15 dekabr 2023-cü il tarixində Muzey Mərkəzində Rəssam-heykəltaraş İbrahim Həsənovun 70, oğlu rəssam Ruhulla Həsənzadənin isə 30 yaşı tamam olması münasibətilə “Metamorfik bağlar:70/30” adlı yubiley sərgisinin açılışı oldu.
kultur.az xəbər verir ki, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev mərasimi açıq elan edərək, hər iki rəssamın yaradıcılığı barədə qısa məlumat verdi. Çıxış edən ziyalılar – Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Milli Məclisin deputatı Fazil Mustafa, Əməkdar rəssam Arif Hüseynov sərginin Azərbaycan incəsənətinə əsil töhfə olduğunu qeyd etdi və hər iki rəssama uğurlar arzuladı. Sonda söz sərgi müəlliflərinə verildi. “İncəsənət xalqa məxsusdur” fikri ilə çıxışına son verən rəssam-heykəltaraş İbrahim Həsənov qonaqları sərgi salonuna dəvət etdi.
Yaradıcılıq bioqrafiyası müxtəlif istiqamətlərdə aparılmış axtarışlar zəminində formalaşdan, müxtəlif janrlarda əsərlər yaradan rəssam-heykəltaraş İbrahim Həsənovun rəngkarlıq, heykəltaraşlıq, qrafikadan ibarət əsərləri sərgi iştirakçılarının marağına səbəb oldu.
Rəssamlıq, heykəltəraşlıq, illüstrasiya və konseptual incəsənət sahəsində geniş tanınan Azərbaycanın aparıcı gənc rəssamlarından olan Ruhulla Həsənovun düşündürücü, psixoloji əsərləri isə daha çox gənclərin diqqətini çəkdi.
“Metamorfik bağlar:70/30” adlı sərgidə rəssam-heykəltaraş İbrahim Həsənovun 22 müasir heykəli və 28 rəngkarlıq əsəri, Ruhulla Həsənzadənin 30-35 ədəd rəngkarlıq nümunəsi nümayiş etdirildi.
Xatırladaq ki, Cəlil Cavanşir və Aynurə Azayevanın təşkilatçılığı ilə baş tutan sərgi 19 dekabr, 18.00-dək davam edəcək (giuriş sərbəstdir).
Yazıya 17 dəfə baxılıb