Şərikli ömür
Bir taleyə ortaq olub
şərikli ömür sürənlərin
yatağı ayrıdısa,
demək ömür ziyana işləyir,
canında günəmuzd tər tökür kədər,
bəxt atından kim yıxılsa,
bir də görər ki, atı yox,
yolları qamçılayır,
bir ömrə şərik olanların
bir yastığı paylaşmaq arzusu
axşamın səhər olmaq arzusu,
ağacın çiçəkləmək arzusu kimidi…
haqq-hesab dəftərində
arzuların borcunu
ümidlər ödəyə bilmir,
divarda çırtıq vurub başını yelləyir saat
fərsizliyimə,
sən canın, gəl çıx,
mayanı batırma…
***
Səndən o yana…
Səndən o yana uçurumdu,
bir sevgilik canı qalıb ürəyimin,
qaysaq bağlamış dodaqların
sevginin son sərhədidi…
tək sənə çatır nəfəsim,
sevginin sərhədini
sənədsiz keçsəm,
bilirəm, ürəyin məni saxlayar,
saxlayar köksündə
bir şirin günah kimi,
titrətməm çıxar canımdan
dilimdən çıxan ah kimi…
Səndən o yana uçurumdu,
qoyma keçim o yana,
dodaqlarınla kəs yolumu,
baxışlarınla bağla qolumu,
nəfəsinlə pıçılda qulağıma:
məndən o yana yol yoxdu!…
***
Həyat
alın yazısını əzbərlədir
bütün tənhalara,
tənha adamların
təkadamlıq
xəlalplov qazanının dibində
yanmış arzular qalır…
toz basmış tavandan
hörümçək torutək asılır
alın yazıları,
özünü asmaq da olmur
alın yazılarından…
axşam evə dönəndə
görürsən otağa dadanmış pişik
yumrulanıb yatıb
kirli, soyuq yatağında,
alın yazısını murdarlayıb deyəsən,
bilmir ki,
alın yazısını dəyişmək olmur…
düymələri sökülmüş palto kimi
yaxası bağlanmır
sovxa ümidin,
üşüyürəm, üşüyürəm,
tərslikdən
alın yazısını yandırmaq olmur..
Yazıya 771 dəfə baxılıb