Dənizçi şəhid ailələri və müharibə iştirakçıları üçün Yeni il şənliyi keçirilib
… Bu tədbirin hər anından Vətən ətri gəlirdi. Çünki öz qanları ilə torpaqları suvarıb onu Vətən edən oğullar anılırdı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Şəhid ailələri və müharibə iştirakçıları üçün Yeni il şənliyinin təşkili” layihəsi çərçivəsində “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin hazırladığl Yeni il şənliyindən söhbət gedir.
Bakıxanov qəsəbəsindəki “Səbinə” şadlıq evində baş tutan bayram şənliyi Azərbaycanın Dövlət Himninin səslənməsi ilə başlayıb.
Sonra torpaqlarımızın azadlığı uğrunda canından keçib şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad edilib.
Yeni il şənliyinin aparıcısı, şair Şərafəddin İlkin giriş sözü ilə çıxış edərək bildirib ki 44 günlük Vətən Müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan əsgəri şərəfli tarix yazdı. 30 il düşmən tapdağında olan torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz təmin edildi. Bu şərəfli tarixi yazan igidlər arasında qəhrəman dənizçilər də vardı. Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik günü və YENİ TƏQVİM İLİ ərfəsində “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin təşəbbüsü ilə həyata keçirilən “Şəhid ailələri və müharibə iştirakçıları üçün Yeni il şənliyinin təşkili” adlı bayram tədbirinə və şəhid dənizçilərin və sağlamlığını itirmiş dənizçi döyüşçülərin – qazilərin ailə üzvləri, ölkənin tanınmış sənət adamları dəvət olunub.
O, ilk sözü böyük məmnuniyyətlə “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin çoxşaxəli fəaliyyəti haqqında məlumat vermək üçün Birliyin sədri, şair-publisist Faiq Balabəyliyə verdi.
“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin sədri Faiq Balabəyli çıxışı zamanı bildirib ki, Azərbaycanın ayılmaz tərkib hissəsi olan Qarabağ otuz ilə yaxın bir zaman kəsiyində düşmənin soyuq nəzərləri altında sıxılıb. 44 günlük Zəfər Savaşında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan əsgəri qəhrəmanlıq tarixi yazdı. O şərəfli tarixin zəfər sevincini bizə yaşadanlar arasında arasında qəhrəman dənizçilər də var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən bayram tədbirində məhz şəhidlik zirvəsinə yüksələn dənizçilərin ailə üzvləri, qazilərin övladları, və döyüşçü dənizçilər, eləcə də AYB üzvləri, tanınmış sənətkarlar iştirak edirlər. Bayram tədbirimizin proqramı rəngarəngdir.
Sonra müğənni Hüsniyyə İsmayılovanın ifasında tədbirin ilk musiqi çələngini təqdim olundu. Musiqi sədaları altında şəhidlərin və qazilərin övladları rəqs etdilər.
İlk müsiqi çələngindən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşı Sevinc Cəfərova çıxış edərək bildirdi ki, Sosial Xidmətlər Agentliyinin təşəbbüsü və social sifarişi ilə həyata keçirilən “Şəhid ailələri və müharibə iştirakçıları üçün Yeni il şənliyinin təşkili” müsabiqənin qalibi olan “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi tədbirin keçirilməsi üçün hazırlıq işlərini uğurla başa çatdırdı. Bu gün biz şəhidlik zirvəsinə yüksələn dənizçilərin ailə üzvləri, qazilərin övladları üçün keçirilən Yeni il şənliyinin iştiraşkçılarıyıq.
Sonra hamı əməkdar artist Yusif Mustafayevin həzin və yanıqlı ifasına hakim kəsildi.
Şəhid ataları Zöhrab İsmayılov və Elşad Quliyev 44 günlük Vətən müharibəsində Azərbaycana zəfər sevincini yaşadan qəhrəman oğulların ruhu qarşısında ehtiramlarını bildirdilər, Vətən üçün belə övlad böyütdüklərini qürur hissi ilə dilə gətirdilər.
Söz yenə də musiqiyə verildi. Müğənnilər Teymur Gözəlov, Nəsibə Bədəlbəyli, Vasif Hüseynovun ifaları bayram tədbirinə rəng qatdı. Şair Aydın Xoşbəxt iştirakçılar qarşısında vətənpərvərlik ruhlu şeirlər oxudu.
Məşhur “Zır-Zır” personajının ifaçıçısı, tanınmış aktyor Ceyhunun Klon olaraq tədbirə qatılması ilə bayram şənliyinə toplaşmış şəhid-dənizçilərin ailə üzvləri, qazilərin övladları səhnəyə daxil oldular. kloun uşaqlara maraqlı və əyləncəli proqram təqdim etdi.
Tədbirin ən təsirli, ən həzin səhnəsi şəhid anası Flora Hüseynovanın çıxışı, çıxışdan sonra Vətən müharibəsi iştirakçıları ilə bir yerdə rəqs etməsi oldu.
Tanınmış və sevilən müğənnilər, Respublikanın əməkdar artistləri Elşad Qarayev, Zakir Əliyev eləcə də popluyar müğənnilər Arif İsmayıloğlu, Aynur Sevimli, İlqar Tağıyev və Fuad Dadaşov öz ifaları ilə hamının zövqünü oxşadılar.
Yeni il şənliyinin ən maraqlı hissələrindən biri də şəhid və qazi dənizçilərin övladları arasında keçirilən intellektual oyun oldu. Yeni il şənliyinin aparıcısı, şair Şərafəddin İlkin 44 günlük Zəfər Savaşı ilə bağlı gənc iştirakçılar arasında yarışma təşkil etdi.
AYB üzvləri Hüseyn Sözlü, Vasif Süleyman, əməkdar artist Zakir Əliyev intellektual oyunun qalibləri olan uşaqlara sertifikatlar, 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərərək sağlamlığını itirmiş qazilərə diplomlar və bayram hədiyyələri təqdim etdilər.
Şaxta baba ilə Qarqızın uşaqlara təqdim etdikləri əyləncəli proqram yaddaqalan oldu. Hər çıxış, hər təqdimat Azərbaycan əsgərinin 44 günlük Vətən müharibəsindəki rəşadəti ilə bu və ya digər dərəcədə əlaqəli idi.
Bayram tədbirini “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin sədri Faiq Balabəyliyə yekunlaşdırdı. O, bildirdi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin maliyyə dəstəyi ilə reallaşan “Şəhid ailələri və müharibə iştirakçıları üçün Yeni il şənliyinin təşkili” layihəsi bir ömür iştirakçıların yaddaşında əbədi iz salacaq. Çünki tədbirin mahiyyətində VƏTƏN SEVGİSİ var – dünyada bütün sevgilərdən ucada dayanan VƏTƏN SEVGİSİ. Biz 2023-cü ili bu sevgi ilə qarşılayırıq.
Sonda bayram tortu kəsildi və xatirə şəkilləri çəkildi.
Tural Balabəyli
DSD İB-nin idarə heyətinin sədr müavini,
Layihənin mətbuat üzrə koordinatoru
Yazıya 35 dəfə baxılıb