Azərbaycan Ağsaqqallar Şurasının artıq ölkəmizin 79 şəhər və rayonunda fəaliyyət göstərən yerli təşkilatları mütəmadi olaraq bir sıra vacib, aktual məsələlərlə bağlı geniş tədbirlər keçirirlər. “Azərbaycan cəmiyyətində qadınların rolu və gənclərin tərbiyəsində analar qarşısında duran əsas vəzifələr” mövzusunda növbəti belə bir əhəmiyyətli tədbir dekabr ayının 6-da Gəncə Şəhər Ağsaqqallar Şurasının, Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU), Gəncə Dövlət Universitetinin (GDU), Azərbaycan Texnologiya Universitetinin (ATU), Gəncə Tibb və Regional kolleclərinin birgə təşkilatçılığı ilə keçirilib.
ADAU-da baş tutan konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, təşkilatın qərb regionu üzrə kuratoru Bayram Yusifov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədov, Gəncə Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, həmçinin ağsaqqallar, ziyalılar, şəhid anaları, təhsil müəssisələrinin müəllim-tələbə heyəti, gənclər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konfransda Azərbaycan Respublikasının Dövlət Himni oxunduqdan sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbir iştirakçılarını salamlayan Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov giriş nitqində qadınlarımızın cəmiyyətdə gündən-günə artan əhəmiyyətli rolundan ətraflı bəhs edib. Vurğulayıb ki, biz xüsusilə 44 günlük Vətən müharibəsində Azərbaycana möhtəşəm qələbə qazandıran igid əsgər və zabitlərimizin, qəhrəman şəhid və qazilərimizin ana və bacılarına, həyat yoldaşlarına hər zaman borcluyuq. Natiq, həmçinin, ölkəmizdə qadınların cəmiyyətdəki yerinin və rolunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu dövlət siyasəti sayəsində yüksək qiymətləndirildiyini bildirib. Əlavə edib ki, Azərbaycan qadını müqəddəs analıq missiyasını yerinə yetirməklə yanaşı, nüfuzlu ictimai-siyasi xadim, uğurlu iş adamı, yüksəkixtisaslı peşəkar mütəxəssis kimi də bir çox sahələrdə öz sözünü deyir. Zəfər Qurbanov cəmiyyətimizdə mövcud olan problemlərdən də bəhs edərək hər vətəndaşımız kimi Azərbaycan qadınlarının, analarımızın, o cümlədən qadın müəllimlərin boşanmaların, erkən nikahların, məişət zorakılığının, narkomaniyanın və digər zərərli vərdişlərin qarşısının alınmasında daha yaxından iştirak etmələrinin zəruriliyini vurğulayıb.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov çıxışında konfrans iştirakçılarını Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından salamlayaraq növbəti dəfə doğma Gəncə şəhərində dəyərli ağsaqqallarla, ziyalılarla və gənclərlə görüşdən məmnun olduğunu bildirib. Tədbirin aktual mövzuya həsr olunduğunu vurğulayaraq qeyd edib ki, gənclərimizin formalaşmasında ailə və cəmiyyət mühüm rol oynayır, onların tərbiyəsində və maariflənməsində valideynlərin və müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Tarix boyu ismət, namus, qeyrət, zəka, mərdlik və nəciblik simvolu olan Azərbaycan qadınlarının həyatımızdakı rolunu yüksək qiymətləndirən Bayram Yusifov bildirib ki, məhz anaların fədakar əməyi, düzgün tərbiyəsi sayəsində bugünkü cəmiyyətimiz, xüsusilə də vətənpərvər gənc nəsil, torpaqlarımızı erməni işğalından azad edərək bizə böyük Zəfər sevincini yaşadan unudulmaz şəhid və qazilərimiz, qəhrəman gənclərimiz yetişib. Bu gün biz bir daha həmin analar qarşısında baş əyirik.
