COŞQUN XƏLİLOĞLU (Coşqun Xəlil oğlu İbrahimli) 1960-cı ilin dekabr ayının 27-də Kürdəmir rayonunun Mollakənd kəndində ziyalı ailəsində anadan olmuşdur. Azərbaycan Neft və Kimya İnstitutunun – indiki Azərbaycan Neft Akademiyasının məzunudur. 1983-cü ildən neft sənayesində müxtəlif vəzifələrdə çalışır.Hazırda SOCAR-ın “Kompleks qazma işləri” trestində Texnoloji şöbənin rəisi vəzifəsində işləyir. Neft sənayesindəki səmərəli fəaliyyətinə görə SOCAR-ın Fəxri Fərmanına və “Fəxri neftçi” döş nişanına layıq görülmüşdür.
Orta məktəb illərindən bədii yaradıcılıqla məşğuldur. Yazıları müxtəlif mətbu orqanlarda, ədəbiyyat saytlarında – “Azərbaycan”, “Ulduz”, “Qobustan” “ Göyərçin” jurnallarında, “Respublika”, “Ədalət”, “Xalq qəzeti”, “Kredo”, “Vışka”, “İki Sahil” qəzetlərində, “Ziya”, “Zəfər”, “Zirvə”, “Turan” ədəbi məcmuələrində, Türkiyənin “Ədəbi Kültür”, “Kardeş Kalemler”, Özbəkistanın “MARİFAT”, Tehranda çıxan “Xudafərin” dərgilərində dərc olunmuşdur. Yaradıcılıq fəaliyyətinə görə bir sıra Fəxri Fərmanlara, “Türk Dünyası İnfo” İctimai Birliyinin Diplomlarına, Bakı Futbol Federasiyasının Fəxri Diplomuna, Türk Düyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının “Türk Dünyası Ədəbiyyatına Xidmət” mükafatına layiq görülmüşdr. Ondan artıq kitabın müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
YAZIRLAR
Çiynimin üstündə mələklər durub,
Günahı, savabı yazırlar, qardaş.
Üzümə şeytanlar gülərək dost tək,
Ayağım altını qazırlar, qardaş.
Çoxları dərk etmir- nədir bu həyat,
Əbədi müəmma, sirdir kainat,
İnsanlar dünyayla oynayıb şahmat,
Nizamı, ahəngi pozurlar, qardaş.
Zəmanə dəyişir, dəyişir dövran,
Ölçülər, meyarlar dəyişir hər an,
Var-dövlət hərisi nə qədər insan
Çaşıb yollarını azırlar, qardaş.
İnsan kimi yaşa, insan kimi köç,
Biri səhv edərsə, günahından keç,
Ay Coşqun, sözlərin yaxşısını seç,
Onsuz da yüz yerə yozurlar, qardaş.
2000-ci il.
***
ŞUŞAM, AZADSAN, AZAD.
Daha çəkmə qüssə, ah,
-Şuşam, azadsan, azad!
Güldü üzünə sabah,
-Şuşam, azadsan, azad!
Çıxdın ağır, “sərt qış”dan,
Qurtuldun, bəd qarğışdan,
Gündə yüz yol, alqışlan-
-Şuşam, azadsan, azad!
İncisən, başdan başa,
Hər qarışın tamaşa,
Arzum, – bəxtiyar yaşa,
-Şuşam, azadsan, azad!
Bax, sevinir Üzeyir,
Natəvan şeir deyir,
Cabbar nəğmə söyləyir,
-Şuşam, azadsan, azad!
Səs gəldi- Pənah xandan,
Nəvvabdan, Sadıqcandan:
-Daha olma nigaran,
-Şuşam, azadsan, azad!
Xarıbülbül sevincim,
Bulaqların bir incim,
Çox qədimim, lap gəncim,
-Şuşam, azadsan, azad!
Sən, musiqi məbədi,
Yaşa, yaşa əbədi,
Necə xoş təntənədi-
-Şuşam, azadsan, azad!
Sözüdür – igidlərin,
Mərd əsgər- zabitlərin,
Qəhrəman şəhidlərin,
-Şuşam, azadsan, azad!
Sevinir Dərbənd, Təbriz,
Zəfər çalıb ölkəmiz,
Diləyimiz tər-təmiz,
-Şuşam, azadsan, azad!
Hər dərdə var bir dərman,
Gerçəkləşdi çox güman,
Yetişdi gözəl zaman,
-Şuşam, azadsan, azad!
***
QIRX DÖRD
Nə qırx üç, nə də qırx beş
Olmadı, qırx dörd oldu,
Kafirlərə əbədi
Qüssə oldu, dərd oldu.
