Həmin qız deyirdi ki, mən şairlə yaşaya bilmərəm

Kult.az  şair Ələmdar Cabbarlı ilə müsahibəni təqdim edir.

elemdar

– Ələmdar müəllim, nə var, nə yox, necəsiniz?

– Salamatçılıqdı, şükür Allaha.

– Niyə son vaxtlar görünmürsünüz?

– Harda görünmürəm ki?

– Əvvəlki kimi Yazıçılar Birliyində tədbirlər keçirmirsiniz, mükafatlar, diplomlar vermirsiniz…

– Düzdü, əvvəllər Yazıçılar Birliyində baş redaktoru olduğum “Bizim söz” qəzeti vasitəsilə tədbirlər keçirirdim. İlin ədəbi yekunları ilə bağlı diplomlar verirdik. İndi tədbirlərimiz daha çox Bakı Dövlət Universitetində olur. Ola bilər ki, bir tərəfdən baxanda görünmürəm, amma bir ayrı tərəfdən baxanda görünürəm.

– Universitetin işləri yaradıcılığınıza mane olmur ki?

– Yox, universitetdəki işlərim də daha çox yaradıcılıqla bağlı olduğuna görə çox yorulmuram.

– Rəsmi yerdir, istər-istəməz şair üçün çətin olur.

– Hə, rəsmi yerdir, amma universitet həm də yaradıcı yerdir. Tarixən burda ədəbi mühit qaynar olub. Mən də burda humanitar sahəyə baxdığım üçün çox da sıxıcı deyil.

– Universitetdə nədən dərs keçirsiniz ki?

– Mən ixtisas olaraq kitabxanaşünaslıq və nəşriyyat işi kafedrasının müəllimiyəm və kafedranın ixtisas fənlərindən dərs keçirəm.

– Tələbələrinizdə ədəbiyyata maraq necədir?

– Tələbələrdə ədəbiyyata maraq Sovet dövrü tələbələri ilə müqayisədə çox aşağıdır. Amma son illər görürəm ki, irəliləyiş var.

– “Sovet dövrü tələbələri ilə müqayisə” – deyəndə özünüzü nəzərdə tutursunuz? Mən bilən elə çox yaşınız yoxdur.

– Yox, daha çox eşitdiklərimi və oxuduqlarımı nəzərdə tuturam. Amma mənim oxuduğum dövrlə müqayisədə bu gün ədəbiyyata və kitaba daha çox maraq var tələbələrin içində. Çünki mən oxuduğum dövr – 90-cı illər çox qarışıq, xaotik bir dövr idi, tək ədəbiyyatda yox, bütün sahələrdə.

– Heç tələbələrinizdən soruşursunuz ki, axırıncı dəfə hansı bədii əsəri oxumusunuz?

– Bəli, hər dərs olmasa da, iki dərsdən bir soruşuram ki, axırıncı dəfə hansı romanı oxumusan, hansı şeiri oxumusan, gənclərdən kimi oxumusan?

– Nə deyirlər?

– Bir neçə il bundan əvvəl soruşanda hamısının standart cümlələri vardı: Əlibala Hacızadəni oxumuşam. İndi yeni yazarlarımızın da adını çəkənlər var. Amma tələbələr arasında yeni yazarlara maraq kütləvi deyil, özümüzü aldatmayaq.

– Axırıncı şeirlər kitabınız nə vaxt çıxıb?

– Axırıncı kitabım Kəlbəcərlə bağlı yazdığım poemadır.

– Ümumiyyətlə, neçə kitabınız çıxıb?

– Beş kitabım çıxıb. İnşallah, gələn il iki kitab da çıxacaq.

– Onlar da şeir kitabı olacaq?

– Yox… Monoqrafiyamı kitab kimi çıxaracam.

– Mövzu nədir ki?

– Monoqrafiyamda Səməd Vurğunun obrazlar sistemin araşdırmışam. Amma durub araşdırmamışam ki, Səməd Vurğunda Vaqif obrazı, Qacar obrazı…

– Bəs söhbət hansı obrazlardan gedir?

– Səməd Vurğunda dağ obrazı, bulaq obrazı…

– O biri kitabınız…

– O da şeirlər kitabı olacaq.

– Maraqlıdır, niyə kitab çıxarmağa bu qədər həvəslisiniz?

– Elə çox kitabım çıxmayıb axı. 34 yaşım var, beş kitabım çıxıb. Çoxdur ki?

– Deməli, 35 yaşınızda yeddi kitabınız olacaq.

