Safura Həsənzadə — Milyonçunun dilənçi qohumu

10841329_1525041227751568_1382810855_n

Hər gün işdən evə qayıdanda Elmlər metrosu yaxınlığında yaşlı bir kişi görürəm. Əlində də həmişə dini əşyalar-təsbeh, möhür, kitablar olur. Bir sözlə  kitab, dini əşyalar satmaqla məşğuldur. Elə düşünməyin ki, qaz vurub qazanc doldurur. Doğrusu gündəlik bir qarın çörək pulu qazanmaq üçün  yayın istisinə, payızın aramsız yağışına, qışın qarlı, şaxtalı günlərinə bu qoca yaşında tab gətirir. Amma elə günlərdə olur ki, heç yol pulu da qazana bilmir. Bir neçə gün əvvəl, yəni, o yağışlı  gündə  islanmayım deyə və həm də möhkəm üşüdüyümdən qaça-qaça  metroya girmək üçün Bakı Dövlət Universitetinin yanından keçirdim. Yenə o yaşlı kişini orda gördüm. Elə həmin yerdə, aramsız yağan yağışn altında, tək-tənha.   Şalvarının balağından süzülən yağış sularına əhəmiyyət vermədən başını aşağı salıb müştəri gözləyirdi. Müştəri nə gəzirdi, hamı yağışdan qorunmağa çalışırdı. Mən isə ürək ağrısı ilə ona baxa-baxa metroya daxil oldum.

Nəhayət, bu gün işə gedəndə günlərlə məni rahat buraxmayan bu yaşlı kişiyə yaxınlaşdım. Özümü təqdim edib jurnalist olduğumu dedim. Əvvəl danışmaq istəmədi. Lakin israrımdan sonra  onun məşhur milyonçu Ağa Musa Nağıyevin  yaxın qohumu olduğunu öyrəndim. Dəhşətlidirmi?… Dəhşətlidir. Amma ən dəhşətlisi və insanda ürək göynərtisi yaradan o idi ki,  84 yaşlı bu qoca danışmaqdan çox göz yaşları ilə suallarıma cavab verirdi. O göz yaşları, bu yaşında həyatdan dinclik uman bu qocanın çarəsizliyi məni elə kövrəltdi ki, adını da soruşmağı unutdum. Adını unutsamda bu qoca dilənçi deyil, zəhmət çəkərək pul qazanır. Aldığı 158 manat  təqaüdün həyat yoldaşı ilə onu qane etmədiyini dedi. “Həyat yoldaşım xərçəng xəstəsidir, mənim də ayağımın biri işləmir. Bu yaşımda başqa neynəyə bilərəm. Məni kim işə götürər? Əsla dilənçilik etmərəm. Aldığım təqaüd dolanışıq üçün bəs etmir. Kommunal xidmətləri, arvadımın dərman pulu. Xəstə qadınım və mən.  Bir oğlum var, onun da öz ailəsi.” Sözünü bitirib ağlamağa başladı. Bəli, bu da həyatın paradokslarından biridir. Məşhur milyonçu Ağa Musa Nağıyevin bibisi oğlu bugün ehtiyac burulğanında boğulsa da, genetikasından gələn dirənişlə yaşamaq istəyir.

Yazıya 996 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.