Qırx dörd -zəfər deməkdir,
Qırx dörd-hünər deməkdir,
Qırx dörd- Qarabağıma
Doğan səhər deməkdir.
Qırx dörd –cəsurum, mərdim,
Qırx dörd -ölməz şəhidim,
Qırx dörd-saysız igidim,
Yenilməz ər deməkdir.
Qırx dörd -sevgi səngərə,
Qırx dörd-ümid əsgərə,
Qırx dörd -iblisə, şərə
Möhkəm sipər deməkdir.
Qırx dörd- sözüdür haqqın,
Qırx dörd -gülməsi baxtın,
Qırx dörd- birliyi xalqın,
Müdrik rəhbər deməkdir.
Qırx dörd- xoş gün, xoş soraq,
Qırx dörd –sönməyən çıraq,
Qırx dörd- müqəddəs ocaq,
Ziyarət, pir deməkdir.
Qırx dörd- müzəffər ordum,
Qırx dörd-azaddır yurdum,
Qırx dörd- “Düşməni qovduq”-
Xoş bir xəbər deməkdir
Qırx dörd- sevinci elin,
Qırx dörd -xoş sözü dilin
Qırx dörd- “Xarıbülbülüm
Yenə gülər” deməkdir.
Qırx dörd-düşmənə əzab,
Qırx dörd-xeyir iş, savab,
Qırx dörd haqsıza cavab,
Sərhəd, çəpər deməkdir.
Qırx dörddən sevinc doğdu,
Qırx dörd -şeytanı boğdu,
Qırx dörd -dəmir yumruqdu,
Tarix-əsər deməkdir.
10.10.2021.
***
UNUTMAYAQ
Hər ağızdan bal süzülməz,
Elə sirr var, bil, çözülməz,
Nazilsə də, haqq üzülməz,
Unutmayaq, unutmayaq.
Zülmət ötdü, doğdu səhər,
Ədalət çalıbdır zəfər,
Mömin ola bilməz kafər,
Unutmayaq, unutmayaq.
Həmişə ayıq olağın,
Daha da sayıq olağın,
Xislətini tayqulağın
Unutmayaq, unutmayaq.
Hər məsəlin var əsası;
Heç vaxt ağ qoçun qisası,
Qarada qalmaz qısası,
Unutmayaq, unutmayaq.
Babaların öyüdlərin,
Yurdun ərən-igidlərin,
Cəsur, ölməz şəhidlərin,
Unutmayaq, unutmayaq.
Ötkəm olsun kişi gərək,
Kimsəyə gəlməsin kələk,
“Sən say, sən tək saymır fələk”,
Unutmayaq, unutmayaq.
Var həm pis, həm yaxşı adət,
Göydən düşməyir səadət,
Rəzildə olmaz ləyaqət,
Unutmayaq, unutmayaq.
24.10.2023.
***
OLARMI
Dünyanı haqq yaradıb,
Haqqdan çıxmaq olarmı?
Kimlərisə aldadıb
Evlər yıxmaq olarmı?
Dərdlər var min biçimdə,
İnsanlar öz köçündə,
Cahan təlaş içində,
Sakit baxmaq olarmı?
Dünyanın min donu var,
Məzlumu, fironu var,
Hər şeyin bir sonu var,
Sondan qorxmaq olarmı?
Coşqun, nifrəti unut,
Sabaha bəslə umud,
Qəlb sındlrma, qəlb ovut,
Qəlbi qırmaq olarmı?
***
GƏRƏKDİR
Dünya gözəlliklə dolu,
Görmək üçün göz gərəkdir.
Gözəlliyi vəsf etməyə
Iti qələm, söz gərəkdir.
Nadan, gəl özünü öymə,
Yerli-yersis qəlbə dəymə.
Çox da “mənəm-mənəm” demə,
Buna həya, üz gərəkdir.
Yaxşı əməl insanındır,
Dünya malı dünyanındır,
Apardığın bir canındır,
Beş arşın da bez gərəkdirş
Coşqun, yazmaqdan usanma,
Varını ver, heç utanma,
Özünü gərəksiz sanma,
Həyatda qoy iz, gərəkdir.
***
OLAR
Hər qalxmağın enməyi var,
Hər yanmağın sönməyi var,
Sükutun da dinməyi var,
Xəbərsiz-ətərsiz olar.
Xəyallara dünya sığır,
Yola çıxmaz çox vaxt cığır
“Xəmir yeyən olmaz fağır”,
Olsa da, çox fərsiz olar.
Dostum, düşün, dal xəyala
Qürrələnmə cah- cəlala
Bilsən, cavab ver, suala
Bilməsən, sus, yersiz olar.