– İlk kitabım 20 yaşımda çıxıb. 15 ilə yeddi kitab, məncə, o dərəcədə çox deyil.

– Bir kitabınız da var: “Yaşasan, çoxdu bu ömür” O kitabda şeirlər, hekayələr və tanınmış simaların sizin haqqında fikirləri var.

– Hə, elədir.

– Bu üç janrı bir kitaba yerləşdirmək hardan ağlınıza gəlib?

– Mən yaradıcılığa şeirlə başlamışam və şeirlə də davam eləyəcəm. Amma içimdə elə mövzular var, gördüm ki, bunlar şeirin imkanları xaricindədir. Ona görə də hekayələr yazdım. Ola bilər ki, gələcəkdə ayrıca hekayələr kitabım çıxsın, amma nəsrdə heç bir iddiam yoxdur və özümü nəsrdə görmürəm.

– Məncə, “Aptekçi” hekayəniz maraqlıdır.

– Bu hekayənin yaradıcılığımda müəyyən qədər yeri var. Məsələn, mən elmi iş müdafiə eləyəndə tədbiri Qəzənfər Paşayev aparırdı. Qəzənfər müəllim “Aptekçi” hekayəm haqqında daha çox danışdı, nəinki elmi işimdən. Yəni o hekayə müəyyən qədər uğur qazanmışdı. Və ona görə uğur qazandı ki, onu havadan yazmamışam, özüm yaşamışam və yazmışam.

– Ənənəvi üslubda yazdığınız heca şeirlərindən sizə elə gəlmir ki, bu hekayənin çəkisi, yükü daha ağırdır?

– Razıyam, Kəlbəcər mövzusu və Qarabağ ağrısını ifadə eləmək baxımdan bu hekayənin yükü daha ağırdır.

– “Yaşasan, çoxdu bu ömür” kitabınızda tanınmış adamların sizin haqqınızda fikirləri də yer alıb.

– Onları kitabda “deyilən söz yadigardır” rubikası ilə vermişəm ki, itib-batmasın. Mənim haqqımda deyilən və yazılan xeyli fikirlər var, amma kitaba seçib samballılarını salmışam ki, qoy yaddaşlarda qalsın. O fikirləri kitaba ona görə verməmişəm ki, oxucuya təsir eləsin və kitabımı oxusunlar. Sadəcə, yadigar qalmaq üçün belə etmişəm.

– Ələmdar müəllim, heç gedib kimdənsə xahiş eləmisiniz ki, mənim haqqımda yazı yaz, fikirlərini bildir?

– Mən heç vaxt heç kimə deməmişəm ki, mənim haqqımda söz yaz. Sadəcə, kitablarımı çapa hazırlayanda kiməsə vermişəm ki, ön söz yazsın. Məsələn, bir kitabıma Məmməd Aslan ön söz yazıb.

– Bəs ön sözə nə ehtiyac var ki?

– Mənim sonrakı kitablarımda ön söz yoxdur. Təkcə ilk kitabıma ön söz yazdırmışam.

– Amma son kitabınız – “Yaşasan çoxdu bu ömür”də samballı adamların sizin haqqında fikirləri yer alıb. Əlibala Hacızadə, Ağa Laçınlı, Şamil Əsgərov, Cavid Qurbanov… Mənim üçün maraqlıdır, bu adamların fikirlərini kitaba salmaq hansı ehtiyacdan irəli gəlir, ümumiyyətlə, o hissin adı nədir? Belə şeylər nəyə lazımdır ki?

– Yenə deyirəm, mən istəmirəm ki, haqqımda deyilən fikirlər itib-batsın. Zaman-zaman bilim ki, kim mənim yaradıcılığım haqqında hansı fikirdə olub. Bunlar mənim həm də oxucularımdır. Mən oxucularımın fikirlərini kitaba salmışam.

– Cavid Qurbanov boyda oxucu?

– Cavid Qurbanov da ədəbiyyatın içində böyümüş adamdır. Qəmbər Şəmşiroğlunun oğludur, Aşıq Şəmşirin nəvəsidir, Ağdabanlı Qurbanın nəticəsidir. Bu cür ədəbi mühitdə böyüyən adamın, əlbəttə ki, oxucu zövqünə inanıram. Bilirəm ki, Cavid Qurbanov mənim şeirlərimi oxuyur və belə bir oxucumun olduğuna görə sevinirəm.

– Sizin bir şeiriniz vardı: “Dəymədim xətrinə qız uşağıdır”.

