Tural Şahtaxtinski — Uzaqda bir şəhər (hekayə)

10858455_847155691995397_4507715002962862054_n       

Gəl, sənə bu şəhərin bir gününü danışım. Bilirəm sənə də maraqlı gələcək. Bəlkə sən də öz yaşadığın şəhər haqqında danışacaqsan.

Bazar günü idi. Evin pəncərəsindən məhəllədə oynayan uşaqlara baxırdım. Hələ səhər təzə açılmışdı. Məhəllədə uşaqlar həmişəki kimi axşama qədər istirahət gününün dadını çıxarmaq qərarında idilər. Bir az onlara baxıb keçdim otağa. Masanın uzərində gecədən siqaretlə dolmuş kül qabını götürüb mətbəxdəki zibil qabına boşaldıb geri qayıtdım. Telefona baxdım. Dostların birindən on iki dəfə zəng gəlmişdi. Mesajı oxudum. Günorta toplaşmaq qərarına gəlmişdilər.

Adətən istirahət günləri evdə olmuram. İnsanların istirahət günləri şəhər bir başqa olur. Hara baxırsan yeni nəsə görürsən, baş verən hadisələrin fərqli cəhəti olur. Şəhərin mərkəzində yerləşən, parklar, ticarət mərkəzləri, kafelər, mağazalardan başqa heç yerdə belə səliqəli mənzərə gözə dəymir. Yalnız bazar günləri bu şəhərin mərkəzi küçələrində bir neçə insanın üzünün güldüyünü görmək olar. Qalan günlər hamı harasa tələsir, kimisə gözləyir, nəyəsə əsəbləşir, bütün kinləri, nifrətləri şəhərin canına hopur elə bil. Ona görə də görüş olanda bir az fərqlilik olsun deyə, mərkəzə toplaşırdıq.

İşıqlarla bəzədilmiş divarlar, çoxmərtəbəli, parıltılı binalar və hotellər bəzək-düzəyi, yarı-yaraşığı ilə kədərlidir, sanki insanların bütün ağrıları, acıları onların üzərinə çökür.

Şəhər o qədər qarışıq və ağır mənzərəli olur ki, adi günlərdə yalnız işin olanda çıxmaq istəyirsən bayıra. Qalan günlər evin bir küncündə əyləşib bir kitab oxumaq ya elə maraqlı bir kino izləmək insana daha yaxşı təsir bağışlayır…

Biz indi dediyim mərkəzdən bir qədər uzaqdayıq. Həmin gün evdən bir qədər tez çıxıb mərkəzdə yerləşən kafelərin birinə yollandım. Yolda tıxac olmasa da, avtobus sürücüsü özü bir problem axtarırdı. Bir saata gedib çata bilərdimsə, yarım saat da sürücünün axmaqlığına görə vaxt itirdim. Axır çatdım.

Mərkəzdə yerləşən parkın düz ortası ilə gedirdim. Stollara saqqız yapışdırıb gülən gənclər, bir qədər kənarda bir-birindən siqaret alan küçə uşaqları, yan skamyada öpüşən cütlük…

Parkın kənarında balaca bir mağaza vardı. Yaxınlaşıb oradan siqaret aldım. Bir qədər qarşıda kafe yerləşirdi. Bilirdim ki, artıq dostlar orada cəmləşib məni gözləyir. Birbaşa kafeyə daxil olub bir qədər ətrafa boylandım. Qarşıdakı stolların birində onların pivə bakalları ilə dolu olan stolunu gördüm. Nədənsə onların çoxluğu məni narahat etdi. Oranı tərk etmək istədim.

-Ey nə durmusan orada? Bəri gəl.

Dostlardan biri məni səslədi. Artıq görmüşdülər, geri qayıda bilməzdim. Yaxınlaşıb stulların birində əyləşdim.

-Mənim üçün də bir pivə gətirin zəhmət olmasa, – qulluqçuya dedim.

Bakalın yarısına çatanda artıq dayana bilmədim. Bir yolunu tapıb oranı tərk etdim.

Yenə hansısa müəllimin uşaqlardan rüşvət yığması söhbəti gedirdi. Deyəsən. imtahanlar yaxınlaşırdı. Onlar rüşvət vermək üçün ideal müəllim axtarırdılar.

Yenidən həmin parka getdim. Skamyaların birində əyləşib siqaret yandırdım. Parkın harasındansa qulağıma səslər gəlirdi. Bir az ətrafa baxdım. Küncdə gitara ifa edən gənclər və toplaşıb onları dinləyən insanların səsi idi. Çox keçmədi onlar bu əyləncəni yarımçıq qoydular. Həmişəki kimi bu şəhərdə musiqi səsi insanların istirahətini pozurdu. Bir polis nəfəri yaxınlaşıb onları oradan uzaqlaşdırdı. Yəqin gedib haradasa oturub pivə içdilər.

İnsanlar bir-bir gəlib keçirdi gözümün qabağından və mən də diqqətlə onları izləyirdim. Parkdan bir qədər uzaqda daha çox insan toplaşmışdı. Qocalı-cavanlı hamı bir-birinə ilişir, bir-birini uzaqlaşdırır, itələyirdi. Birinci düşündüm ki, yəqin kimsə ölüb. Sonra ağlıma gəldi ki, bu gün ayın sonudur, insanlar gələn aya qədər sağ qalsınlar deyə, pensiya kartlarına staiş edirlər. Hamının əlləri göydə qalıb. Çox baxmadım ora, hər ayın sonu görə bilirəm bu sayaq mənzərələri.