Bağça yazda çiçəkləyər,
Barlı agac başın əyər,
Gün var ki, yüz ilə dəyər,
İl var ki, dəyərsiz olar.
İnsanı dərk etmək çətin
Biri qorxaq, biri mətin
Dinlə böyük nəsihətin
Sanma ki, səmərsiz olar.
24.06.2024.
***
GÖZLƏRİN AYDIN, VƏTƏN
Biz necə də xoşbəxtik , qələbə çalınıbdır,
Müqəddəs torpağımız yağıdan alınıbdır,
Hiyləgər düşmənimiz məzara salınıbdır,
Ruhsuz yaşaya bilməz, bütöv olammaz bədən,
Anam, gözlərin aydın, gözlərin aydın, Vətən.
Üçrəngli bayrağımız əzizdir canımızdan,
Torpağımız güc aldı tökülən qanımızdan,
Danışır cahan bizdən – yüksələn şanımızdan,
Necə bəxtiyar olur, arzuya, kama yetən,
Anam, gözlərin aydın, gözlərin aydın, Vətən.
Qarabağ ki var, bizim şanımız, şöhrətimiz,
Vətənin hər qarışı, əbədi sərvətimiz,
Necə güclüdür bu xalq, göründü qüdrətimiz,
Bundan sonra yaşayar millətimiz xoşbəxt, şən,
Anam, gözlərin aydın, gözlərin aydın, Vətən.
Biz həmişə olmuşuq düz sözlü, düz ilqarlı,
Başımızı dik tutub yaşamışıq vüqarlı,
Hər günümüz xoş keçsin, yaylı, qışlı, baharlı,
Laləzardır yurdumuz, min cür nemətlər bitən,
Anam, gözlərin aydın, gözlərin aydın, Vətən.
Azadlığa qovuşub torpağımız, daşımız,
Bizə dəstək-arxadır böyük Türk qardaşımız,
Biryolluq azad olub Xankəndimiz, Şuşamız,
Sevinc ilə, qürurla, fərəhlə deyirəm mən:
-Anam gözlərin aydın, gözlərin aydın, Vətən.
***
AĞLAMA, ANAM, AĞLAMA
ŞƏHİD ANALARINA İTHAF EDİRƏM
Böyüyüb bir igid oldum,
Ağlama, anam, ağlama.
Yurd uğrunda şəhid oldum,
Ağlama, anam, ağlama.
Şirin laylanla böyüdüm,
Mənə deyirdin, “İgidim”,
Qulağımdadır öyüdün,
Ağlama, anam, ağlama.
Yeridim düşmən üstünə,
Yağını qoydum pis günə,
Fəxr et, ağı demə mənə,
Ağlama, anam, ağlama.
Axı, niyə ağlayırsan,
Qara yaylıq bağlayırsan?
Ürəyimi dağlayırsan,
Ağlama, anam, ağlama.
Mən məğlub yox, qalib oldum,
Öz yurduma sahib oldum,
Dərd-qəminə təbib oldum,
Ağlama, anam, ağlama.
Mən Vətən torpağındayam,
Bir çiçəkli bağındayam,
Anamın qucağındayam,
Ağlama, anam, ağlama.
Burda neçə qardaşıq biz,
Etibarlı yoldaşıq biz,
Vəfalı dost, sirdaşıq biz,
Ağlama, anam, ağlama.
Sən ağlarkən dolur gözüm,
Saralır bənizim, üzüm,
Canım-gözüm, budur, sözüm;
Ağlama, anam, ağlama.
Ətir saçan qızılgüləm,
Al laləyəm, qərənfiləm,
Şuşada xarıbülbüləm,
Ağlama, anam, ağlama.
Əyilmə, dik tut başını,
Sel eyləmə göz yaşını,
Qeyd elə hər il yaşımı,
Ağlama, anam, ağlama.
19.12.2020.
***
VƏTƏN ŞƏHİDLƏRİ
Azərbaycanın ərazi bütövlüyü və Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsində həlak olmuş şəhidlərin əziz xatirəsinə ithaf edirəm.
Baxın, yurdun balası, neçə igid qəhrəman
Vətənə sidq ürəklə qurban eylədilər can,
Dedilər bütöv olsun, tam olsun Azərbaycan,
Heç zaman unutmarıq biz cəsur igidləri,
Əbədi yaşayacaq bu Vətən şəhidləri.
Döyüşdülər inamla, ölümdən qorxmayaraq,
Neçə dağı, dərəni, zirvələri aşaraq,
Söylədilər, düşməndə qala bilməz Qarabağ,
Dar günündə tanınır elin, əsil mərdləri,
Əbədi yaşayacaq bu Vətən şəhidləri.