– Yeri gəlmişkən, bu şeirimi Cavid Qurbanov mənim toyumda deyib. Bu şeir mənə çox uğur gətirib. Bu şeirə görə 2003-cü ildə Mədəniyyət Nazirliyinin “İlin ən yaxşı şeiri” mükafatını almışam. Heç özümün xəbərim yoxuydu mükafat almağımdan. Yadıma gəlir, patrul xidmətindəydim, şəhərdə Qəşəm Nəcəfzadə ilə qarşılaşdım. Dedi ki, mükafat almısan. Çox sevindim. Rəhmətlik Arif Əmrahoğlu da məni bu şeirlə tanımışdı və Yazıçılar Birliyinə üzv olunmağıma kömək etdi. Yəni bu şeirə borcluyam.

– Doğrudan, elə bir qız olub ki, xətrinə dəymək istəməmisiniz?

– Hə, bu da yaşanmış şeirdir.

– Şeirdə deyirsiniz ki:

Mən ondan intiqam ala bilərdim,

Dəymədim xətrinə qız uşağıdır.

– Mənə elə gəlir ki, belə də olmalıdır. Yəni sən kimisə sevirsənsə və sənin sevginə qarşılıq vermədiyinə görə o qızın xətrinə dəyirsənsə, deməli, sevməmisən. O sənə əzab versə də, sən onun xətrinə dəyməməlisən. Çünki sevirsən.

 

– İntiqam almadınız, bəs o qızın axırı nə oldu, hara getdi?

– Mənim tələbə vaxtı yazdığım bütün şeirlərin bir ünvanı olub. Həmin qız deyirdi ki, mən şairlə yaşaya bilmərəm. Deyirdi ki, şairlərin həyatından verilişlərə baxıram, şair bir otaqda oturur, divarda bir saat səs salır… Qız deyirdi ki, bu çox darıxdırıcı həyatdır. Mən belə həyatda yaşaya bilmərəm.

– Maraqlıdır, ailə qurduğunuz xanım şairlə bir yerdə darıxmır ki?

– Yox, yoldaşım darıxmır.

– Deməli, şeirlər yazdığınız qız yaxşı ki, gedib və yaxşı ki, intiqam-zad da almamısınız.

– Ən doğrusunu Allah bilir.

– Kəlbəcərdən yaman çox yazırsınız…

– Mən əsgərlikdə olanda Vaqif Yusifli haqqımda “Ədalət” qəzetində bir yazı yazmışdı. O yazıdan təxminən belə bir nəticə çıxırdı ki, Kəlbəcər alınmasaydı, Ələmdar şair olmayacaqdı.

– Belə çıxır ki, Kəlbəcəri alsaq, şair Ələmdar Cabbarlını itirməli olacağıq.

– Yox, bu fikirlə razı deyiləm. Kəlbəcər qayıtsa, yəqin ki, daha yaxşı şeirlər yazaram. Qəmbər Şəmşiroğlunun bir fikri var. Deyir ki, bizə “şair” deməsinlər, Kəlbəcər özü şairdir.

– Ona görə də deyirlər ki, Kəlbəcərlilərin hamısı şeir yazır.

– Orası elədir, Kəlbəcərdə şeir yazanlar çoxdur. Çünki orda bir ədəbi mühit vardı. Özü də şeiri oturub masada yox, qoyun novatında oturub, dizinin üstündə yazırdılar. Biri sevgilisinə məktub yazanda mütləq arxasına Şücaətdən bir bənd, misra yazmalıydı. Yəni Kəlbəcərdə şeir belə yaranırdı. Şeir və saz Kəlbəcərlilərin həyat tərziydi. Ona görə də Kəlbəcər ədəbi mühiti bu gün də yaşayır, inkişaf eləyir.

– Ələmdar müəllim, siz bilərsiniz, bəzi adamlar heca vəznində yazılan şeirləri ələ salırlar. Ümumiyyətlə, sizcə, dağa, ağaca, quşa, gülə, çiçəyə yazılan şeirlərə niyə lağ eləyirlər, ələ salırlar, dırnaqarası baxırlar?

– Heca bizim milli janrımızdır. Hecanı ələ salmaq milli köklərimizi ələ salmaq kimi bir şeydir. Yaxşı şeir odur ki, orda hisslərini ifadə eləyə biləsən. Bir şeirdə hisslərin ifadə olunmayıbsa, orda poetika yoxdursa, heca şeiri də pisdir, sərbəst şeir də. Mənim üçün forma önəmli deyil. Əslində, sərbəst şeirdə yeni fikir demək çox asandır. Əsas ustalıq odur ki, heca şeirlərinin qəlibləri daxilində orijinal fikirlər deyəsən.

