İradə AYTEL – ŞUŞANIN AYAQLARI (hekayə)

 

Без названияŞəhid Analarına – Şəhid Analara ithaf olunur…

 

– Ata, sənin ayaqların hanı?

– Şuşaya vermişəm, oğlum.

– Şuşanın öz ayaqlarına nə olub ki, sənin ayaqlarını alıb?

– Şuşanın ayaqlarını düşmənlərimiz kəsmişdi, yeriyə bilmirdi. Mən də ayaqlarımı ona verdim.

– Bəs Salman əminin qolları hanı?

– O da qollarını verdi Şuşaya, oğlum.

– Ata, Elmaz əmi də gözlərini verib Şuşaya, eləmi?

– Hə, ağıllı balam.

– İndi Şuşa həm görür, həm yeriyir, həm də qolları var?

– Hə, igid oğlum, indi Şuşanın həm ayaqları, həm güclü qolları, həm də görən gözləri var.

– Ata, mən də böyüyəndə əsgər olacağam, Şuşanı elə qoruyacağam ki, düşmənin gücü çatmayacaq.

– Qorumalısan oğlum, təkcə Şuşanı deyil, bütün Azərbaycanı qorumalısan! Atanın, əmilərinin ayağını, qolunu, gözünü verdiyi, Şəhidlərimizin ürəyini verdiyi torpaqlarımızı elə qorumalısan ki, düşmən bizi bir də ayaqsız, qolsuz, gözsüz qoymasın…

 Screenshot_2

***

… Azər oğlunun kiçik toyuna hazırlaşırdı. Toyxananın bir tərəfi döyüş yoldaşları, o biri tərəfi isə qonşular-qohumlar üçün nəzərdə tutulmuşdu. Bu toy təkcə bir evə yox, bir elə səs salacaqdı. Bu toyu ailə otuz ildən çox idi ki, gözləyirdi…

…Azər evin tək oğlu idi. Atası Niyaz Birinci Qarabağ döyüşlərində şəhid olmuş, anası Aləmzər oğlunu bir otaqlı daxmada tək böyütmüşdü. Əri şəhid olandan sonra Aləmzərə çox yerdən elçi düşmüş, heç birinə razılıq verməmiş, – “Oğlu atalıq yanında böyüsə, Niyazın goru çatlayar”- demişdi.

Aləmzər oğlunu həkim görmək istəsə də, Azər orta məktəbi bitirən kimi sənədlərini hərbi akademiyaya verdi. Akademiyanı başa vurandan sonra leytenant rütbəsi ilə doğulduğu kəndin yaxınlığındakı hərbi hissədə işə başladı.

…Aləmzərin ən böyük arzusu oğluna dillərə dastan olacaq toy məclisi qurmaq idi. Bu toy onun həyatının ilk mərəkəsi olacaqdı.

Niyazla Aləmzərə toy qismət olmamışdı. Qızının “Yetim Niyaz”a qoşulub qaçdığını eşidən ata ondan imtina etmişdi. Min-bir əziyyətlə ev olan ailə, oğulları Azərin kiçik toyunu həm də öz toyları kimi keçirəcəklərini arzu etsələr də,  müharibə onların istəyini gözlərində qoymuşdu. Şəhid balası Azərin el-obaya yayılacaq kiçik toyunun səsi cəmi beş-on qonşunun qulağına çata bilmişdi…  

 

44339395_1159579714200075_54469814930605_71539945540***

         Bala, şükür, oxudun qurtardın, daha əlin çörəyə çatır. Mənim gözümü yollardan yığ, gəlin görmək, nəvə qucaqlamaq istəyirəm, – Aləmzər qara yaylığının altından boylanan ağ saçlarını gizlətməyə çalışdı.

         Ana, necə istəyirsən, elə olsun.

         Razısan, eləmi? – ananın gözləri yaşardı.

         Razıyam, – Azər anasını qucaqladı. – Razıyam, ana, dayigildə toyda göstərdiyin qıza elçi get.

         Dilbərin qızınamı, Ceyhunəyə?… – Ananın xəzan vurmuş yanaqlarında güllər açdı sanki… –  Ceyhunə çox yaxşı qızdı. Müəllim olandan bu yana qapılarına on yerdən elçi düşüb, hamısına “yox” deyib. Hiss edirəm ki, onun da sənə könlü var, Dilbər də neçə dəfə anşırdıb…

 

     ***

Aləmzərin sevinci göyə, əl-ayağı yerə sığışmırdı, oğlu Azər evlənirdi. Toy ananın arzuladığından fərqli olaraq sakit keçdi. Oğlu belə istəyirdi.

