AKİF ABBASOV – BƏS SƏN HARANI QURTARMISAN?

AKİF 100(hekayə)

         Oqtay da tələbə idi, Sevinc də. Hərəsi Bakıya başqa-başqa  rayonlardan gəlmişdi.  Ali məktəbdə təhsil alırdılar. Oqtay kirayə ev tutmuşdu, Sevinc  “Qızlar yataqxanası”nda qalırdı.

Atası imkanlı olduğundan Oqtay dərslərə də düz əməlli-başlı gedib-gəlmirdi.    Xüsusən Sevincə rast gələndən, ona ürəyini açandan sonra. Bütün günü yataqxananın böyür-başını kəsdirib dururdu. Sevinci instituta aparır, sonra gedib gətirirdi.

Oqtay yataqxananın komendantı ilə dostlaşmışdı. Arada onu aparıb kababa qonaq edirdi.

Qızlar da otaqda olanda bəzən Sevinc Oqtayı çaya, yeməyə dəvət edirdi. Özü tək olanda dünya dağıla Oqtaın yuxarıya – otağa qalxmasına icazə vermirdi. Dilə-dişə düşərdi. Abırlı, ismətli qız idi. Ona söz-söhbət   lazım deyildi?!

Sevinc mühazirə və seminar məşğələlərindən qalmazdı. Hazırlaşıb imtahanlardan da qiymət alırdı. Bəs Oqtay? Kənddə kolxoz sədri işləyən atasının canı sağ olsun. Qayıblarını sildirir, imtahanlarını verirdi.

Vaxt-vədə tamam oldu.  Oqtayla Sevinc institutu bitirdilər. Nişanlı idilər. Avqust ayında toyları olacaqdı. İndi Oqtay Sevinci rayona yola salırdı. Qızın xalası da gəlib çıxdı. Bacısı qızını institutu bitirməsi münasibətilə təbrik edib, hədiyyəsini vermişdi.  İndi onu rayona yola salırdı.  Xala Sevincə müraciətlə:

-Evdəkilərə – hamıya, atana, bacıma, bacına, qardaşına salamımı yetir, – dedi. -Toyuna çağırmağı unutma!

Sevinc xalasına qısıldı:

-Xalam mənim canımdır, həyatımdır. Heç elə şey olar? Xalasız toy olmaz!

Xala əlini uzadıb Oqtayla da görüşdü:

-Oğul, sizi bir daha təbrik edirəm! Xoşbəxt olasınız! Toyunuzda doyunca süzəcəyəm.

Xala birdən:

-Ay oğul, Sevinci bildim. Bəs sən haranı qurtarmısan?

Onun əvəzinə Sevinc cavab verdi:

-Bizim yataqxananı, ay xala.

Xala başa düşmədi. Sual dolu baxışlarını Sevincə dikdi. Sevinci gülmək tutdu. Oqtay da özünü saxlaya bilməyib gülürdü.

 Bakı şəhəri, 09 avqust 2023-cü il

Yazıya 29 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.