– Maraqlıdır, necə oldu ki, şair oldunuz? Ümumiyyətlə, şair olmaq haradan ağlınıza gəldi?

– Vallah, onu bilmirəm. Bu, Allahın verdiyi vergidir. Mən belə baxıram, yəni inanıram ki, şeir yazmaq Allahla bağlı bir şeydir.

– İstədiyiniz vaxt şeir yaza bilirsiniz?

– Yox!

– Bəs necə bir şərait olmalıdır ki, şeir yazasınız?

– Birdən beynimə şeir dolur. Gecə saat ikidir, üçdür, görürəm ki, yata bilmirəm. Məni narahat eləyir. Hamilə qadın uşağı bətnindən çıxarıb xilas olmaq istədiyi kimi, mən də yerimdən durub tez şeir yazıram.

– Yəni siz də şeirdən xilas olursunuz…

– Bəli, xilas oluram. Ona görə ki, şeir içimdən gəlir. Ümumiyyətlə, şeir içdən gəlməlidir, içdən gəlməsə, o, şeir olmaz.

– Tutaq ki, kimsə sifariş versə ki, təcili şeir yazmaq lazımdır. Yaza bilərsiniz?

– Yox, yaza bilmərəm.

– Elə vaxt olub ki, işıqları söndürmüsünüz, şam yandırmısınız, arvad-uşağı otaqdan çıxarmısınız ki, şeir yazıram, mənə mane olmayın?

– Yox, olmayıb. Çünki işığı söndürmək sənə ovqat gətirməyəcək. Vallah, işığı söndürəndə şeir yazmaq mümkün olsaydı, hamı işığı söndürərdi, saçını-zadını dağıdar, bir az da içərdi ki, şeir yazsın.

– Yeri gəlmişkən, bəzən deyirlər ki, şair içməlidir.

– Mən heç vaxt içib şeir yazmamışam.

– İçkini ürəyiniz istəməyib, yoxsa nəyəsə görə içmirsiniz?

– Mən 17 yaşımdan namaz qılmışam. İndi də namaz qılıram. Həcc ziyarətində olmuşam. Mənim fikrimcə, şairin içib-içməməyinin şeir yazmağa dəxli yoxdur. Amma görürsən, adama deyirlər ki, içmirsənsə, şair deyilsən.

– Sizə belə deyən olub?

– Hə, deyiblər. Özü də ədəbi çevrədən deyiblər.

– Bəs siz nə cavab verirsiniz?

– Deyirəm ki, içmirəm, amma şairəm.

– Ələmdar müəllim, qalstuk sizi incitmir?

– Açıq deyim ki, mənim qalstukdan zəhləm gedir. Ona görə də çox vaxt qalstuk taxmıram. Sadəcə, hərdən olur. Bu da işimlə bağlıdır. Tələbənin qarşısına çıxıram. Bilirsən ki, qəbul olunmuş normalar var. Yəni adi etiket qaydasıdır.

– Amma Nizami Cəfərov hər yerdə qalstuksuz çıxır, Milli Məclisə də, tələbənin qarşısına da…

– Hə, bilirəm.

– Bəzən elə adamlar olur ki, evdə də qalstuk taxırlar.

– Hə, elə adamlar çox görmüşəm. Bir də görürsən ki, bazar gündür, evin içində qalstuk taxır. Məsələn, mən adam görmüşəm, cavan qardaşı ölüb. Yasa gedirsən, baxırsan ki, qalstukdadır. Özü də qırmızı qalstuk taxıb. Elə bil qalstukdan ötrü ölürlər.

– Hətta elələri olur ki, yatanda da qalstuk taxır. Beləsini görməmisiniz ki?

– Yox, yatanda qalstuk taxan adam görməmişəm.

– Heç toylarda şeir deyirsiniz?

– Tələbə vaxtı qohum-əqrəbanın toyuna gedəndə məni çağırırdılar. Gedib şeir deyirdim. Amma indi demirəm.

– Niyə?

– Bu o demək deyil ki, toylarda şeir deməyi özümə sığışdırmıram. Ona görə ki, əvvəl toyda şeir deyəndə görürdüm ki, hamı qulaq asır. İndi heç kim qulaq asmır. Baxıram ki, mən şeir deyirəm, o da orda öz işiylə məşğuldur.

Kəramət Böyükçöl

kult.az

Yazıya 1194 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.