         Ana, atam və atam kimi minlərlə oğul bu torpaq uğrunda canını fəda etdi. Ordunun yeni-yeni formalaşdığı, silah-sürsatımızın olmadığı bir dönəmdə o oğullar düşmən üzərinə əliyalın getdilər. Elə oğulların ruhu hələ də azad deyil, ana. Azərbaycanın coğrafiyasına edilən təcavüz həm də onun dilinə, dininə, mədəniyyətinə ağır zərbədir. Qərbi Azərbaycandan didərgin düşənlər, qarabağlı qaçqınlar, Kəlbəcər köçkünləri öz torpaqlarından uzaqlaşdıqca mədəniyyətindən, folklorundan, adət-ənənəsindən ayrılır. Bu insanlar zaman-zaman özlərindən uzaqlaşır və biz bütövlüyümüzü itiririk. Bakıda böyüyən birisi Göyçə boğazı üstündə sazı, yaxud da Qarabağ muğamı üstündə sözü dilləndirə biləcəkmi? 20 Yanvar olayını sinirdik. Çünki, bu, azadlığımız uğrunda mücadiləmiz idi. Qurbanlar verərək müstəqilliyimizə qovuşduq. Bəs Xocalı faciəsi nə demək idi? Bütün dünyanı lərzəyə gətirən, taleyinə isə hamının göz yumduğu Xocalı?.. Ondan sonra ard-arda itirilən torpaqlar… Belə bir zamanda mən necə toy edim, ana? – demişdi oğul.

         Bala, rəhmətlik Niyazın da arzusu övladına çal-çağırlı toy etmək idi…

         Bu, atamın ən böyük arzusu olsaydı, bizi qoyub döyüşə getməzdi, ana. Atam torpağını, vətənini səndən-məndən çox sevirdi. Mən onun yarımçıq qalmış arzusunu həyata keçirməliyəm. İşğalda olan torpaqları azad edəndən, ölkədəki əmin-amanlığa nail olandan sonra sənin ürəyin istəyən mağarı qurduracağam.

         Bıy, ay bala, yenidən toy edəcəksən?

         Niyə ki, ana, oğul toyu edərəm, inşallah!

         İnşallah, bala, Allah o günü yetirsin. Ancaq gözləməyə mənim ömrüm çatacaqmı? – ana kövrəlmiş halda soruşmuşdu.

         Az qalıb, ana. İndi ordumuz əvvəlki ordu deyil. İndi dünyanın ən güclü ordusu, ən müasir silah-sürsatı bizdədir. Hər şey yaxşı olacaq.

         Müharibə olacaq, bala? – ana qorxaraq soruşmuşdu. – Müharibə olmasın! Müharibə dəhşətdir. Ay bala, dünyanın o başında bir uşaq evsiz qalırsa, bu başındakı minlərlə ana ev-eşiyində üşüyür, bir uşaq ac-susuzsa, minlərlə ananın yediyi-içdiyi boğazında qalır. Oğul, müharibələrə imza atılanda ilk olaraq anaların qətlinə fərman verilir. Müharibədə döyüşən də, yaralanan da, Şəhid olanlar da analardır. Müharibə olmasın! Olmasın, bala! Düşmənimin də balası ölməsin…

         Ana, erməninin anası sənin kimi demir, öldürməyi öyrədir oğluna…

         O ana deyil, bala. Heç bir ana kiminsə balasına ölüm arzulamaz.  

         Müharibə olmasa, sülh də olmaz, ay ana!  Onlar susmur. Tez-tez atırlar. Gör atəşkəsdən sonra nə qədər itkimiz olub. Əlbəttə, bu, belə davam edə bilməz. Onlar torpağımızı xoşluqla qaytarmazlar, ana. Qaytarsalar belə, Şəhidlərin tökülən qanı necə olacaq, onları da qaytaracaqlarmı? Torpağım işğalda ola-ola necə şadlanım, olanlara susaqmı, ana?

         Eh, ay bala… – ana dərindən nəfəs almış, – Sən elə bir kişinin qanındansan ki… Allah arzularına çatdırsın, atanın qanı yerdə qalmasın…. – deyərək, susmuşdu..

***125365190_1122401784844405_7835049924269297786_n

 

İyul hadisələri bütün ölkəni silkələdi…

Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərinin düşmən tərəfindən atəşə tutulması nəticəsində Azərbaycan Ordusunun yüksəkrütbəli hərbçi və əsgərlərinin şəhid olması xəbəri xalqı ayağa qaldırdı. Xalq milli birlik və həmrəylik nümayiş etdirərək, –  “Ya Qarabağ, ya ölüm!” – şüarları ilə Azərbaycan dövlətinin, ordusunun yanında olduğunu bəyan etdi.

