Akif Abbasov – KABAB QONAQLIĞASI

AKİF 100 (hekayə)

Bu kasıbın işi uzundur. Qış gəlir. Qanı qaralır. Bir çətən külfətdir. Evi qızdırmaq lazımdır. Özünə (özü cəhənnəmə), arvadına, uşaqlarına isti pal-paltar, uzunboğaz çəkmə almalıdır. Hansını deyəsən?

Yay gəlir, kasıb sevinir. Bir şalvar, bir köynək geyəcək, evi qızdırmlı olmayacaq, əksinə, mənzilin istisindən qaçacaq, həyətdə-bacada gün keçirəcək. Yaz, payız da yolaveriləndir. Amma bu kasıb yayda da dilxor olur. Məzuniyyətə çıxır. O soruşur, bu soruşur: “Dincəlməyə hara gedəcəksən?”

Ay pir olmuşlar dincəlməyə getmək üçün bir ətək pul lazımdır. Gedib Antalyada, nə bilim harada istirahət ettmək, bizim bu rayonlarımızdakı istirahət yerlərində dincəlməkdən ucuz başa gəlir.

Qəbələnin  Vəndam kəndindəki “Duyma”ya, “Yeddi gözəl”ə, Xaçmazın Seyidlərkəndyeri kəndindəki “Atlant” istirahət və əyləncə mərkəzinə,  Nabranın “Dostluq” turist bazasına və “Palma” istirahət mərkəzinə, Qaxın İlisu kəndinə putyovka ilə getmək sərfəlidir. Az miqdarda pul verirsən, qalanı isə həmkarlar ittifaqı  ödəyir. Amma kimdir sənə putyovka verən? Həmkarlar ittifaqının işdəki nümayəndəsi hər dəfə “Bizə vur-tut üç-dörd putyovka düşür, onu da ya direktora, ya da müharibə və əmək veteranlarından birinə onlara verirəm”, – deyib səni başdan eləyir.

         Varlılara, imkanlılara nə var ki? İstəyir qış olsun, istər yay, yaz, yaxud payız. Həmişə kefləri saz olur. Heç putyovka dərdi də çəkmirlər. Nə zaman lazımdır, istirahətlərindən qalmırlar. Varlığa nə darlıq?

         Nə isə. Danışmaqla adamın dərdi yüngülləşmir.

         İşçilərin umu-küsüsünü eşidən trest rəisi aktivi başına yığıb iclas keçirdi. Qərara alındı ki, Altıağacda məxsusi olaraq trest üçün “İstirahət və əyləncə mərkəzi” tikilsin. “Putyovka üçün ona, buna ağız açınca, yalvarınca işçilərimiz gedib dincələrlər”. Rəis bu sözlərlə iclası qapadı.

Tezliklə tikintiyə icazə alındı və inşaat işlərinə başlandı.

Hamı sevinirdi. Nəhayət, növbəti yay “İstirahət və əyləncə mərkəzi” hazır oldu. Əvvəllər dincəlməyə gedənlər putyovkanı pulsuz alırdılar. Hətta bəziləri dincəlməyə ailəvi də gedirdilər. Sonralar cüzi pul ödəməli oldular.

Yayda buralarda havalar sərin olurdu. Hətta axşamlar yorğanla yatmaq lazım gəlirdi.  Az keçmiş bu “İstirahət və əyləncə mərkəzi”nin də zibili çıxdı. Xidmət aşağı səviyyəyə düşdü.  Bircə səhər yeməyi fərli idi: yağ, pendir, süd, yumurta, çay… Nahar və şamı yeməsəydin, ondan yaxşı idi.

Bəziləri hətta boğaza yığılıb yarımçıq çıxıb gedirdi

Gələnlərin narazılığını görən mərkəz müdiri onları dilə tutmağa çalışırdı ki, trest rəhbərliyinə şikayətə getməsinlər. Sonuncu günlər idi. İstirahətə gələnlər bir gün yuxudan qalxanda həyətdə bir quzu gördülər. Boğazındakı kəndir keçirib sütuna bağlamışdılar. “İstirahət və əyləncə mərkəzi”nin müdiri quzuya maraqla baxanlara müraciətlə dedi:

-Qərara aldım ki, sizi təntənə ilə yola salım. Axşamüstü quzu kababına qonaq olacaqsınız.

İstirahətdə olanlar sevindilər: “Axır ki… Heç olmasa axırıncı gün bir fərli şam edək”. 

Səhər yeməyini, sonra da naharı birtəhər yola verib, axşamı gözləməyə başladılar. İştahlarını sazlamışdılar: quzu kababı yeyəcəkdilər. Bəziləri hətta araq tədarükü də görmüşdülər.

Farağat komandası verildi. İstirahətdə olanlar günorta yuxusu almaq üçün otaqlara çəkildilər. Oyananda gördülər nə? Həyətdə bir neçə maşın dolaşırdı. Bir maşında trest rəisi öz ailəsi ilə, başqa iki maşında  da onun dost-tanışları.   Onlar maşından düşüb Altıağacı gəzməyə başladılar. Ağacın altına stollar, stullar düzüldü, süfrə açıldı. Quzunu kəsib soydular. Kabab çəkib gələn qonaqların süfrəsinə apardılar.

İstirahətdə olanlar baxa-baxa qalmışdılar: “Bu nə oyundur düşüblər?” Arzuları gözlərində donmuşdu.

Axşamüstü idi. Şam yeməyinin vaxtı idi. “İstirahət və əyləncə mərkəzi” yeməkxanasının qapıları açılmışdı. İstirahətdə olanlar şam yeməyinə  çağırılırdılar. Lakin iştahlarını kababa sazlayan adamların heç biri şam yeməyinə getmədi. Otaqlarına çəkildilər.

Ağacların altında rəisin ailəsi və dost-tanışı üçün süfrə açılmışdı. Onlar quzu kababı yeyir, sərin sudan, araqdan, şampandan və çaxırdan içir, rəisin özünün, ailəsinin və “İstirahət və əyləncə mərkəzi”nin şərəfinə sağlıq deyirdilər.

 Bakı şəhəri, 29 iyul 2023-cü il

Yazıya 15 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.