11 may 2024-cü il tarixində Şəmkir şəhər Mədəniyyət Mərkəzində mərkəzin və Şəmkir şəhər F.Salmanov adına tam orta məktəbin təşkilatçılığı ilə təsviri-incəsənət müəllimi, rəssam Brilyant Ramazan qızı Hacıyevanın Ulu öndər Heydər Əliyevin 101 illik yubileyinə həsr edilmiş “Heydər zirvəsi” adlı fərdi rəsm sərgisi keçirildi.
www.kultur.az xəbər verir ki, tədbirdə Şəmkir rayon rəhbərliyi, Şəmkir şəhər orta məktəblərinin müəllim və şagird heyəti, qazilər, gənc rəssamlar və rəsmsevərlər iştirak edirdi.
Sərgidə təsviri incəsənətin qrafika və rəngkarlıq növlərində, realizm, impressionizm, abstraksionizm üslüblarda çəkilmiş, milli-mədəni dəyərləri, tarixi, folkloru, 44 günlük zəfər tariximizi özündə əks etdirən natürmortlardan, portretlərdən, sujetli rəsmlərdən ibarət 22 əsər nümayiş etdirildi.
Çıxışçılar – mərkəzin direktoru Turan Musayev, Əməkdar mədəniyyət işçisi, “Qızıl qələm” və “Qızıl sünbül” mükafatı laureatı, şair Məzahir Hüseynzadə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Gəncə şəhər təşkilatının sədri, politoloq Bəyanət Qasımov, F.Salmanov adına tam orta məktəbin direktoru Alidə Hüseynova, Şiştəpə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Sona Salahova, Şiştəpə kənd Mədəniyyət Evinin təşkilatçısı Elmira Hacıyeva, Vətən müharibəsi veteranı, müəllim Nəzakət Məmmədova və başqaları rəssamın zəngin daxili dünyasını əks etdirən əsərlər barədə öz fikirlərini bildirərək, Brilyant xanımı ilk fərdi sərgi münasibətilə təbrik etdilər.
Sonda rəssam Brilyant Ramazanqızı sərginin təşkilatçılarına və iştirakçılara öz minnətdarlığını bildirdi, azyaşlı həvəskar rəssam Nərgiz Kərimlinin təqdim etdiyi rəsmi yüksək dəyərləndirərək, aşağıdakı fikirləri söylədi: “İncəsənətə, ədəbiyyata, mədəniyyətə, xüsusən də rəssamlığa doğru addımlayan hər bir kəs sülhə, birliyə, sevgiyə tərəf gedir. Bizim xalq humanist, sülhsevər xalqdır. Ulu öndərin ucaldığı, ucaltdığı zirvəyə mən öz əsərlərimlə boylandım və o zirvədəki işığa doğru yön aldım. Gələcək nəsillərə də bu işıqla addımlamağı arzu edirəm!”
Yazıya 129 dəfə baxılıb