Şair Daşdəmir Musazadənin anım mərasimi keçirildi

20 dekabr 2024-cü il tarixində Qazax-Ağstafa bölgəsinin tanınmış, sevilən şairlərindən biri Daşdəmir Musazadənin 70 illik yubileyi münasibəti ilə Qazax rayon, Dağ Kəsəmən kəndində anım mərasimi keçirildi.

“Tovuz Xeyriyyə Cəmiyyəti”nin sədr müavini Çingiz Abbasovun təşkilatçılığı ilə həyata keçən mərasim şairin məzarının ziyarəti ilə davam etdi.

Daşdəmir Musazadənin ailə üzvlərinin, ziyalıların, şair və yazıçıların, şeirsevərlərin iştirak etdiyi ziyarətdə çıxış edən Azərbaycan Yazıçılar Birliyi Qazax bölməsinin sədri Barat Vüsal Daşdəmir Musazadənin həyat və yaradıcılığından geniş söz açaraq, onun Azərbaycan ədəbiyyatındakı yerini xüsusilə vurğuladı və “Daşdəmir Musazadə haqq sözünü deyən, mərd, iradəli bir insan ömrü yaşadı”, – deyərək, sözü iştirakçılara verdi.

Çıxış edənlər Daşdəmir Musazadənin şərəfli ömür yolundan, qalmaqallı, ağrı-acılı şair taleyindən, dildən-dilə dolaşan Musazadə yaradıcılığından söz açaraq şairi böyük ehtiramla yad etdilər.

Qeyd edək ki, Daşdəmir Musazadə 1954-cü ildə Qazax rayonunun Dağ Kəsəmən kəndində dünyaya gəlib. “Tənha qayıq” və “Ömürdən doymadım” şeirlər kitabının müəllifidir.

2009-cu ildə dünyasını dəyişən şairin ikinci kitabı 2018-ci ildə Çingiz Abbasovun maddi və mənəvi dəstəyi ilə işıq üzü görüb (ölümündən sonra) və AYB Qazax bölməsində böyük təntənə ilə oxuculara təqdim edilib.

Yazıya 14 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.