 

         27.09.2020. Azərbaycan Respublikasının Prezidenti xalqa müraciət etdi: “Bu gün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutmuşdur. Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin! Onların qanı yerdə qalmayacaqdır. Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir və bu zərbələr nətcəsində düşmənin bir çox hərbi texnikaları sıradan çıxıb. Bu, erməni faşizminin növbəti təzahürüdür…”.

 

28.09.2020. Azər Hüseynov Azərbaycan ordusunun sıralarında döyüşürdü. Toplar atılır, göydən mərmilər yağırdı… düşmən tərəf dayanmadan itkilər verir, çox sayda canlı və cansız qüvvəsi ordumuz tərəfindən zərərsizləşdirilirdi.

Leytenant Azər Hüseynovun başçılıq etdiyi tağım alınmaz qala adlandırılan Füzuli yolunu ələ keçirmişdi.

Ön cəbhədəkilər rəşadətlə irəliləyir, arxa cəbhədəkilər isə ordusuna dayaq olurdu. Təqaüdçülər təqaüdünü, iş adamları əmək haqlarını, ölkə kənarında yaşayan vətən oğulları qazanclarını ordunun hesabına keçirirdi. Ana-bacılar corablar toxuyur, yeməklər hazırlayır, sovqat tutaraq əsgərinə göndərirdi. Müharibəyə yaşı çatanlar da, çatmayanlar da hərbi komissarlıqların qarşısında sıraya dayanır, döyüşə getmək üçün israr edirdilər.

…Çaşqınlıq içərisində olan xalq müharibənin başlanmasına hələ də inanmaq istəmirdi. Cəbhədən gələn xoş xəbərlər hamının ürəyincə idi. Nəhayət, otuz ildən sonra Azərbaycan qələbə sevincini yaşayırdı. İnsanlar üç rəngli bayraqların fonunda küçələrə axışır, tanıdı-tanımadı bir-birini təbrik edir, bağrına basırdı. Ellikcə sevinir, ellikcə gülürdü xalq. Birinci Qarabağ döyüşlərində Şəhid olanların, itkin düşənlərin ruhu illərdir qara bağlayan ana-bacılara, boynubükük atalara qoşulub süzürdü sanki. Kimi Şəhid məzarına, kimi itkin fotosuna, kimi atasız böyüyən balalara muştuluq verirdi. Ancaq kimsə müharibənin başlanmasının fərqində deyildi. Bu həqiqət arxa cəbhəyə ilk Şəhid tabutu gələndə üzə çıxdı…

Ermənistanla 44 gün davam edən müharibə ərzində  Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhəri işğaldan azad edildi.  

Dünya heyrət içərisində idi. Otuz ildən çoxdur silahlanmış, havadarlarına sığınaraq ordusunu gücləndirmiş Ermənistanın xəyalları cəmi 44 günə puç olmuşdu. Moskvada imzalanan müqaviləyə əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edildi.

2020-ci il noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonları azad edildi.

15.12.2022-ci il. Şuşa döyüşlərində ağır yaralanaraq hər iki ayağını itirmiş Azər Hüseynov xəstəxanadan evə buraxıldı.

 

***

16 aprel 2022-ci il. Aləmzər nəvəsi Aqilin kiçik toyuna hazırlaşırdı. Ananın bəmbəyaz saçları xınalamışdı. Qadın ərinin şəhadətindən sonra əynindən çıxarmadığı qara paltarı soyunmuş, al rəngli əlbisə geyinmişdi. Ana sevinirdi. Əri Niyazın və Niyaz kimi minlərlə şəhidin qanı yerdə qalmamışdı. Onların arzusunu övladları həyata keçirmiş – Qarabağ azadlığına qovuşmuşdu.

…Ana əlil arabasındakı oğluna və oğlunun qənşərində dil-boğaza qoymayan nəvəsinə qürurla baxdı:

         Ata, mənim toyuma Salman əmi də gələcək?

         Əlbəttə, oğlum.

         O necə oynayacaq, axı, qolları yoxdur?

         Onun yerinə Şuşa oynayacaq, bütün şuşalılar, Azərbaycanlılar oynayacaq.

         Bəs Elmaz əmi sünnət paltarımı necə görəcək?

         Onun da yerinə Şuşa görəcək, şuşalılar, bütün Azərbaycan görəcək.

         Ata, o qədər qonaq evimizə sığışacaqmı?

         Sığışacaq, oğlum. Bax, bizə Dövlətimiz necə gözəl ev verib. Bu evə hamımız sığışarıq. Sevgi və birlik, ən əsası da həmrəylik harda varsa, o yer dünyanın ucsuz-bucaqsız Cənnətidir. Sənin böyük toyunda isə qonaqlarımız daha çox olacaq – Təbriz Göyçəyə – Göyçə Təbrizə qarışacaq….

 

 

 162347751_4425142424166068_368352337395064871_n İradə AYTEL

 

 

Yazıya 56 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.