“Kişilər bir olmur atam balası,
Qorxağı var, igidi var..
Amma hamısının…
…Qadına ümidi var”
R.Rövşən
Qadınam! Müəyyən yaş təcrübəsinə, ictimai duruma, intellekt və təhsilə malik bir qadın. Və ən əsası, ətrafdakıların diqqətində olan, əksər qadınların həsədinə, əksər kişilərin həsrətinə tuş gələn qadın.
Dünən bir rus filminə baxırdım, (“Gəlmə”) filmdə kəndli gənc dostlarına deyir: “Kəndimizə təzə gələn müəllimə var ey, o dünən arabama minmək istəiyirdi. Tanış olduq, həftəsonu mənimlə gecəyə qatılacaq” və s. və ilaxır. Təbii ki, hamısı gop idi. Həmin müəllimə əslində o gədəyə baş qoşmamışdı.
Bu, bizim cəmiyyətdə hər dəqiqə rastlaşdığımız olaydı. Ən çox da tənha və diqqətdə olan xanımların qabaqlaşdığı olay. Biri gəlir sənə salam verir, səhərisi özün haqqında təzə məlumatlara sahiblənirsən. Sən demə, sən filankəslə sevgilisənmiş, feşmankəslə yatırsanmış, filankəsdən ötrü ölürsənmiş. Bu da bir tərəfə. Yəni, bu məsələlərə baş qoşacaq birisi olsaydım, yəqin indi hansisa kişiyə kirli corab yuyurdum…
Burada məqsədim tamam başqadır. Əziz-xələf bəylərə (qeybətcil olsalar belə) xanımların – ən çox da mən xasiyyətdə xanımların bəzi gizlin istəklərini aşikar etməkdir.
Qadınlar necə kişi istəyir?
1. Qadınlar güvənə biləcəyi, söykənə biləcəyi, onu qorumağa qadir kişi istəyir.
2. Qadınlar qürurlu kişi istəyir (kişi gücsüz, pulsuz, zəif olduğunu qadına bildirməz).
3. Qadınlar hökm etməyi bacaran kişi istəyir.
4. Qadınlar (məhz mən) ona hesabat verməyən kişi istəyir.
5. Qadınlar sevməyi, sevgiylə sevişməyi bacaran kişi istəyir.
6. Qadınlar ictimai yerlərdə xanımına diqqət, qayğı göstərən kişi istəyir.
7. Qadınlar qadını üçün ölümü belə gözə alan, bir az kobud, bir az davakar kişi istəyir.
8. Qadınlar müstəqil düşünməyi və qərar verməyi bacaran kişi istəyir.
9. Qadınlar hər bir sahədə müəyyən bilgiyə malik (burada təhsil önəmlidir) kişi istəyir.
10. Qadınlar ailə dışında nə etsə də, ailə içində “süddən çıxmış qaşıq” misali kişi istəyir.
11. Qadınlar mətbəx işlərinə qarışmayan kişi istəyir.
12. Qadınlar geyim mədəniyyəti, yeriş mədəniyyəti, danışıq mədəniyyəti, yemək mədəniyyəti, sevişmək mədəniyyəti (sevişmək mədəniyyəti açıqlama tələb edən mövzu olduğu üçün bu mövzuya yenidən toxunacam) olan kişi istəyir.
13. Təssüf ki, qadınlar onları “ən çox ağladan” (yenə Ramiz Rövşən) kişi istəyir!
Unutmayın, yuxarıda sadaladığım keyfiyyətlər kişidə varsa, onun kasıb və yaxud varlı olmasının qadın üçün heç bir önəmi qalmayacaq.
Bir həqiqəti də deməliyəm, qadınlar qorxaq kişini sevə bilər, lakin onun qorxaqlığını hiss edincə bu sevgi adiləşər (nifrətə belə layiq olmaz) və qadını o kişidən uzaqlaşdırar.
Kənan Hacının bir fikri ilə nöqtəmi qoyuram: “Bəyəndiyin kişi olsaydı, evdə qalmazdın”.
Yazıya 1928 dəfə baxılıb