Azərbaycan Dövlət Pantomima Teatrı Hüseyn Cavidin “İblis” əsərinə yenidən üz tutdu.
kultur.az xəbər verir ki, 05.10.2023-cü il tarixində Bəhruz Vaqifoğlunun rejissorluğu ilə hazırlanan Azərbaycan Dövlət Pantomima Teatrının “İblis” tamaşası Rus Akademik Dram Teatrının səhnəsində canlandırıldı.
Bir-birindən fərqli və bənzərsiz əsərlərlə zəngin olan Pantomima Teatrı bu dəfə də tamaşaçıların qəlbini fəth etməyi bacardı.
Cəmiyyətdəki mənəvi aşınmadan bəhs edən əsər insanlar arasında din, dil, irq, təbəqə ayrıseçkiliyinə varmadan, səssiz, sözsüz şəkildə, bir-birini hiss edərək, anlayaraq, sevərək iblisə güc gəlməyin mümkünlüyündən bəhs edir.
Qeyd edək ki, tamaşanın rəssamı Xəyyam Səmədov, xoreoqrafı Əməkdar artist Səbinə Hacıyevadır.
Könülləri fəth edən “İblis”in sonunda aktyorlar – Nurlan Rüstəmov, Elnur Rzayev, Elxan Şahaliyev, Cavad Nuriyev, Səbinə Hacıyeva, Nuridə Musabəyli, Solmaz Bədəlova, Jalə Novruzova və Səbirə Həsənova tamaşaçıların sürəkli alqışına və gül-çiçəyə qərq edildi.
Yazıya 372 dəfə baxılıb