Yanvarın 15-də R.Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan aşıq-ozan sənətinin görkəmli nümayəndəsi Mikayıl Azaflının anadan olmasının 100 illiyinə həsr olunmuş xatirə gecəsi keçirildi.
Azərbaycan Aşıqlar Birliyi və “Tovuz Xeyriyyə Cəmiyyəti”nin birgə təşkilatçılığı ilə keçirilən gecədə Milli Məclisin deputatları, ziyalılar, ozan-aşıq sənətinin inkişafında xüsusi əməyi olan sənətkarlar, Azaflı Mikayıl ocağının nümayəndələri və saz-söz sevənlər iştirak etdi.
Azərbaycan Aşıqlar Birliyinin sədri, professor, Əməkdar elm xadimi Məhərrəm Qasımlı gecəni açıq elan edərək ustad sənətkarın həyat və yaradıcılığından, Mikayıl Azaflının folklorumuzun və aşıq sənətinin inkişafındakı müstəsna rolundan danışaraq, sözü Azaflı Mikayıl yaradıcılığının tədqiqi və təbliğində böyük əməyi olan, professor, Əməkdar elm xadimi Qəzənfər Paşayevə verdi. Q.Paşayev Azaflı Mikayılın son illərdə dərc edilmiş kitablarından danışdı və bu kitabların ərsəyə gəlməsində böyük rolu olan insanlara, xüsulilə də, “Tovuz Xeyriyyə Cəmiyyəti”nin sədr müavini Namazəli Məmmədova minnətdarlığını bildirdi.
Ədəbi-bədii gecənin musiqili qonaqlarının – Xalq artisti, Aşıq Əhmədəli ocağının yetirməsi Nazpəri Dostəliyevanın, müğənni Eldar Ələkbərovun, Mikayıl Azaflı ocağından, Azərbaycanın müxtəlif bölgələrindən və Cənubi Azərbaycandan gəlmiş aşıqların ifası tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılandı.
Sonda Ustad sənətkarın qızı Gülarə Azaflı Mikayıl Azaflı sənətinə dəyər verən Azərbaycan Aşıqlar Birliyinə və “Tovuz Xeyriyyə Cəmiyyəti”nə, R.Behbudov adına Dövlət Mahnı Teatrının rəhbərliyinə və tədbir iştirakçılarına minnətdarlığını bildirdi.
Tədbir Milli Məclisin deputatı Aydın Hüseynovun və “Tovuz Xeyriyyə Cəmiyyəti”nin sədr müavini Çingiz Abbasovun təşkilat tərəfindən ustad sənətkara həsr olunmuş “Mikayıl Azaflı – 100” medalının, “Mikayıl Azaflı-100” döş nişanının, aşığın şeirlərindən ibarət kitabların laureatlara təqdimatı ilə başa çatdı.
Yazıya 80 dəfə baxılıb