“Ulduz” jurnalının dekabr nömrəsi işıq üzü görüb

 

İlin son “Ulduz”u
“Ulduz” jurnalının dekabr nömrəsi işıq üzü görüb.

kultur.az xəbər verir ki, jurnal İlham Əzizin özü ilə söhbəti və “Priçuda” hekayəsi ilə açılır.

“Şeir saatı”nda Günay Nərimanın, Əlizadə Nurinin, Tural Turanın, İradə Aytelin, Xosrov Natilin və Təranə Dəmirin şeirləri yer alıb.

Şəfa Vəli “Dramaturgiyamızın banisi” sərlövhəli müsahibəsində böyük ədib M.F.Axundzadənin Şəkidəki ev-muzeyinin əməkdaşı Sevda Rəhimova ilə həmsöhbət olub.

Vaqif Yusiflinin “Əlli beş yaşlı “Ulduz”umuz” sərlövhəli yazısında jurnalın tarixinə nəzər yetirilir, dərginin 55 illik yubileyinə həsr edilmiş sentyabr-oktyabr nömrəsində yer alan nostalji yazıların təhlili aparılır.

“Ulduz” jurnalı və Türkiyənin “Genc yürekler” ədəbiyyat dərgisinin ortaq layihə-rubrikasında Yusif Alper Oyarın “Ağ kölgə” hekayəsi, eləcə də Muhterem Şahinin “Gəncliyə müraciət”, Edip Aykut Çiçəklinin “Mübarək əbədiyyət” esseləri təqdim olunub.

Ay Bəniz Əliyarın “Qayıdan torpaqlar, qayıtmayan oğullar” poeması Vətən Müharibəsi Qəhrəmanı, şəhid Xəyal Həsənova ithaf edilib.

“Tərcümə saatı”nda Afaq Şıxlının tərcüməsində vyetnamlı şair və nasir May Van Fanın şeirlərinə, Məlahət Qənbərovanın tərcüməsində isə Qırğızıstanın Xalq yazıçısı Mar Bayciyevin “Mənim qızıl balığım” hekayələrinə yer verilib.

Gənc alim və şair Tural Adışirinin “Dörd gərək, dörd dörd gərək, bir dörd gərək” yazısı özündə sufi, hürufi təliminin say və hərf simvolikasını ehtiva edir.

“Nəsr” rubrikasının əsasını Aygün Yaşarın “Yurdçu”, Zaur Ərmuğanın “Simic” hekayələri təşkil edir. Qərib Mehdi “İşıq”dan işığa” daxili monoloqunda “Ulduz” jurnalı ilə bağlı xatirələrini bölüşür, dərginin 55 illik yubileyi münasibətilə təbriklərini ünvanlayır.

“Debüt”də Seyfəddin Hüseynlinin təqdimatında gənc şairə Əfsanə Rəhimlinin şeirləri dərc edilib.

Filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzərin “Anarın hekayə sənəti” yazısında – adından da göründüyü kimi Xalq yazıçısı Anarın hekayələri təhlil edilir.

Yazıçı, jurnalist Maya İmranın “Şəhid eşqi” reportaj-hekayəsində 2022-ci ilin sentyabrında düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olmuş Səbuhi Əhmədovun dəfn mərasimində yaşananlar qələmə alınıb.

Oxucular filologiya elmləri doktoru Cəlal Məmmədovun təqdim etdiyi “Qısa fikirlər xəzinəsi” rubrikasında Ceyms Coysun, Tomas Eliotun, Oldos Hakslinin, Elias Kanettinin, Jan Bodriyarın, Xorxe Luis Borxesin, Çarlz Bukovskinin və Tomas Cefersonun müdrik fikirləriylə tanış olmaq imkanı əldə edəcəklər.

Nəhayət, “Dərgidə kitab”da şair Faiq Hüseynbəylinin şeirləri, “Sərgi”də isə rəssam Nərmin Quluzadənin rəsmləri yer alıb.

İlin son “Ulduz”u



Yazıya 65 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.