Azərbaycanı bürümüş şiddət, vurmaq, döymək, hirslənib öldürmək, bir sözlə, jurnalistlər demişkən, məişət zorakılığına bu yazımla bir azca kömək etmək istərdim. Odur ki, sizə bir bayram hədiyyəsi təklifim var.
Gün boyu cürbəcür işlər görürük. Bu işləri gördüyümüz vaxt beynimizdə bir andan da qısa sürən şimşəklər şaqqıldayır; bugünkü həyatımıza aid olmayan keçmişdən, ən çox da uşaqlıqdan epizodlar parlayıb sönür: kədərli, sevincli, neytral.
Biz cürbəcür xoşagəlməz vəziyyətlərin qəhrəmanı da, qurbanı da olmuşuq. Realist insanlar yaddaşın və şüuraltının bu oyunlarına heç bir səlahiyyət vermirlər. Lap istəyir o şimşəklər gündə on dəfə çaxsın. Hamı bunu bacarmır.
Ən çətini isə odur ki, başqaları üçün şimşəklərin yaranma anına öz gözünlə şahid olursan.
Yəni məsələn, pəncərədən baxırsan, bir kişinin uşağını vurduğunu, uşağın yerə yıxıldığını, kişinin onu yerdə qoyub hirslə yolun sonunacan tək getdiyini, təzədən qayıdıb uşağı qucağına götürdüyünü, öpdüyünü görürsən.
O uşaq böyüyüb hardasa işləyəcək, iş yerində iclas vaxtı birdən bu hadisə onun şimşəyi olacaq. Sənsə o uşağın gələcək şimşəyini indidən görürsən.
Uşaqlarla, gənclərlə münasibət bu nöqtədən baxanda çətindir. Sənin, yaxud öz ata-anasının, dost-tanışının hansısa hərəkəti, sözü, şilləsi, təpiyi onun şimşəyinə çevrilər, həyatının hər tərəfinə səpələnə bilər. Ehtiyatlı olmaq lazımdır. Bizimlə ehtiyatlı olmayıblar.
Bir adamın evinə girmək üçün qapının zəngini basıram, o qapını açana qədər yaranan bir neçə anlıq fasilədə 20-25 il əvvəl yanımda bir-birilə canavarlar kimi boğuşmuş bakılı kişilər beynimdə parlayıb sönür.
Evdə bir-birinə dolaşmış iki kabeli ayırdığım vaxt 25 il əvvəl müəllimin xəritə göstərən çubuqla məktəb oğlanlarını döyməsi səhnəsi mənim şimşəyim olur.
Uşağı döyməmək haqqında yüz cür qanun maddəsi var bizim ölkəmizdə də, dünyada da. İndi məktəbdə uşaq döymək demək olar ki, qalmayıb. Evlərdə isə olduğu kimi qalır.
Uşağını şillələyib şəxsiyyətini sındıran kim, uşağının başını divara vurub sındıran kim, onu döymək üçün xüsusi sifariş verib nar çubuğu gətizdirən kim. Qanun uşağın “şimşəklər”-ini öz ata-anasından daha çox fikirləşir. Uşağa qapaz vursanız, əlbəttə, o əlindəki on beşinci şokoladı yeməyib sizə qaytaracaq. Amma o qapazı ömrü boyu özündə saxlayacaq.
Biz uşağı vuranda onun dünyası bunu necə qavrayır? Təsəvvür edin ki, sizdən üç dəfə böyük, güclü adam üstünüzə gəlib sizi vurur, möhkəm qışqırır. İndi isə təsəvvür edin ki, siz o adamdan bir qab yemək üçün, isti ev üçün, təmiz pal-paltar üçün asılısınız. Siz bu dünya haqda hər şeyi o adamdan öyrənmisiniz.
Deməli, ondan hirslənən vaxt vurmaqdan başqa bir yol tapmamağı da öyrənəcəksiniz!
Hirslənəndə adamın əli robot kim, mexaniki qurğu kimi havaya qalxır, dili pis sözlər deməyə başlayır. Bəzi psixologiya mənbələri hirsin genderindən yazır, guya kişilər fiziki, qadınlarsa verbal aqressiyaya meylli tərbiyə olunurlar.
Ümumiyyətlə, tibb alimləri yazırlar: hirslənən vaxt hormonlar və neyrotransmitterlər bədənimizin içində şəlalə kimi axır.
Onlar qollarımızın əzələlərini gərir, nəbzi sürətlə vurdurur. Həmin vaxt sakit qalmaq çətinləşir, çünki bütün bunların yaratdığı təzyiq mexaniki qurğu kimi səndən çıxmağa bir yol axtarır.
Ancaq sən demə, o məşhur fikir səhv imiş ki, hirsimizi çıxarmalıyıq, vurmaq, sındırmaq düzəldir, yoxsa ürəyimiz partlayar, sakitləşə bilmərik. Həyatını bu məsələni araşdırmağa həsr edən ağıllı adamlar bunun tam əksinə olduğunu yazırlar.
Hirsimizi “ifadə” etmək, məşhur fikrin əksinə, bizi sakitləşdirmir. Hirsimizi ifadə etmək bizi daha da hirsli edir!
Üstəlik, o adamı incidir, qorxudur, hirsləndirir, münasibəti pozur, bizim istəmədiyimiz nəticələr verir, çünki hirsi “ifadə etmək” konstruktiv deyil. Hirslənmək normaldır, hamımızda gedən proses təxminən eynidir, həmin vaxt özünü necə aparmaq bizi fərqləndirir.
Hirslənmək öz-özünü çoxaldır. Məsləhət verirlər ki, hirslənməyə başlayan kimi bunu hiss edib daxili limit qoymaq lazımdır: “Bu hirsimə baş qoşub nə qədər uzağa gedə bilərəm”.
Gecikəndə idarə eləmək də çətinləşir. Hirsin üzrə hərəkət etməkdənsə, hirsinə qarnının quruldamasına qulaq asdığın kimi qulaq asmalısan.
Yollar çoxdur, məsləhətlər çoxdur, hərə hirsi idarə etməyin özü üçün işləyən yolunu tapmalıdır, döyməyə, vurmağa, qışqırmağa alternativ axtarıb tapmalıdır.
Bayrama hədiyyə tapmaq üçün xüsusi olaraq çıxıb axtardığınız kimi axtarmalıdır. Budur, daha bir şimşək: ağır büllur külqabı havada uçur.
Yazıya 741 dəfə baxılıb