Azərbaycan özünü dağıntıların altına atdı…
Savaş – qardaşın başqa adıdı və yaxud in god we trust …
Belə baxanda Üçüncü Dünya müharibəsi çoxdan başlayıb:
Ukrayna Rusiya ilə vuruşandan bəri yox,
bəşər Əsədlə döyüşəndən bəri.
Suriya üç yerə bölünəndən başlayıb Üçüncü Dünya müharibəsi.
Ondan bəri.
Hələ ondan da irəli.
“Bütün insanlar qardaşdır və lakin…” Savaş – qardaşın başqa adıdı.
Dünyada ilk qırğını iki qardaş törədib:
Habillə Qabil.
Aralarında bir hərf fərqi var.
Qabil Habili heyvanın çənə sümüyü ilə öldürüb.
Dünyada son savaş iki qardaş arasında gedir:
Vladimirlə Volodimirin.
Aralarında bir hərf fərqi var.
İnsanlar öz çənəsini işə salanda sülh yaranır,
heyvan çənəsinə cumanda qırğın düşür.
İnsan əlində nə varsa, onunla xoşbəxt olmalıdı. Yaxud özünü xoşbəxt hiss eləməlidi. “Axı əlimdə nə var ki, bomboşdu…” – deyirsən. Deyil. Bir əlinə diqqətlə bax. Gör nə gözəl barmaqların var! Axı onlar gecəylə daş arasında qala bilərdi. Həm də iki daş arasında yox, beş yüz kilometr (!!!) uzunluğu olan xarabalıq altında.
Türkiyədəki dəhşətli zəlzələ bəşəriyyətin qapısından bir elan asdı:
Özünüzü bu evdə adam kimi aparın, əziz kirayənişinlər!
Deyirlər, müharibə jurnalistikası siqaret kimidi, onu yalnız bir yerindən yandıra bilərsən, filtrindən yox, papiros – mülki mətbuatdı.
Təbii fəlakət də müharibədi. Bəlkə də, ən birinci və ən davamlı müharibə. Onun da yalnız bir yerindən yandırıb çəkə bilərsən. Zəlzələ vaxtı təkcə mətbuat yox, feysbuk-instaqram-tviter yox, vatsap mesajı da nə çəkdiyinin fərqində olmalıydı. Filtrə toxunmaq olmaz! Qədim yunan filosofu “yaşamaq üçün yeyin” deyəndə bir-birlərini nəzərdə tutmurdu. Onun xələfləri filosofu düz anlayıblar. Qonşu ölkənin fəlakətinə Yunanıstan dost kimi qatıldı. Zəlzələdən cəmi bir neçə gün qabaq Türkiyəylə savaş ritorikasında danışan Afinanın başsağlığında dərin insani hüzn vardı. Ermənistan seqmenti isə faciəyə gülüş smaylı qoydu.
Filosofu olmamaq budur!
Kitabı olmamaq budur!
Tarixi olmamaq budur!
Musiqisi olmamaq budur!
Siqaretlə papirosu hardan yandırmağın fərqini bilməmək, ağzındakının nə olduğundan bixəbərlik budur!
Azərbaycan Türkiyənin Zəlzələ savaşında özünü dağıntıların altına atdı.
Qardaşına bir şey olmasın deyə.
Millət əlinə düşəni zərərçəkənlərə yolladı. Qıyıb özü yatmadığı mitildən tutmuş, əlil təqaüdünə kimi.
Amma bütün yolladıqlarımızın bir adı var: qanad!
Biz onlara qanad verdik.
Bir daha binalar yox, sakinlər uçsun deyə.
Dost qanadı.
Bir daha savaş – qardaşın başqa adı olmasın deyə…
P.S. Təzəliklə bilmişəm ki, ABŞ dollarının üstündə Tanrının adı var. İN GOD WE TRUST. Yəni biz Tanrının varlığına inanırıq. Yaxşı sözdü, amma bunu Tanrısı pul olanlar deyir…
Qulu Ağsəs, xüsusi olaraq “Qafqazinfo” üçün
15 fevral 2023
Yazıya 35 dəfə baxılıb