İradə Aytel – Və sonda bir smayl :(

 

aytel

“Bir ürəkdə olmaz iki sevgili, iki sevgilinin bir olmaz dili”

Virtual münasibət qurmağı o qədər sevirəm ki… Yəni, insanın surətini görmədən onun iç dünyasına bələd olmaq, həyata baxışını, intellektini, ruhunu çözmək nə qədər gözəldi. Bütün bunlardan sonra surət iç dünyada o qədər cılızlaşır ki, komplekslərdən arınanlar real aləmə addım atırlar. Nə gözəldi, deyilmi? Və gözəl bir təbəssüm smaylı .
Bir dəfə də yazmışdım virtual münasibətlərdən. Yenə yazıram, bu dəfə davam edən “37” daha da kəskinləşəcək. Bu yazını isə yazmağa virtual dostumun məktubu məni vadar etdi. “Onunla facebookda tanış olmuşduq. Hər gün yazışırdıq, səhər tezdən dururdum ki, məktubunu görüm. Gecələr onun fikri ilə yatır, səhərlər onun xəyalıyla oyanırdım. Sevgimiz qarşılıqlı idi. Sonralar bildim ki, ailəlidir, uşaqları var, əri Rusiyadan gəlmir…” Nə isə, burdan sonranı bilirsiniz, gənc bəylərə ailəli gəlinlərin oxuduğu nağıllar. Görüşmələr, sevişmələr, yazışmalar, oğrun zəngləşmələr və s. Nəticədə qadın həm öz həyatını yaşayır, həm də o gəncin. Ürəyi saf, sevgi əzabı çəkən, qadına hər gün “ərindən boşan, mənə ərə gəl, sənsiz yaşayammıram”, deyən gəncsə çarəsiz eşqə tutulur. Belə hallar hətta intihara səbəb olur.
Çarəsiz eşqi gənclərə tək qadınlar deyil, kişilər də yaşadır. Yenə nəticədə bir qızın ürəyi parçalanır, həyatı puç olur…
Və bu gizlin məqamlar mütləq bir gün aşkara çıxır. Bu, daha betər fəsadlara səbəb olur. O fəsadları ki, mən yaşadım…
Üzümü evli insanlara tuturam: əlbəttə, sizi də anlayıram, sizin də sevə bilən ürəyiniz var. Siz də ailədə xoşbəxt deyilsiniz ki, başqa macəralar axtarırsınız.
Macəra dedim ha!!!
Sizin üçün əvvəl macəra kimi başlayan çarəsiz eşqlər ürəyi saf, arzuları böyük hansısa gəncin həyatını alt-üst edir. Qıymayın onlara!
İşi-gücü olmayan “namuslu” ev xanımları ürəyini hansısa gəncə verəcəksə (virtualdan reala) və sonda ərindən ayrılmağa cürət etməyəcəksə nə işi var bu aləmdə. Getsin bozbaşını bişirsin. Əgər ərinlə xoşbəxt deyilsənsə, sevdiyin gənclə xoşbəxtsənsə, onunla olmaq istəyirsənsə ərindən boşan və yeni həyata başla. Burda pis nə var ki? Pis olan evdə əri (arvadı), çöldə sevdiyini aldatmaq deyilmi?
Əziz dostum, mənə etibar etdiyin sirrini qınadığıma görə məni bağışla. Sənin timsalında bütün gənclərə, sevməyi bacaran hər bir kəsə tövsiyyəm bu ki, həyatınızı əlinizdən alan, iki həyat yaşayan evlilərə baş qoşmayın. Qoşdunuzsa, qarşısına tələb qoyun, ya o, ya mən. Bunu bacarın! İradəli olun!
P.S. Evli kəsi sevmək, onu məhrəminə qısqanmaq, qısqanclığını belə büruzə verə bilməmək, sevgini hamıdan, hətta özündən gizlətmək, ona can atmaq, onunla olduqda arvadından (ərindən) gələn zəngi eşitmək, onun arvadına (ərinə) yalanlarını dinləmək, hər görüş sonrası vicdan əzabı çəkmək, “bax bu son” desən də yenidən ona can atmaq… bunlar dəhşətdi!
Və sonda bir smayl !

Yazıya 1168 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.