Birdən ağlıma gəldi ki, dostların yanına gedəndə Dövlət teatrının qarşısından keçmişdim. Qapının ağzında bir pişik balası nə isə yeyirdi. Bu dəm mən afişalara baxmışdım. Afişada yazılan saata təyin olunmuş teatra hələ iyirmi dəqiqə qalırdı, amma deyəsən insanlara giriş qadağan idi. Nədənsə həmişə o teatrın qarşısında ya bir pişik balası, ya da afişaları yelləyən külək olur.

Heç dəxli var? Niyə danışdım ki bunları?

Parkda çox dura bilmədim. Ayağa qalxıb asta-asta oranı tərk elədim. Aşağıya doğru düşəndə gördüm, bir xanım qarşısında duran tarixi binanın rəsmini çəkir. Maraqlı gəldi. Ayaq saxlayıb onu izləməyə başladım. Gəlib-gedən insanlara nəzər yetirdim, əksəriyyəti gənclər idi, elə bil suda boğulan insanın xilas edilmə səhnəsini izləyirdilər, ya da kimsə açıq havada porno video çəkirdi. Biri ucadan nəsə qışqırır, biri gəlib düz gözünün qarşısında dayanıb siqaret yandırır, ya da şəkil çəkdirir. Hələ mən o qarını demirəm. Başına yeddi qat şal bağlamış, uzun ətəkli qarı… Yaxınlaşıb:

-Qızım, şəkil çəkməyə yermi yoxdur ki, şəhərə çıxmısan, – dedi.

Deyəsən, yanılmıram, bu şəhərdə evdən yaxşısı yoxdur. Bu qədər qəddar şəhərdə evin otaqları kimi heçnə sənə zövq verə bilməz. Fit çalan gəncin xoşbəxliyini də seyr edib oranı tərk etdim.

Yaxınlıqda başqa bir kafe vardı, ora girib içmək keçdi ağlımdan. Nəsə fərqli idim, bezirdim. Köşk dəydi gözümə. Qəzetlərin səhər açılandan necə düzülüb axşam yığılan saata qədər eləcə də qaldığı köşk. Satıcının əllərini görmürdüm; yalnız rəngli siqaret qutuları, bir də rəngi solmuş pullar görünürdü havada. Yaxınlaşıb qəzetlərə baxdım. Maraqlı xəbər başlığı olan birini alıb yollandım kafeyə. İçəri çox sakitlik idi. Yaxınlaşıb stolların birində əyləşdim. Qəzeti vərəqləməyə başladım. Amma heç nə oxumurdum, elə-belə vərəqləri açıb yumurdum. Qulluqçu yaxınlaşdı. Bir anlıq gözüm ona sataşdı. Yenə elə bil hansısa maraqlı film gedirmiş kimi diqqətlə mənə və qəzetə baxırdı.

Yaxşı yadıma düşdü ki, axrıncı dəfə keçən sentyabr ayında bir qadını metroda qəzet oxuyan görmüşdüm. Vaqonda elə gülməli mənzərə var idi ki. Sanki dünyada bir o qadın, bir də o qəzet var idi tamaşasına durulacaq. Və hamı növbəti stansiyaya qədər onları seyr etmə fürsətini qazanmışdı. Təəccüblü və sual dolu baxışlar… Maraqlı mənzərə idi. Məncə bu şəhərdə qəzeti daha çox elə qəzet satanlar oxuyur. O da ki, gözlərinin önündə qalır, “gözdağı” olur deyə.

Pivə gəldi. Aram-aram içib vaxtın gəlib getməsini gözləyirdim. Kafedə səs-küy olduğundan çox qala bilmədim orada.

Hava artıq qaralmışdı. Kafeni tərk etdim. Tələsik şəkildə avtobus dayanacağına yollandım. Yolla gedəndə yerə baxdım. Ayğımın altı yenə zibillə dolu idi, qarşıda gördüyüm mənzərə isə heç də məni təccübləndirmədi. Bir neçə saat öncə rəsm çəkən qızın yarımçıq qoyduğu rəsm yerdə idi, kağız ortadan cırılmışdı. Həmin o tarixi binaya göz ucu baxdım, bir qədər oxşatmışdı, amma üzərində böyük bir ayaq izi vardı deyə. tam sezə bilmədim. Əyilib kağızı yerdən götürdüm. Büküb qəzetin arasına qoydum. Məhəllədə bir uşaq vardı. Həmişə məndən nə isə istəyirdi. Dedim aparıb ona verərəm. Nə isə sonra yadımdan çıxdı. Evdə qalmışdı. Axtaranda tapmadım. Atmışdılar. Dayancağa az qalmışdı. Bir qədər qabaqda taksi sürücüsü siqaret çəkirdi. Üzünə baxmaq olmurdu, elə bil bir neçə saat öncə bütün ailə üzvlərini itirmişdi. Deyirəm axı, artıq gün bitirdi, səhər hamı o cür olacaqdı.

Avtobus dayanacağına çatdım. Qayıtdım evə.

Düzdür, sənə qəzetdə oxuduğumun hamsını danışa bilməyəcəm. Maraqlı başlıqlardan biri belə idi: “Gənc siyasi məhbus” yazılmışdı. Yenə kimisə şərləyib tutmuşdular…

Ümumiyyətlə, bu şəhər çox uzaqdadır, kimsə gəlməsin. Bura gələn yollar cənnətin yollarından daha uzaqdır.

Dostu onun danışdıqlarını qələmlə kağıza yazırdı. O, bir neçə günlük bu şəhərdə qonaq idi, onun danışdıqları dostuna yetərli olmamışdı ki, onlar elə səhər – bazar günü birlikdə getdilər şəhər mərkəzinə

Yazıya 894 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.