Bayram Yusifov Azərbaycanda dövlətin qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin və ali səviyyəyə qaldırılmasının qadınlara daim yüksək dəyər verən Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayaraq Ulu Öndərin dəyərli fikirlərini xatırladıb: «Qadın bəşərə yaraşıq, zinət, insanlığa şərəf, şan-şöhrətdir. Qadın ucalıq, ülvilik mənbəyidir, ismət, qeyrət, qüdrət rəmzidir. Qadınsız cəmiyyət ola bilməz, qadınsız həyat ola bilməz». Natiq, həmçinin, qeyd edib ki, Ümummilli Liderimiz Heydər Əliyevin layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyev də cəmiyyətin əsas dayaqlarından biri olan Azərbaycan qadınının fəaliyyətini daim yüksək qiymətləndirir və onlara dəstək olur. Ölkə başçısının qadınlarla bağlı yürütdüyü uğurlu siyasət bu sahədə Azərbaycanı qabaqcıl dövlətlər sırasına çıxarıb. Bayram Yusifov xüsusi olaraq onu da qeyd edib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ölkəmizin Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bu gün beynəlxalq aləmdə respublikamızı ləyaqətlə təmsil edir, Azərbaycan qadınının nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirir. Sonra natiq öz çıxışında cəmiyyətimizdə mövcud olan problemlərə – narkomaniyaya, boşanmaların sayının atmasına, erkən nikahlara, siqaret aludəçiliyinə və digər zərərli vərdişlərə də diqqət çəkib. Azərbaycan Ağsaqqallar Şurasının sıralarında görkəmli, nüfuzlu, ziyalı qadınlarımızın, fədakar analarımızın təmsil olunduğunu vurğulayaraq bildirb ki, bizim hər birimiz övladlarımızı, tələbələrimizi, şagirdlərimizi bu böyük təhlükələrdən qorumaq üçün gənclərimizlə mütəmadi maarifləndirici söhbətlər aparmalı, onlara hərtərəfli dəstək olaraq zərərli vərdişlərdən qorumalı, idmana, sağlam həyat tərzinə təşviq etməliyiq. Biz inanırıq ki, bu işdə Azərbaycan qadını, ana və bacılarımız üzərilərinə düşən vəzifələri bundan sonra da yüksək səviyyədə yerinə yetirəcəklər, ümumi işə böyük töhfələr verəcəklər və daha xoşbəxt, sağlam Azərbaycan gənci naminə öz dəyərli missiyalarını hər zaman yorulmadan davam etdirəcəklər. Çıxışının sonunda Bayram Yusifov ən müqəddəs varlıq olan analara həsr etdiyi “Qurbanam ana” adlı şeirini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Konfransda çıxış edən Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri, professor Nurəddin Məmmədov, Gəncə Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov, Vətən müharibəsi şəhidi Hacı Rauf Əsgərovun anası Brilliant Əsgərova, Azərbaycan Respublikasının Xalq artisti, Gəncə Şəhər Ağsaqqallar Şurasının üzvü Şahnaz Haşımova, ADAU-nun prorektoru Aida Qasımova və başqaları Azərbaycan qadınlarının tarix boyu xalqımızın taleyində oynadıqları əhəmiyyətli roldan söz açıblar. Öz ağlı, namusu, qeyrəti, fədakarlığı, çalışqanlığı, vətənpərvərliyi, eləcə də millətinə, torpağına olan hədsiz məhəbbəti ilə tanınan analarımızın, bacılarımızın yetişdirdikləri igid gənclərimizdən, Vətən uğrunda canlarından keçən şəhidlərimizdən, ölkəmizin ərazi bütövlüyü naminə qəhrəmancasına vuruşan qazilərimizdən bəhs ediblər. Vurğulayıblar ki, cəmiyyətimizin çox dəyərli, əvəzedilməz nümayəndələri olan qadınlarımız ən böyük ehtirama və sevgiyə layiqdirlər. Tədbirdə, həmçinin, “Müasir cəmiyyətin sağlamlığının qorunmasında ailənin məqsədyönlü fəaliyyəti” və “Erkən nikahlar, hüquqi aspektlər praktik problemlər” mövzularında məruzələr edilib, müzakirələr aparılıb.
Konfransın sonunda Gəncə Şəhər Ağsaqqallar Şurası adından səmərəli fəaliyyətləri ilə fərqlənən bir qrup qadına təşəkkürnamələr təqdim olunub.
Yazıya 6 dəfə baxılıb