Kultur.az xəbər verir ki, 15 noyabr 2023-cü il tarixində Azərbaycan Rəssamlar İttifaqının sərgi salonunda Aktivist Rəssamlar Assosiasiyasının bir qrup üzvünün əsərlərindən ibarət rəsm sərgisinin açılışı olub.
Assosiasiyanın rəhbəri rəssam Nəvai Metin sərgi barədə fikirlərini bizimlə bölüşdü: “İki ay öncə Aktivist Rəssamlar Assosiasiyası adlı bir qurum yaratdıq. Qurumun yaranmasında məqsəd ölkəmizin müxtəlif bölgələrinə yaradıcılıq səfərləri etmək, canlı rəsmlər çəkmək, açıq havada, əhalinin gur olduğu yerlərdə sərgilər təşkil etmək, əhalidə mədəniyyətə və incəsənətə olan itmiş sevgini bərpa etməkdir. Yerlərdə əhalinin rəssamlara olan marağı onu göstərir ki, düzgün yoldayıq. Etdiyimiz səfərlərdə açıq havada təşkil etdiyimiz sərgilərə olan diqqət bunu bir daha sübut edir”.
Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə baş tutan sərgidə ARA-nın bir qrup üzvlərinin Nəvai Metinin, Əmrah Mədətovun, Naqiyə Rzayevanın, Məlik Məmmədxanovun və Əbdüləli Əliyevin əsərləri nümayiş olunur. Sərginin açılışı zamanı Rəssamlar İttifaqının katibi Ağaəli İbrahimov rəssamların bu təşəbbüsünü yüksək dəyərləndirdi və qrupun fəaliyyətini daim diqqət mərkəzində saxlayacağını bildirdi.
Açılış günü respublikanın tanınmış ziyalıları da çıxış edərək ARA-nın fəaliyyətini yüksək qiymətləndirdilər.
Qeyd edək ki, sərgi 20 noyabr tarixinə qədər davam edəcək. Sərgiyə giriş sərbəstdir.
Yazıya 46 dəfə baxılıb