Nurafiz — Tənhalığım tək qalıb

nurafiz92398625902_3186393051841236808_o

Dİ, yeri get, ay könül!
Baxma sözə-gapıma.
Ayrılığı qılıqla,
Elçi göndər qapıma.

Bu sevdaya uduzaq,
Dərd, qəm dönsün qonağa.
Dəli olub desinlər,
Üz qoyaq xoş qınağa.

Qəm ləlisin beləcə,
Bu yığvalın dalınca.
Yeri-göyü bir elə,
Məni məndən alınca.

***

Deyirlər ki , qayıdıb,
Onu görüblər bu gün.
O, gəlincə sağ qalım,
Məni ahıma bükün.

Deyirlər ki, ölüncə
Dözüb tabla, üzülmə.
Ayrılıq yeddi yerdən
Cığır açır üzümə.

Ömür ötür… saxlamaz
Daş divarlar, dəmirlər.
Deyirlərki… eh, nəsə…
Daha heç nə demirlər.

 

***

 

Üz verdim əlsiz qəmə,
Yaxmdan yaylıq asdı.
İçimdə ah səyirdib,
Kef çəkdi yastı-yastı.

Səsimin çat yerindən
Qanrılıb baxdı mənə.
Yaradan nəynən ölçüb
Verdi bu baxtı mənə?

Çəkdiyim nəfəs boyu
Bələdi aha məni.
Tənhalığım tək qalıb,
Tapammır daha məni.

 

***

 

Ömür dərs otağı… tərs oxutdular,
…əlim boş, nəfsim tox, əsəbim tarım.
Görən neçə dəfə sinifdə qaldım,
Nəyə yaradı ki oxuduqlarım?!

Səbrimin altında neft kimiydim,
Söz-söz, misra-misra sızmaq öyrəndim.
Ömrümün hər günü yazı lövhəsi
Bəxtimin diliylə yazmaq öyrəndim.

Dərdi qanım ilə əzbərləmişəm,
Göstər qrupunu sevib oxuyum.
Məni öz dilimdə oxuyan yoxdu,
Məni dərd dilinə çevir oxuyum!

 

***

 

Səsim ağrı geyəli
İçim ayaqyalındı.
Gümanlar sığal çəkdi,
Çölüm yaman alındı

Yenə tərs inadla
Öz üstümə yeridim.
Fikrin ayağı altda
Sükut kimi əridim.

Güvənc yerləri çat-çat,
Tanrı niyə görmədi.
Yeyib doydum ömrümü,
…nağıl dadı vermədi.

 

***

 

Bəxtəvər başına, ana,
Oğluna bax, fərli çıxıb;
Dərdnən qumar oynayıram,
Əlim çox düşərli çıxıb.

Bu qəm çoxdan əkiləndi,
Çəkən varsa çəkiləndi.
Bir əkmişdim ikiləndi,
Yaman bar-bəhərli çıxıb.

Bu yol yoldu, bu bənd deyil,
Baxışlarım rübənd deyil.
Ürək elə hey…kənd deyir,
Ayağım şəhərli çıxıb.

ANAMA MƏKTUB

 

Gümanım daş altdan boylanan çiçək,
Açılmır yığvalın paslı kilidi.
Ay ürək, sən Allah, əlimdən əl çək,
Əllərim cibimdə məhbus kimidi.

Neyniyim, arzunun yaxası ahdı,
Əl atsam, əlimdə boşa çıxır hey.
Ömrümün-günümün bu sınıq vaxtı,
Nəyi dəyişər ki, kövrək bir giley.

Uzaq bir ünvanda doğma səsiydim,
Dalımca gələmmir o yol-iz mənim.
Səni əl üstündə gəzdirəsiydim,
Yaman günə qoydu yavan söz məni.

Gözümün içində yorğun bir nida,
Belədən-beləyə yelləyir papaq.
Elə ki əllərim qalır daş altda,
Adını tuturam Allahdan qabaq.

 

Yazıya 830 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.