Vəfa Mürsəlqızı – Mən səni sevirəm, ay çətin adam

vefa mursel

 

Doğrunu görməyən kor gözüm kimi,
Mən səni sevirəm, ay çətin adam,
Haqqına qovuşmuş əzizim kimi,
Mən səni sevirəm, ay çətin adam.

Qovursan, atırsan yenə gəlirəm,
Tez-tez ağladırsan yenə gülürəm,
Mən səni asandan-asan bilirəm,
Mən səni sevirəm, ay çətin adam!

Hər acın, hər ağrın canımdan keçib,
Sevgim iliyimdən, qanımdan keçib,
Asan sevgilərin yanından keçib,
Mən səni sevirəm, ay çətin adam!

Ağardı birçəyim, ağardı saçım,
Mən hara başımı götürüm qaçım,
Bağışla, bağışla sevdiyim üçün,
Mən səni sevirəm, ay çətin adam

 

***

 

TƏK

*

Zamanında üzür dilə,
Fürsət gah olar, gah olmaz,
Qoy ölüm, öləndən sonra,
Məni sevmək günah olmaz.

*

Eşqin canda odu qalar,
Damağında dadı qalar,
İnsan gedər, adı qalar,
Sevdikləri ki, yox olmaz.

*

Bəxtim yatanda ayılmır,
Dərdin dadından doyulmur,
Hər cüt olan cüt sayılmır,
Hər tək qalan Allah olmaz.

***
Heç kim bizə bənzəməz ki..
*
Dərin-dərin, həzin -həzin,
Dəli-dəli, ürkək-ürkək,
Məndən sonra heç bir qadın.
Mənim qədər sevməyəcək.
*
Gözlərində təbəssümü,
Ürəyində dünya qəmi,
Heç bir kişi gəlməyəcək,
Bu dünyaya sənin kimi.
*
Kimsə məni sənin kimi,
Sevə-sevə səsləməz ki,
Tellərinə dəyən əllər,
Əllərimə bənzəməz ki.
*
Gözlərinə gözlər baxar,
Alası da , qarası da,
Gözüm kimi göz olmaz ki..
O gözlərin arasında.
*
Sən mənimçün bu dünyanın,
Əvvəlisən, axırısan,
Yağışısan, küləyisən,
Payızısan, baharısan.
*
Desəm ki, mənsiz ölərsən,
Bilirəm ki, bu düz olmaz,
Vallah sonra sevdiklərin,
Mənim qədər əziz olmaz.
*
Dərin-dərin, həzin -həzin,
Dəli-dəli, ürkək-ürkək,
Məndən sonra heç bir qadın.
Mənim qədər sevməyəcək.
*
***

 

 

 

Yazıya 1304 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.