib. Bu çatışmazlıqların həll yollarını göstərib.

O nəzərə çatdırıb ki, layihə çərçivəsində toplunun müəllifi, türkiyəli yazıçı Suat Turqutun da ölkəmizə dəvəti və bu məktəbin şagirdləri ilə görüşü nəzərdə tutulur.

Nizami Hüseynov “Hədəf Nəşrləri”nin çap etdirdiyi “Dəyərlər” silsiləsi haqqında ətraflı məlumat verib. Bu toplunun uşaqlara mənəvi dəyərlərin təbliğində əvəzsiz rol oynaya biləcəyini vurğulayıb.

Direktor onu da bildirib ki, gələcəkdə sözügedən silsilənin dərs vəsaiti kimi orta məktəb proqramına salınması barədə işlər davam edir.

Elvin Əliyev topluya daxil olan hekayələrdən söz açıb, onların uşaqların mənəvi inkişafına ciddi təkan verəcəyini dilə gətirib.

Əlavə məlumat üçün deyək ki, “Hədəf Nəşrləri” tərəfindən tədbirdə iştirak edən müəllimlərə “Əsas dəyərlər” toplusu, məktəb şagirdlərinə isə layihə tərəfdaşları adından yüz ədəd “Dəyərlər” təqvimi hədiyyə olunub.

 

2 3 4 1

Yazıya 21 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.