Azərbaycanın Xalq yazıçısı, görkəmli ədəbiyyat və dövlət xadimi Elçin Əfəndiyevin vəfatının ildönümü ilə əlaqədar Fəxri xiyabanda anım mərasimi keçirilib.
Mərasimdə Mədəniyyət Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin, Ombudsman Aparatının nümayəndələri, Milli Məclisin deputatları, diplomatik korpusun təmsilçiləri, mədəniyyət və incəsənət xadimləri, yazıçının ailə üzvləri iştirak ediblər. İştirakçılar böyük ədibin xatirəsini ehtiramla yad edib, məzarı üzərinə gül dəstələri düzüblər.
Anım mərasimi çərçivəsində Elçin Əfəndiyevin qəbirüstü abidəsinin açılışı da baş tutub. Abidənin müəllifi Xalq rəssamı, professor Natiq Əliyev, memarı isə Malik Babayevdir.
Mərasimdə mədəniyyət nazirinin müavini Murad Hüseynov, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu, Əməkdar artist Firdovsi Atakişiyev və digər şəxslər çıxış ediblər. Çıxışçılar Elçin Əfəndiyevin Azərbaycan ədəbiyyatının inkişafında, milli mədəniyyətin zənginləşməsində mühüm rolundan danışıb, onun dövlət və ictimai xadim kimi fəaliyyətini yüksək qiymətləndiriblər.
Yazıçının qızı, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva ailəsi adından tədbir iştirakçılarına təşəkkürünü bildirib.
Qeyd edək ki, Elçin Əfəndiyev 1993–2018-ci illərdə Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində çalışıb. O, “Şərəf”, “Şöhrət”, “İstiqlal” ordenləri və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub. Xalq yazıçısı 2025-ci il avqustun 3-də 82 yaşında vəfat edib.
.
Yazıya 9 dəfə baxılıb