Bu torpaqdan, bu yurddan, tükənməz güc aldılar,
Yağıları məhv edib, şanlı zəfər çaldılar,
Şəhidlik zirvəsinə mərdliklə ucaldılar,
Unudulmayıb hələ Qorqudun öyüdləri,
Əbədi yaşayacaq bu Vətən şəhidləri.
Heç nə döndərə bilməz bizi haqq yolumuzdan,
Kafirlər məhv edildi, qovuldu elimizdən,
Salam var ölməzlərə Xarıbülbülümüzdən,
Həmişə xatırlanıb çəkiləcək adları,
Əbədi yaşayacaq bu Vətən şəhidləri.
***
QURBAN OLUM QAYIT GƏL
Oğlunun ölümünə inanmayan şəhid anasının dilindən:
Hər gün, gündə yüz kərə,
Batıram qəm-kədərə,
Gəl, saxlama səhərə,
Qurban olum, qayıt gəl.
Böyütdüm məhəbbətlə
Zəhmətlə, əziyyətlə,
Namusla, ləyaqətlə,
Qurban olum, qayıt gəl.
Yenə gəlibdir payız,
Eh… sevirsənmiş bir qız,
Onu da qoydun yalqız,
Qurban olum, qayıt gəl.
Həmin ayrılıq ayı…
Bu otaq, bu çarpayı,
Bu da çəkmənin tayı,
Qurban olum, qayıt gəl.
Saralıb düşsə yarpaq,
Necə görünər budaq?
Ürəyimə çəkmə dağ,
Qurban olum, qayıt gəl.
Bilmirəm, hardasansa,
Boranda, qardasansa,
Lap elə dardasansa,
Qurban olum, qayıt gəl.
Hər an ürəyimdəsən,
Azdır, ürəyim, desəm
Vallah bəbəyimdəsən,
Qurban olum, qayıt gəl.
Günəş olub baxsan sən,
İldırım tək çaxsan sən,
İnanmıram, yoxsan sən,
Qurban olum, qayıt gəl.
Dünya sənə heyrandır,
Anan sənə qurbandır,
Səndən çox nigarandır,
Qurban olum, qayıt gəl.
Ölə bilməz heç zaman,
Düşmənə qan udduran,
Mənim oğlum-qəhrəman,
Qurban olum, qayıt gəl.
21.10.2021.
***
ULDUZLARA UÇDUN SƏN
Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərahgah rəisi, general-mayor, Azərbaycanın ərazi bütövlüyü uğrunda Tovuz döyüşlərinin şəhidi POLAD İSRAYIL OĞLU HƏŞİMOVun əziz xatirəsinə ithaf edirəm.
Qələmin gücü yetməz vəsf etsin hünərini,
Dünya boyda işıqdın, boğdun dünya şərini,
Belə tez gözləmirdik cənnətə səfərini,
Getdin, gedişin ilə ürəklərə köçdün sən,
Azadlıq mələyitək ulduzlara uçdun sən.
Tanrı bəxş eyləmişdi sənə tərtəmiz ürək,
Yaşayıb çalışırdın ana yurdu sevərək,
Ən şərəfli peşəni məhəbbətlə seçərək,
Addım-addım yüksəldin, şərəfli yol keçdin sən,
Azadlıq mələyitək ulduzlara uçdun sən.
Sən xalqın ürəyində nur kimisən- sönməyən,
Azadlığın yolçusu, öz yolundan dönməyən,
Elə zirvədəsən ki, heç bir zaman enməyən,
Müqəddəs yolçuluğu məhəbbətlə, seçdin sən,
Azadlıq mələyitək ulduzlara uçdun sən.
Polad kimi komandir, general unudulmaz,
Elə yaralar var ki, heç zaman, ovudulmaz
Zaman keçər, dəyərin itirməz yaqut, almaz,
Parlayan almaz kimi nurlu şəfəq saçdın sən,
Azadlıq mələyitək ulduzlara uçdun sən.
Təbəssümün nur saçır günəş kimi üzündə,
Sabaha bir inam var baxışında, gözündə,
Hələ yola çıxacaq çox oğullar izinlə,
Zəfər yoluna çıxan təzə bir yol açdın sən,
Azadlıq mələyitək ulduzlara uçdun sən.
Hünərindən söz açır, bax, Ali Baş Komandan,
Peşəkar zabit idin, həm də xeyirxah insan,
Bu torpağı, Vətəni əziz bilirdin candan,
Şəhidlik şərbətini birnəfəsə içdin sən,
Azadlıq mələyitək ulduzlara uçdun sən.
Yazıya 116 dəfə baxılıb